Böyrək alverinə görə 5 il 6 ay həbs

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş.

Source: Foto: arxiv


Daxili orqanını satanlar ehtiyac üzündən bu addımı atdıqlarını deyir

Azərbaycanda böyrək alverində günahlandırılan taksi sürücüsü 62 yaşlı Vahib Xudadatova hökm oxunub. O, Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək, 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb.

Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin işlədiyi klinikaya aparılıb, orada ətraflı müayinədən keçirilib. Transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanset”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.

İranlı həkim Mohsen Tahiri ara-sıra Bakıya gələrək, buradakı özəl klinikaların birində müayinə və müalicələr edirmiş.

Həm böyrəyini satanlar, həm də alanlar məhkəmədə dindirilərkən V.Xudadatovdan şikayətçi olmadıqlarını, əksinə, bu şəxsin onlara kömək etdiyini bildiriblər. Zərəçəkmiş qismində tanınan böyrəyini satanlar deyiblər ki, maddi ehtiyac üzündən bu addımı atıblar. Onlardan bəziləri kirayə puluna, bəziləri övladının dərmanına görə orqanını satışa çıxardığını söyləyib.

Böyrək alverilə əlaqədar V.Xudadatovla yanaşı, M.Tahiri və “Lancet” klinikasının rəhbəri Fərman Ceyranlı haqqında da cinayət işi başlanıb.

F.Ceyranlı iki il yarımdır ki, Gürcüstanda həbsdədir. O, Gürcüstanda dələduzluq və insanların həyat və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunaraq, həbs edilib. Ona 6 il həbs cəzası verilib.

F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Azərbaycan hüquq-mühafizə orqanları həm M.Tahirini, həm də F.Ceyranlını axtarışa verib.

Ana səhifəSiyasətBöyrək alverinə görə 5 il 6 ay həbs