Azərbaycandan göndərilmiş 2100 şikayət Avropa Məhkəməsində baxılmasını gözləyir

“Bu rəqəm 2003-cü ildə 266, 2004-cü ildə isə 225 olub”

Foto: Avropa Məhkəməsi


Azərbaycan AİHM-in yurisdiksiyası altında olan ölkələr arasında 7-cidir

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 525 şikayət göndərilib.

Hazırda AİHM-də Azərbaycandan göndərilmiş 2100 şikayət baxılmasını gözləyir. Qərar gözləyən ərizələrin sayına görə Azərbaycan AİHM yurisdiksiyası altında olan digər ölkələr arasında

7-cidir

.

Bu, AİHM-in ərizə yükünün 3,2 faizidir. 2020-ci ilin əvvəlində Azərbaycan bu sıralamada 6-cı olub. O zaman 2200 ərizə qərar gözləyirdi.


Öncəki illər necə olub?

Azərbaycanın AİHM yurisdiksiyasını qəbul etdiyi 2002-ci ildə məhkəməyə 265 şikayət göndərilib. Bu rəqəm 2003-cü ildə 266, 2004-cü ildə isə 225 olub. 2005-ci ildə AİHM-ə göndərilən şikayətlərin sayı qismən azalıb – 172 olub. Həmin il baxılmasını gözləyən şikayətlərin 120-si siyahıdan xaric olunub.


172-dən 445-ə artan şikayət

2006-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayında artım olub – 445-dən şikayət göndərilib. Həmin il şikayətlərin 57-si qəbuledilməz sayılıb və ya başqa əsasla baxılacaq işlərin siyahısından xaric edilib. 2006-cı ilin sonunda AİHM-də ümumilikdə, Azərbaycandan göndərilən 1480 şikayət baxılmasını gözləyirdi.

2007-ci ildə 708, 2008-ci ildə 334, 2009-cu ildə 361, 2010-cu ildə 334, 2011-ci ildə 532, 2012-ci ildə 342, 2013-cü ildə 325, 2014-cü ildə 403, 2015-ci ildə 268 şikayət göndərilib.


“2015-ci ildə Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayına görə ön sıralarda olub”

Hüquqşünas Xalid Ağəli deyir ki, 2015-ci ildə Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayı üzrə AİHM məkanına daxil olan ölkələrin önünə keçib. Həmin ilin sonunda Azərbaycandan göndərilən 1522 şikayət baxılmasını gözləyirdi:

“Həmin il Azərbaycan 48 ölkə arasında ilk onluqda idi. 2016-cı ildə isə ümumiyyətlə, göndərilən, baxılmasını gözləyən şikayətlərin sayı bir qədər də artdı – 1662 oldu. 2017-ci ildə göndərilən şikayətlər bir az azalmışdı – 679 olmuşdu. 2018-ci ildə isə azalaraq 313, 2019-cu ildə isə 397 olmuşdu”.

Hüquqşünas deyir ki, həmin vaxt baxılmasını gözləyən şikayətlərin sayına görə, Azərbaycan 1950 şikayətlə Avropa Şurası ölkələri arasında 6-cı olmuşdu. Bu gün isə 7-ci yerdə qərarlaşıb.


Digər ölkələr hansı yerdə qərarlaşıb?

2021-ci il iyunun sonuna olan rəsmi bilgilərə görə, Avropa İnsan Hüquqları Məhkəməsində qərarını gözləyən ərizələrin cəmi sayı 65 800 olub. Bu ərizələrin 89 faizi 10 ölkədən – Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İtaliya, Polşa, Azərbaycan, Serbiya, Yunanıstan və Ermənistandan daxil olan ərizələrdir.

AİHM-in statistik bilgilərinə görə, Rusiya qərar gözləyən ərizələrin sayına görə liderdir – 14 350 ərizə. Bu göstərici AİHM-də qərarını gözləyən ərizələrin ümumilikdə 22 faizini təşkil edir.

Sonrakı pillədə 13 950 ərizə ilə Türkiyə dayanır. Bu göstərici AİHM-də qərarını gözləyən ərizələrin ümumilikdə 21 faizi deməkdir.

AİHM-də qərar gözləyən ərizələrin 17 faizi (10800 ərizə) Ukraynanın, 10 faizi (6700 ərizə) Rumıniyanın, 6 faizi (3700) İtaliyanın, 3,3 faizi Polşanın (2150 ərizə) payına düşür.

Serbiyadan 1850, Yunanıstandan 1400, Ermənistandan 1300 ərizə qərar verilməsini gözləyir.

AİHM yurisdiksiyası altında olan digər 37 ölkədən cəmi 7500 ərizə qərar verilməsini gözləyir.

Ana səhifəSiyasətAzərbaycandan göndərilmiş 2100 şikayət Avropa Məhkəməsində baxılmasını gözləyir