“Bank işçiləri deyir, müflis olmaq üzrəyik, əmanətləri qaytara bilmirik”

Nadir Əliyev deyir, vəziyyəti belə görəndə bankın məlumat mərkəziylə əlaqə saxlayıb:

Source: Foto: arxiv


Mingəçevir sakini AtaBankın həmin şəhərdəki filialına yerləşdirdiyi əmanətini geri ala bilmədiyini iddia edir

“Elşən müəllimlə görüşdüm, dedi, bankımız müflisləşir, əmanətinizi qaytara bilmirik, iki həftə gözləyin. Görək başımıza nə gələcək. Dedim, sonuncu dəfə sizin banka yanvarın 10-da əmanət qoymuşam, müflisləşdiyinizi bilə-bilə əmanəti niyə qəbul edirdiz ki? Dedi, biz də məlumatı təzəcə almışıq. Narahatçılığa əsas yoxdur, müqavilədə də göstərildiyi ki, məbləğindən asılı olmayaraq bütün əmanətlər sığortalanıb”.

Mingəçevir sakini Nadir Əliyev Meydan TV-yə danışır ki, “AtaBank”ın Mingəçevir filialına 15 oktyabr 2019-cu ildə 62.700 manat (1 illik), həmin ayın 23-də 4.300 manat (1 illik), 8 yanvar 2020-ci ildə 11.650 manat (1 illik), bundan 2 gün sonra – yanvarın 10-da 15750 manat (1 illik) əmanət qoyub. Ancaq bir neçə gün əvvəl banka sonuncu yerləşdirdiyi əmanəti – 15.750 manatı geri çəkmək qərarına gəlib. Bunun üçün filiala müraciət etdikdə, deməsinə görə, filial işçiləri ona əmanəti geri çəkə bilməyəcəyini söyləyiblər.


“Filialdan dedilər ki, bank müflisləşib”

“Dedilər, filialın müdiri Elşən müəllimə müraciət et, mən də həmin şəxsə müraciət etdim. O bildirdi ki, 2 həftə ərzində hər şey məlum olacaq. Ona görə də 2 həftə gözlə. Dedim, axı mənim işim-gücüm var, mənə pul lazımdır, xahiş edirəm sonuncu yerləşdirdiyim əmanətimi özümə qaytarın, dedi, heç cür mümkün deyil”.

Nadir Əliyev deyir, vəziyyəti belə görəndə bankın məlumat mərkəziylə əlaqə saxlayıb:

“Hər dəfə zənglərimə ayrı-ayrı xanımlar cavab verir, hər dəfə də başdan izah etməyə başlayıram ki, “getdim filiala, sonuncu yerləşdirdiyim əmanətimi geri çəkmək istədim, filialdan dedilər mümkün deyil, 2 həftə gözləməlisən, bank müflis olub”. Məlumat mərkəzində zəngimə cavab verən xanımlardan aldığım cavabsa yalnız bu olur: “Yalan söhbətdir, elə şey yoxdur, siz yenə filiala müraciət edin”, vəssalam. Ya da zənglərimi başqa nömrələrə yönləndirirlər, ancaq yönləndirdikləri xətlər ya məşğul göstərir, ya da yerli-dibli cavab vermir”.


Filial müdiri: “Əmanətlər sığortalanıb”

“AtaBank”ın Mingəçevir filialına yeni müdir təyin olunub. Filial müdiri Namiq müəllim (müxbirlə söhbətində soyadını bildirməyib) Meydan TV-yə deyib ki, vətəndaşın müflisləşmə ilə bağlı dedikləri həqiqətəuyğun deyil:

“Bankın müflisləşməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Üstəlik də bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır”.

Müştəriyə filialdan 2 həftə gözləməklə bağlı deyilənlərə gəlincə, filial rəhbəri bildirib ki, müştəriyə belə bir söz deyilə bilməz. Müştəri filiala yaxınlaşıb filial müdiri ilə görüşə, anlaşılmazlığa aydınlıq gətirilə bilər. Filial rəhbəri daha sonra danışmaq səlahiyyətində olmadığını və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü. Meydan TV müxbirinin “AtaBank”ın rəsmi email ünvanına göndərdiyi sorğuya isə hələlik cavab verilməyib.


İqtisadçı ekspert: “AtaBank” problemi qısa müddətdə həll olunmasa…”

“AtaBank” problemi qısa müddətdə həll olunmalıdır. Prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”. Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu öz “facebook” səhifəsində yazıb. O qeyd edib ki, “AtaBank”la bağlı məsələ qısa müddətdə həllini tapmazsa, digər banklarda da problem yarana bilər:

“Ötən ilin sentyabr ayından “AtaBank” əmanətçilərin depozitlərini qaytara bilmir. Bank problemi həll etmək əvəzinə vaxtı çatan depozitlərə faiz hesablanmasını dayandırmaq üçün onları əmanətçilərin adına cari hesab açaraq həmin hesablarda yerləşdirib. Bir növ “AtaBank” öz aləmində problemi "dondurub". Əlacsız qalaraq bununla razılaşan əmanətçilərin artıq məsələnin bu cür həllinə də ümidi qalmayıb.

20200214_113309.jpg
Nadir Əliyev

Bu barədə dəfələrlə yazılmağına baxmayaraq, Mərkəzi Bank hələ də müşahidə mövqeyindədir. Hesab edirəm ki, bu bankda baş verənlərin bütövlükdə maliyyə sisteminə mənfi təsirlərini azaltmaq, sosial etirazlara əsas yaratmamaq üçün Mərkəzi Bank hərəkətə başlamalı və əmanətçilərin depozitləri tezliklə geri qaytarılmalıdır. Əks təqdirdə bir tərəfdən əmanətləri geri verməyən “AtaBank”, digər tərəfdən də onları virtual olaraq cari hesablarda yerləşdirməklə qanunları kobud şəkildə pozur.

Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı danışıb: “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq.

Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

Hesab edirəm ki, Mərkəzi Bank dövlət başçısının çıxışından nəticə çıxarmalı, tez bir zamanda sağlamlaşma prosesinə start verməli, “AtaBank” probleminin qısa müddətdə həllinə nail olmalıdır. Əks təqdirdə prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”.

Ana səhifəİqtisadiyyat“Bank işçiləri deyir, müflis olmaq üzrəyik, əmanətləri qaytara bilmirik”