Avropa İttifaqı: Bakıda polis həddən artıq güc tətbiq edib

Nemət Abbasov, Ramiz Cəfərov, Ayaz Qasımov 500 manat cərimə olunub, Cabbar Savalanli 20 sutka həbs həbs cəzası alıb.

Foto: Meydan TV

Leyla Abdullayeva: "Azərbaycanla bu tərzdə danışmağa icazə verilə bilməz"

Avropa İttifaqı rəsmi Bakını polisin 19 oktyabrda mitinq iştirakçılarına qarşı həddən artıq güc tətbiq etməsini araşdırmağa çağırıb.

'Turan" İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bəyan edib.

O, Bakıda oktyabrın 19-da dinc aksiya keçirmək istəyən onlarla insanın saxlanıldığını deyib.

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün həddən artıq, heç nəyə əsaslanmayan güc tətbiq edilməsi barədə məlumatlar var. Bu hallar araşdırılmalıdır. Biz hakimiyyəti dinc aksiya iştirakçılarından həbsdə olanları azad etməyə çağırırıq", – Mariya Kosyançiç deyib.

O qeyd edib ki, sərbəst toplaşma fundamental insan hüquqlarındandır. "Biz Azərbaycanın beynəlxalq öhdəliklərini tam olaraq yerinə yetirməsini gözləyirik".

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Aİ-nin tənqidinə cavab verib.

Leyla Abdullayeva onlarla insanın saxlanması barədə verilən məlumatı yalan adlandırıb.

"Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb", – Leyla Abdullayeva bildirib.

O, Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunduğunu deyib.

XİN rəsmisi hesab edir ki, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib.

Leyla Abdullayeva Avropa İttifaqına məsləhət görüb ki, Barselonada, Fransanın ayrı-ayrı şəhərlərində polisin nümayişçilərə həddən artıq güc tətbiq etməsinə diqqət etsin.

"Bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz", – Leyla Abdullayeva deyib.

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası paytaxın 28 may metrostansiyası qarşısında etiraz aksiyası keçirib.

Bakı Şəhər Baş Polis İdarəsi dünən saxlanılan 60 nəfərdən 42-nin sərbəst buraxıldığı haqda məlumat yayıb.

AXCP sədrinin müavini

Vahid Məhərrəmli

Meydan TV-yə bildirib ki, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan vardı. Vahid Məhərrəmlinin sözlərinə görə, onların əksəriyyəti AXCP üzvləri olub. O deyib ki, digər partiyaların fəalları da az deyildi. O cümlədən, yoldan keçən təsadüfi adamlar da idarəyə gətirilmişdi.

AXCP mətbuat xidmətindən Meydan TV-yə verilən son məlumata görə, Nemət Abbasov, Ramiz Cəfərov, Ayaz Qasımov 500, Ayaz Məhərrəmli 200 manat cərimə olunub, Cabbar Savalanli isə 20 sutka inzibati cəza alıb.

Ana səhifəSiyasətAvropa İttifaqı: Bakıda polis həddən artıq güc tətbiq edib