Bacısı Sevinc Osmanqızından imtina etdi

Sevinc Osmanqızı: “Ar olsun, bu manipulyasiyanı qəti pisləyirəm”

Source:
Lalə Osman qızı Hacıyeva və Sevinc Osman qızı Mirzəyeva
Lalə Osman qızı Hacıyeva və Sevinc Osman qızı Mirzəyeva

Meydan TV-nin əməkdaşı Sevinc Osmanqızının bacısı Lalə Hacıyeva mətbuat vasitəsilə müraciət ünvanlayıb. O, bacısından imtina etdiyini deyib.

APA-nın yaydığı müraciətdə S.Hacıyeva deyir:

“Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb”.

L.Hacıyeva bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: “Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm”.

L.Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: “Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir”.

L.Hacıyeva müraciətinin sonunda qeyd edib: “Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”.

Meydan TV məsələyə Sevinc Osmanqızının münasibətini öyrənib. “Görün necə bir zəmanədə yaşayırıq ki, bacı öz bacısından imtina edir” – deyən jurnalist baş verən hadisələri ötən əsrin 37-ci illəri ilə müqayisə edir:

“Bundan sonra hansı azadlıqdan danışmaq olar?! İnsanlara 1937-ci il repressiyasında olduğu kimi öz qohumundan imtina məktubu yazmağa məcbur edirlər.  Görün hətta ölkəni tərk edən, xaricdə olan vətəndaşlarımızdan əl çəkmirlər. Onlara əl çatmayanda, ailə üzvlərini incidirlər. Görün jurnalisti susdurmaq üçün necə alçaq əməllərə əl atırlar. Ar olsun, bu manipulyasiyanı qəti pisləyirəm”.

Ana səhifəXəbərlərBacısı Sevinc Osmanqızından imtina etdi