Azərbaycanla Ermənistanın münasibətləri necə olacaq?

“Artıq 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmalarının həyata keçməsi üçün sülh müqaviləsinin imzalanması məcburi deyil”

Source: Foto: google.az


Əli Abbasov: “Azərbaycan tərəfi Paşinyana təbrik məktubu ünvanlasa, gələcək münasibətlər üçün müsbət mesaj olardı”

Ermənistanda növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının rəqiblərini böyük səsçoxluğu ilə üstələməsi onun hökuməti təkbaşına formalaşdıracağına səbəb olub. Bu hadisə Ermənistanın Azərbaycanla gələcəkdə sülh sazişi imzalaması və ümumiyyətlə iki ölkə münasibətlərinin necə olacağı barədə sualları gündəmə gətirib.

Prosesi Meydan TV-yə şərh edən professor Əli Abbasov ilk öncə diqqəti Rusiyanın seçkinin nəticələrini qəbul etməsinə çəkib. Onun fikrincə, Moskva Paşinyandan əvvəlcə Zəngəzur dəhlizinin açılmasını tələb edəcək. Bununla belə, Əli Abbasov hesab edir ki, Azərbaycan tərəfi Nikol Paşinyana təbrik məktubu ünvanlasa, gələcək münasibətlər üçün müsbət mesaj olardı:

“Təbriklə bir yerdə ötən ilin noyabrında və bu ilin yanvarında imzalanan sazişlərin işlənməsinin vacibliyi vurğulanardı. Məncə, indi yaxşı imkan yaranıb, bu baxımdan birinci addımı Azərbaycan atsın. Bəli, Azərbaycan prezidenti dəfələrlə müxtəlif addımlar atacağı haqda, xüsusilə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyib və qarşı tərəfdən oxşar qərarları gözlədiyini ifadə edib. Bütün hallarda indi konkret addımlar atmağın zamanıdır. Böyük sülh sazişinə gəlincə, gözləmək lazımdır, tez olmayacaq. Biz 30 il gözlədik və müharibə başladı, bir çox ərazi azad olundu. Amma inanıram ki, yaxın 5 ildə hansısa hərəkət olacaq”.

eli_abbasov.jpg
Əli Ababsov

Əli Abbasovun fikrincə, Ermənistan daxilində problemlər tədricən həll olunandan sonra iki ölkə münasibətlərində yaxınlaşma olacaq, başqa yol da yoxdur:

“Proses ikitərəfli olmalıdır və Türkiyə ilə Rusiya da gedişata qarışıb, məsuliyyət daşıyırlar. Güman ki, Baydenlə Putin də Cenevrədə Qarabağ barədə danışıblar. Düzdür, açıqlamada heç nə yox idi”.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı iradəsini ortaya qoyub və sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib:

“Amma bu, elə də sadə məsələ deyil. Çünki sülh müqaviləsinin imzalanması üçün bir sıra sual doğuran məsələyə aydınlıq gətirilməlidir. Birincisi, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Yəni Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi rəsmən tanımalıdır, bu qərar olmadan hər hansı sülh müqaviləsinin imzalanmasının mənası olmaz. Azərbaycan tərəfinin ilk növbədə bunu tələb edəcəyi aydındır. İkincisi, sərhəd mübahisələrinə aydınlıq gətirilməlidir, sərhədlərdə konflikt zonalarının həlli, demilitasiya və demarkasiya prosesinin başlanması zəruridir. Başqa bir məqam Qarabağın statusunun mübahisə yaratmasıdır, Ermənistan ən azından bir status verilməsində israrlı olacaq, konkret olaraq, rus sülhməramlılarının nəzarətindəki zonaya. Azərbaycan tərəfi isə hər hansı hüquqi status verilməsini qəbul etməyəcəyini bəyan edib. Bu mübahisəli məqamlara aydınlıq gətirmədən sülh müqaviləsinin imzalanması çox çətindir”.

Ancaq Ş.Cəfərli iki ölkə münasibətlərinin qurulması və inkişafı üçün sülh müqaviləsinin heç də əsas olmadığı qənaətindədir:

Şahin Cəfərli
Şahin Cəfərli

“Artıq 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmalarının həyata keçməsi üçün sülh müqaviləsinin imzalanması məcburi deyil. Sülh müqaviləsi olmadan da, bu sazişlərdə olan müddəaların həyata keçirilməsi mümkündür. Bu, proses yavaş da olsa, başlayıb. Yəqin ki, Ermənistanın yeni hökuməti formalaşdıqdan sonra bu istiqamətdə atılan addımların şahidi olacağıq. Yəni sülh müqaviləsi olmadan da münasibətləri müəyyən səviyyəyə inkişaf etdirmək mümkündür”.

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın lideri olduğu Vətəndaş Müqaviləsi Partiyası 53,92 faiz səs toplayıb. MSK sabiq prezidentlər Ter-Petrosyanın "Erməni Milli Konqresi"nin 1.54, Robert Köçəryanın "Ermənistan" blokunun 21.04, Serj Sarkisyanın "Şərəfim var" blokunun isə 5.23 faiz səs topladıqlarını bildirib.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Ana səhifəSiyasətAzərbaycanla Ermənistanın münasibətləri necə olacaq?