Baş həkim sənəd saxtalaşdırmaqda təqsirləndirilir

Prokurorluğun açıqlamasına görə, bütün bunlara baxmayaraq, sistemə bilə-bilə yalan məlumatlar daxil edili

Foto: Azərtac


"Qohumuna saxta sənəd verib"

Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm Əliyev sənəd saxtalaşdırmaqda təqsirləndirilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, Adəm Əliyev xəstəxananın digər vəzifəli şəxsləri ilə əlbir olub, baş-beyin qan dövranının pozulması xəstəliyinə görə müraciət etmiş qohumuna saxta sənəd verib: “Sənəd həmin şəxsə əlillik müavinəti almaq üçün verilib. Həmin əlillik dərəcəsinin saxta olması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Müəyyən edilib ki, əlillik dərəcəsi üçün müraciət etmiş şəxsin adına tibbi sənədlər saxtalaşdırılıb. Sənəddə həmin şəxsin əmək qabiliyyətinin olmadığı göstərilib. Halbuki həmin şəxs tibbi arayış vərəqlərində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmayıb”.

Prokurorluğun açıqlamasına görə, bütün bunlara baxmayaraq, sistemə bilə-bilə yalan məlumatlar daxil edilib və həmin şəxsə 2019-cu il iyunun 1-dən 2019-cu il dekabrın 31-dək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinəti ödənib”.

Məlumatda bildirilir ki, faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb: “Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır”.

Açıqlanan məlumatla bağlı baş həkim Adəm Əliyev və yaxud onun vəkilindən münasibət öyrənmək mümkün olmayıb.

Son dönəmlər ölkədə sosial müdafiə baxımından ən çox dartışılan məsələlərdən biri əlillikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir müddət öndə açıqladığı məlumatda bildirirdi ki, ötən ilin sonlarından bəri 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.

Nazirliyin məlumatında qeyd edilir ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin "saxta əlillik" arayışı düzəltdiyi üzə çıxıb.

Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxminən 16 min şəxsinsə ya reabilitasiya olduğu, ya da xəstəlik durumlarının əlillik qrupu təyinatına əsas sayılmadığı qənaətinə gəlinib. Bu o deməkdir ki, ötən il hər 100 əlildən təxminən üçünün əlillik dərəcəsi ləğv edilib.

Nazirliyin açıqlamasında bu da qeyd olunub ki, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Ana səhifəSosialBaş həkim sənəd saxtalaşdırmaqda təqsirləndirilir