Bosniya jurnalistləri daha yaxşı qoruma tələb edir

Vele həmçinin deyib ki, ölkə qurumları jurnalistləri hücumlardan zəif qoruyur

Source: google.az


Media nümayəndələri zorakılığa qarşı etiraz yürüşü keçiriblər

Jurnalistlər Bosniya-Herseqovina paytaxtında media işçilərinə qarşı zorakılığa etiraz etmək üçün yürüş ediblər. Hadisə futbol azarkeşlərinin Sarayevoda bir radio stansiyasına girərək media orqanından bir xəbəri veb saytdan çıxarmağa məcbur etməsindən sonra baş verib, – RFE/RL xəbər verir.

Sentyabrın 30-da 100-ə yaxın nümayişçi “FK Sarayevo” futbol klubunun qarşısında toplanaraq daha yaxşı qorunma və mətbuata edilən hücumlara görə daha sərt cəza tələb edərək, şəhər mərkəzinə doğru yürüş ediblər.

“Bosniyada jurnalist olmaq çox çətindir və hər il daha da çətinləşir”, – “Radiosarajevo.ba” xəbər portalının redaksiya heyətinin üzvü Faruk Vele deyib.

Vele həmçinin deyib ki, ölkə qurumları jurnalistləri hücumlardan zəif qoruyur.

Sentyabrın 27-də baş vermiş hadisə ilə əlaqədar polis iki nəfəri nəzarətə götürüb.

Hadisəni “əsl girov vəziyyəti” olaraq xarakterizə edən “Radio Sarayevo” deyib ki, ölüm təhdidləri ilə qarşı-qarşıya qalan redaktor xəbəri saytdan çıxarmaq məcburiyyətində qalıb.

“FK Sarayevo” hadisəni qınayıb.

Sentyabrın 30-da birgə bəyanatda ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir və ATƏT-in Bosniyadakı missiyasının rəhbəri Kathleen Kavalec hakimiyyəti jurnalistləri daha yaxşı qorumağa çağırıb.

“Jurnalistlərin təhlükəsizliyi, demokratik sistemlərimizin əsas sütunu olan media azadlığının ən vacib şərtlərindən biridir,”- Desir qeyd edib.

Kavalec həmçinin əlavə edib ki, bu günə qədər jurnalistlərə edilən hücumların sayı bu il həyəcanverici səviyyəyə çatıb.

ABŞ-ın Sarayevodakı səfirliyi Radio Sarayevoya edilən “çirkin hücumun” qəbuledilməz olduğunu deyib.

“Biz jurnalistlərin repressiya qorxusu olmadan xəbər yayma hüququnu müdafiə edirik. Jurnalistlər susdurulduqda cəmiyyət əziyyət çəkir,” – səfirlik “Twitter” hesabında qeyd edib.

Bosniya Sərhədsiz Reportyorların “2019 Dünya Mətbuat Azadlığı İndeksində” 180 ölkə arasında 63-cü sırada yer alır.

Ana səhifəDünyaBosniya jurnalistləri daha yaxşı qoruma tələb edir