Aprelin 15-də günorta saatlarında Bakının Atatürk prospektində yol-qəza hadisəsi baş verib. Yolu keçən yaşlı qadını maşın vurduğu bildirilir.
Sosial şəbəkələrdə qadının fotosu yayılıb.
Muhammed İbadli adlı “Facebook” istifadəçisinin yazdığına görə, qadın küçə təmizləyicisi imiş:
“Şahidlər deyir ki, təcili qadının üzərindən formasını çıxardıblar ki, yol təmizləyən olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin”.
Səhiyyə Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, qadın Ağsu sakinidir, 82 yaşı var. O, xəstəxanaya yaralı vəziyyətdə çatdırılıb. Qadının üzərindəki geyimin çıxarılmasına gəlincə, nazirlikdən bunu təkzib ediblər:
“Təcili Tibbi Yardımın işi kiminsə paltarını soyundurmaq deyil. Əgər bu hadisə baş veribsə belə, bundan bizim işçilərin xəbəri yoxdur, hadisə yerində bu halla rastlaşmayıblar”.
Nazirlikdən qadının ad-soyadı və hansı xəstəxanada olması barədə məlumat verilməyib:
“Ola bilər ki, qadının yaxınları bu barədə hələ məlumasızdır. Mətbuat vasitəsilə məlumat almalarını istəmirik”.
Meydan-nin TV Təcili Tibbi Yardım Mərkəzindəki mənbəsindən əldə etdiyi məlumata görə, şahidlər qadının bazarda turşu satdığını deyiblər.
Rəsmi qurumlar hadisə ilə bağlı hər hansı açıqlama yaymayıb.