Baş Prokurorluq: Əli Kərimli başını avtobusa qəsdən çırparaq zədələyib

Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Source: Youtube


“Ona mane olmaq istəyən 2 polis əməkdaşına xəsarət yetirib”

Baş Prokurorluq Milli Şuranın oktyabrın 19-da keçirdiyi mitinqi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mitinqdə döyülməsi ilə bağlı verdiyi açıqlama yalandır. Ona kimsə əl qaldırmayıb, Əli Kərimli özü başını avtobusa çırparaq yaralayıb.

“Bu barədə yayılan məlumatlar əsassızdır. Prokurorluq araşdırıb. Məlum olub ki, qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə gedib. Bu zaman açıq çağırışlar etdiyindən ərazidə xidmət edən polislər onu xidməti avtobusa mindirib. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Onların ünvanına nalayiq söyüşlər işlədib. İki polis əməkdaşına müqavimət göstərib. Onlara xəsarət yetirib. Polis əməkdaşlarını itələyərək avtobusdan enməyə çalışıb. Sonra başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub. Nəticədə, alın nahiyəsindən xəsarət alıb”.

Məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum üzvləri oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət BŞİH müraciətə baxıb və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş, cinayətlərin baş verməməsi üçün “yox”, – cavabı verib. Mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında keçirilməsi təklif edilib:

“Ancaq Milli Şura bununla razılaşmayıb və oktyabrın 19-da qanunsuz mitinq keçirmək istəyib. Onlara bir gün öncə qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq xəbərdarlıq etmişdi. Ancaq onlar buna məhəl qoymadan, ictimai asayişi pozmağa cəhd göstərdilər”.

Baş Prokurorluq bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınıb. Toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb:

“Əli Kərimliyə gəlincə, onun başındakı xəsarətin avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilib. Onda heç bir patoloji hal aşkar edilmədiyindən, xəbərdarlıq elan edilərək evinə buraxılıb”.

Məlumatda deyilir ki, Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib. Onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib:

“Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassızdır. Baş Prokurorluq olaraq, bunu təkzib edirik”.

Sonda prokurorluq bildirir ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə müdaxilə edilib:

“Qanunvericilikdə fiziki qüvvə tətbiqi, polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə, hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib”.


Demokratik Qüvvələrin Milli Şurası

oktyabrın 19-da “28 May” metrostansiyası qarşısında mitinq keçirib. Müstəqil medianın yaydığı görüntülərdə onlarla insanın polis şiddətinə məruz qaldığı açıq görünür. Eyni zamanda, AXCP sədri Əli Kərimli də həmin gün həbs edildikdən sonra polisin avtobusda ona şiddət göstərdiyi açıqlamasını vermişdi. Əli Kərimli onu avtobusun içində yerə yıxıb təpiklədiklərini, bədəninin hər nahiyəsinə xəsarət yetirdiklərini, başına aldığı zərbə nəticəsində, alnına 6 tikiş vurulduğunu söyləmişdi. Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da mitinq zamanı həbs edilənlərdəndir. Qızı Nigar Həzi Meydan TV-yə atasının həbs edildikdən sonra işgəncəyə məruz qaldığını, qabırğasından xəsarət aldığını söyləyib. Aksiya zamanı xəsarət alan jurnalistlər də var. Onlar peşə fəaliyyətlərini yerinə yetirərkən polisin müdaxiləsi ilə üzləşiblər.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyası haqda yaydığı açıqlamada 60 nəfərin saxlanıldığı barədə məlumat yayıb:

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.

Ancaq DQMŞ-nin funksionerləri həbs olunanların sayının çox olduğunu bildirib.

Ana səhifəSiyasətBaş Prokurorluq: Əli Kərimli başını avtobusa qəsdən çırparaq zədələyib