Balakən sakini prokuroru məhkəməyə verdi

“Borc həddindən artıq çox idi, onları hələ də tam qaytara bilməmişik”

Source: Specify Source


“Ortada azı 400 min manatlıq ziyan var”

Balakən sakinləri Həcər və Musa Dibirovlar səkkizinci aydır ki, onları böyük məbləğdə zərərə salmış hadisənin başvermə səbəbinin araşdırılmaması, günahkarların müəyyənləşdirilib cəzalandırılmamasından narazıdır. Söhbət rayonun Meşəşambul kəndində ötən il iyulun 13-də Dibirovlara məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsindən gedir. Yanğın nəticəsində 14 hissədən ibarət obyekt içindəki əmlaklarla birlikdə tamamilə sıradan çıxıb. Həmin obyektdə avtoyuma məntəqəsi, avtotəmir və çörəkbişirmə sexləri, ət satışı, məişət avadanlıqları və ərzaq mağazaları, taxıl məmulatları anbarları, bərbərxana, kafe və başqa satış-xidmət sahələri yerləşirdi.

Bacı-qardaş olan Dibirovlar hesab edirlər ki, Balakən Rayon Prokurorluğu yetərincə araşdırma aparmır, həqiqətin üzə çıxmasında maraqlı deyil. Ona görə də obyektin mülkiyyətçisi olan Həcər Dibirova prokurorun hərəkətlərindən məhkəməyə şikayət edib. Şikayətə martın 1-də Balakən Rayon Məhkəməsində baxılacaq.


“Məni zərərçəkmiş kimi tanımaqdan imtina edir”

Həcər Dibirova deyir ki, əmlakı qısaqapanmadan yanıb kül olub. Nəticədə onlara tikinti üzrə 106 min 380 manat, əmtəə üzrə isə 300 min manat zərər dəydiyi müəyyənləşib. Bu barədə ekspertizanın rəyi də var:

“Yanğının səbəblərilə bağlı ilkin araşdırmanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları apardı. Onların hazırladığı aktda da göstərilib ki, yanğının səbəbi elektrik xətlərində yaranmış qısaqapanma olub. Həm də belə nəticəyə gəliblər ki, baş verənlərdə səhlənkarlıq cinayətinin əlamətləri var, araşdırılmalıdır. Səhlənkarlığa görə Cinayət Məcəlləsinin 314-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Bu maddə ilə cinayət işlərini prokurorluq araşdırır. Ona görə də bizim işimiz prokurorluğa göndərilib”.

Həcər Dibirovanın sözlərinə görə, Balakən Rayon Prokurorluğu hadisənin səbəbini müəyyənləşdirib, günahkarları məsuliyyətə cəlb etməkdən, onu isə zərərçəkmiş qismində tanımaqdan imtina edir:

“Ortada azı 400 min manatlıq ziyan var. Prokuror bu günə qədər dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atmayıb. Məni zərərçəkmiş kimi tanımaqdan imtina edir. Ona görə də məcbur olub prokurorun hərəkətlərinin qanunsuz sayılması üçün məhkəməyə müraciət etmişik”.

photo-2021-02-27-18-42-02.jpg
Musa Dibirov


“Kredit götürüb, yanan mallara görə borc qaytarırıq”

Ticarət obyekti Həcər Dibirovanın mülkiyyətində olsa da, onu ailə üzvlərilə birlikdə idarə edir. Qardaşı Musa Dibirov deyir ki, təxminən bir ay əvvəl bacısı ilə birlikdə onları dindirmək üçün Balakən Rayon Prokurorluğuna çağırıblar:

“Bu qədər böyük məbləğdə maddi ziyana düşən biz, mənəvi sarsıntı keçirən biz, amma bizim özümüzü ittiham edirdilər. Sanki müqəssir kimi dindirirdilər. Deyir ki, bəlkə təndirdən od düşüb, bəlkə naqilləri düzgün quraşdırmamısız, bəlkə sizin səhlənkarlığınızdan olub… O dindirmədən sonra bacım 4-5 gün özünə gələ bilmədi, əsəb həkiminə müraciət etmək məcburiyyətində qaldı”.

Musa Dibirovun sözlərinə görə, yanğın zamanı mağazalarda kül olmuş malların böyük hissəsini şirkətlərdən nisyə götürmüşdülər. Hadisədən ötən səkkiz ayda həmin borcları qaytarmağa çalışıblar: “Borc həddindən artıq çox idi, onları hələ də tam qaytara bilməmişik. Ona görə heç obyektin bərpası haqda düşünə bilmirik. Bankdan kredit götürüb, yanan mallara görə borc ödəyirik. İlkin hesablamalara görə, ziyan 400 minə yaxındır. Bu müddətdə əldən çıxmış faydanı və başqa xərcləri də nəzərə alsaq, ziyan yarım milyonu keçər. Biz də ondan narazıyıq ki, prokurorluq bu işin araşdırılması, ziyanın ödənilməsi üçün lazım olan addımları atmır”.


Prokuror nə deyir?

Balakən Rayon Prokurorluğundan isə bildirilib ki, Dibirovların yanğınla bağlı müraciəti qəbul edilib. Sözügedən hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin prokurorluğa göndərdiyi yoxlama materiallarına əlavə edilib.

“Yoxlamanın nəticəsi barədə maraqlı tərəflərə məlumat veriləcək”, – Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Orucovun cavabı belə olub.

photo-2021-02-27-18-42-15.jpg
Rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Orucovun cavab məktubu
Ana səhifəBölgəBalakən sakini prokuroru məhkəməyə verdi