Bacısı: Cahangir Hacıyevlə düşmən kimi davranırlar

Vəkilin sözlərinə görə, evdən dərmanlar göndərilsə də, bu, kifayət etmir.

Foto: Meydan TV


“Bu göstərişlər Fikrət Məmmədovdan gəlir”

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının həyatının təhlükə altında olduğunu deyir. Ə.Hacıyevanın sözlərinə görə, qardaşının səhhətində ciddi problemlər olsa da, Ədliyyə naziri Fikrət Məmmədovun göstərişilə onun müalicəsinə imkan verilmir: “Cahangir Hacıyevlə düşmən kimi davranırlar. Bu göstərişlər də Fikrət Məmmədovdan gəlir”.

Ə.Hacıyeva bununla əlaqədar növbəti dəfə Prezident İlham Əliyevə müraciət edərək, qardaşının durumuyla əlaqədar kömək istəyib. C.Hacıyevin xroniki xəstə olduğunu, həm ürək çatışmazlığı, həm də qalxanvari vəz probleminə görə nəfəs çatışmazlığından əziyyət çəkdiyini vurğulayan Ə.Hacıyevanın sözlərinə görə, iyulun 2-dən 3-nə keçən gecə onun durumu pisləşib:

“Onda infarkt öncəsi vəziyyət yaranıb. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimləri onun stasionar qaydada ciddi müalicəyə ehtiyacı olduğunu bildiriblər. Lakin müalicə olunması üçün nə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, nə də saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinin tibb hissəsinə köçürülür. Dəfələrlə Ədliyyə Nazirliyinə, bu nazirliyin tabeliyində olan Baş Tibb İdarəsinə müraciət etsəm də, nəticəsi yoxdur. Məhkum edilən şəxsin sadəcə, azadlığı əlindən alınır, onun müalicə olunmaq və başqa hüquqları əlindən alına bilməz.

Mən özüm də ixtisasca həkiməm. Xəstə insana kömək edə bilməməyim mənə böyük əzab verir. O xəstə insan da qardaşımdır…”

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev də Meydan TV-yə açıqlamasında müvəkkilinin səhhətində illərdir ciddi problemlər olduğunu təsdiqləyib. Müdafiəçinin sözlərinə görə, C.Hacıyev Haşimoto sindromundan əziyyət çəkir: “Cahangir Hacıyev hələ həbs olunmazdan əvvəl də bu xəstəliyə görə mütəmadi müalicə alıb. Bu xəstəlik də onda ürək çatışmazlığı, təngənəfəslik yaradır. İyulun 2-dən 3-nə keçən gecə durumu pisləşib, infarktöncəsi vəziyyət yaranıb. Ona təcili müalicə lazımdır”.

Vəkilin sözlərinə görə, evdən dərmanlar göndərilsə də, bu, kifayət etmir. Onun müalicə alması üçün mütləq cəzaçəkmə müəssisəsinin tibb hissəsinə, ya da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməlidirlər: “Amma bunu etmirlər. Hazırda vəziyyəti yaxşı deyil”.

Ədliyyə Nazirliyi isə C.Hacıyevin vəziyyətinin pisləşməsi, onun müalicəyə ehtiyacı olduğu halda, cəzaçəkmə müəssisəsində tibbi hissəyə, yaxud Müalicə Müəssisəsinə köçürülməməsi haqda deyilənləri təkzib edib. C.Hacıyevin səhhətinin normal olduğu vurğulanıb.

C.Hacıyev 2015-ci ilin dekabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası verilib. 2018-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb. İkinci cinayət işi üzrə ötən ilin sentyabrında çıxarılan hökmdə əvvəlki cəzası da birləşdirilməklə, ona 16 il 6 ay həbs təyin edilib. Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsi cəzanı 16 il 3 aya endirib. O, həmin qərardan da Ali Məhkəməyə kassasiya şikayəti verib.

C.Hacıyev Beynəlxalq Bankın təxminən 4 milyard vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Bankın vəsaitlərinin ölkə daxilində və xaricdə müxtəlif layihələrə sərf olunduğunu bildirir. Onun sözlərinə görə, o vəsaitlər hesabına yaradılan müəssisələr də hazırda Beynəlxalq Bankın və bu qurumun problemli kreditlərinin həllilə məşğul olan “Aqrarkredit”in və digər şəxslərin nəzarətindədir.

Ana səhifəSiyasətBacısı: Cahangir Hacıyevlə düşmən kimi davranırlar