Belarus lideri AB ilə viza rejimini sadələşdirən saziş imzalamağa hazırlaşır

Nazir: “Biz həmişə insani və işgüzar əlaqələrin qurulmasına dəstək vermişik”

Source: Meydan TV

Belarusiya prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinə üzv olan ölkələrə gedən Belarus vətəndaşları üçün viza rejimini sadələşdirən saziş imzalamaq qərarına gəlib, – RFE/RL xəbər verir.

Xarici İşlər Nazirliyinin sözcüsü Anatol Hlaz sentyabrın 20-də Minskdə jurnalistlərə deyib: “Lukaşenko mümkün olan hər bir risk və nəticəni ətraflı təhlil etdikdən sonra bu addımın insanlarımızın sərbəst hərəkəti üçün əhəmiyyətini başa düşür”.

“Biz həmişə insani və işgüzar əlaqələrin qurulmasına dəstək vermişik,” – Hlaz deyib.

Hlazın sözlərinə görə, saziş Belarus parlamenti və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Hlazın açıqlamasında üç gün öncə ABŞ-ın siyasi məsələlər üzrə dövlət katibi Deyvid Heyl (David Hale) Minskdə çıxış edərək söyləmişdi ki, Rusiyanın xarici siyasət sərgüzəştləri ilə əlaqədar qarşılıqlı artan narahatlıqlar mühitində, 11 illik fasilədən sonra hər iki ölkə səfirlərin qəbulunu bərpa edəcək.

Heyl bu bəyanatı Lukaşenko ilə danışıqlardan sonra verib. Son bir neçə ildə Vaşinqton və Minsk arasında rəsmilərin görüşləri artıb. Keçən ay ABŞ milli təhlükəsizlik müşaviri olmuş Con Bolton (John Bolton) Minkə səyahət edib. Bu səfər Ağ Ev rəsmisinin son 20 ildə ilk səfəri idi.

ABŞ və Avropa Birliyi 2006-cı il prezident seçkilərindən sonra davam edən basqılara görə Belarusa qarşı sanksiyalar tətbiq etmişdi.

Sanksiyalardan sonra Belarus 2008-ci ildə ABŞ-dakı səfirini geri çağırmağa vadar olmuşdu və ABŞ-ın Minskdəki səfiri də qısa müddət sonra ölkəni tərk etmişdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən və Belarusun ərazi bütövlüyünə dair narahatlıq doğuran Ukraynanın şərqindəki separatçılara dəstək verdikdən sonra iki ölkə donmuş münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıb.

Moskva uzun müddətdir Rusiya və Belarus arasında bir birlik dövləti qurmağa can atır. Analitiklər bildirir ki, Moskvanın bu cəhdi Minskin siyasi müstəqilliyinin böyük hissəsini itirməsi ilə nəticələnə bilər.

NATO Şərqi Avropadakı mövcudluğunu genişləndirdikdən sonra Kreml Belarusda hava bazası yerləşdirməyə çalışıb. Minsk Rusiyanın bu hərəkətini dəstəkləməkdən çəkinib.

Ana səhifəDünyaBelarus lideri AB ilə viza rejimini sadələşdirən saziş imzalamağa hazırlaşır