Avropa İttifaqı acı nəticələrlə üzləşməmək üçün nə etməlidir?

Aİ ilə Assosiyasiya Sazişi imzalamış Ukrayna, Moldova və Gürcüstan öz əlaqələrini daha da dərinləşdirəcək, Azərbaycan, Ermənistan və Belarus isə Rusiya ilə diplomatik və təhlükəsizlik maraqlarını tapdamamaq şərti ilə bənzər, praqmatik maraqlar üzərində qurulmuş yolu izləyəcəklər.

Source: Facebook


Şərq Tərəfdaşlığı Proqramının növbəti 10 illiklə bağlı ssenariləri

Keçən ilin may ayında Brüsseldə 6 Şərq Tərəfdaşlığı ölkəsinin liderləri Şərq Tərəfdaşlığı proqramının 10 illiyini qeyd etdilər. 2009-cu ildə Avropa İttifaqının şərq qonşuluğunda iqtisadi və siyasi inteqrasiyanı artıraraq, daha təhlükəsiz və təxmin edilə bilən qonşuluq yaratmaq istəyi ilə başlatdığı, fürsət kimi gördüyü bu təşəbbüs son 10 ildə Rusiya tərəfindən Aİ-nın bölgədəki post-sovet ölkələri Moskvanın nəzarətindən çıxarmaq cəhdi və ciddi təhdid kimi qəbul edilmişdi.

Bu on il ərzində iqtisadi, siyasi və demoqrafik göstəriciləri bir-birindən fərqlənən Azərbaycan, Ermənistan, Gürcüstan, Belarusiya, Moldova və Ukraynanın daxil olduğu Şərq Tərəfdaşlığı ölkələrinin Rusiyaya müxtəlif yanaşmaları, bir qrup ölkələrin Avropa İttifaqı ilə Assosiyasiya Sazişi imzalaması, bölgədə yeni konfliktlərin yaranması, Avrasiya İttifaqı kimi siyasi təşəbbüslərin ortaya çıxması, növbəti 10 il ərzində Rusiyada və Avropa İttifaqında mümkün siyasi və iqtisadi dəyişikliklər, Çinin Şərq Tərəfdaşlığı ölkələrinə yanaşması və artan nüfuzu Şərq Tərəfdaşlığı Proqramının növbəti on ildəki inkişaf ssenariləri ilə bağlı suallar ortaya çıxarıb. Visegrad Insight 2019-cu ildə bir qrup ekspertin töhfəsi ilə

ŞTP-nin növbəti onilliklə bağlı inkişaf ssenarilərini hazırlayıb

.

Bu 4 ssenari regionda təhlükəsizlik, enerji təhlükəsizliyi, iqtisadi, siyasi, demoqrafik dəyişikliklər, ölkələrin Avropa İttifaqı və Rusiyaya münasibətdə yürütdüyü xarici siyasət və digər kompleks dəyişənləri, trendləri nəzərə almaqla, Avropada və Rusiyada baş verəcək mümkün dəyişikliklər zamanı hansı nəticələrin doğa biləcəyinin müzakirəsi məqsədi ilə hazırlanmışdır.

"Praqmatik inteqrasiya" adlanan ilk ssenaridə hərhansı ciddi bir siyasi və təhlükəsizlik dəyişikliyinin olmayacağı təqdirdə, Şərq Tərəfdaşlığı ölkələrinin Aİ ilə müəyyən siyasi assosiyasiya və iqtisadi inteqrasiya yolunu tutacağı qeyd edilir. Aİ ilə Assosiyasiya Sazişi imzalamış Ukrayna, Moldova və Gürcüstan öz əlaqələrini daha da dərinləşdirəcək, Azərbaycan, Ermənistan və Belarus isə Rusiya ilə diplomatik və təhlükəsizlik maraqlarını tapdamamaq şərti ilə bənzər, praqmatik maraqlar üzərində qurulmuş yolu izləyəcəklər. Bu zaman Avropa İttifaqı daha çox region ölkələri ilə sıx iqtisadi və ticarət əlaqələrini inkişaf etdirəcək, qanunun aliliyi daha çox xarici sərmayələrin qorunması, mülkiyət hüquqları kimi məsələlərlə məhdudlaşacaq, vətəndaş cəmiyyətinin inkişafını labüd edən dəyişikliklərin reallaşmasında isə xüsusi səylər göstərilməyəcək. Bu ssenaridə Rusiyanın da region ölkələrinə təsiri daha çox bənzər iqtisadi və ticari stimullar təqdim etməkdən ibarət olacaq, yalnız daha dərin siyasi inteqrasiya yolunu seçən ölkə olarsa, orada müəyyən sərt güc nümayişi ola bilər. Nəticədə 10 il sonra Şərq

Tərəfdaşlığı ölkələri məhdud, lakin müəyyən səviyyədə inteqrasiyaya nail olacaqlar.

İkinci ssenari Rusiya hegemonluğunun qayıdışı üzərində qurulub. Qərbin sanksiyalarına baxmayaraq, Rusiya öz iqtisadi və hərbi gücünü inkişaf etdirir, Şərq Tərəfdaşlığı ölkələri uğrunda hərhansı bir gərginlikdən istifadə edərək, yeni bir münaqişə alovlandırır və regionun Aİ ilə inteqrasiyasını ciddi şəkildə bloklayır. Bu ssenariya əsasən, Rusiya region ölkələrinin siyasi elitalarına maliyyə imkanları və digər üstullarla təzyiqlər vasitəsi ilə onları Rusiyanın maraqlarına cavab verməyə məcbur edir. Yekunda Rusiya öz hegemonluğunu bərpa edir və Şərq Tərəfdaşlığı ölkələri böyük ölçüdə Rusiyadan asılılığı qəbul etməyə məcbur olur.

Üçüncü ssenari Avropanın Rusiyaya baxışını dəyişməsi, iqtisadi və siyasi gərginlikləri aradan qaldıraraq, Avropa ilə Rusiyanın iqtisadi və təhlükəsizlik maraqlarını birləşdirməsini ehtiva edir. Bu ssenaridə Şərq Tərəfdaşlığı ölkələrinin daha çox Rusiyadan asılılığa qarşı özlərini qorumaq məqsədi ilə Çin ilə artan iqtisadi və diplomatik əlaqələrinin Rusiyanı və Avropanı narahat etməsi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə inteqrasiyanı arxa plana salması, Rusiyanın yaranmış vəziyyətdən istifadə edərək tam təsiri altına salması baş verə bilər. Bu ssenarinin sonunda artıq 6 Şərq Tərəfdaşlığı ölkələri Avropanı etibarlı alternativ kimi görmürlər.

Dördüncü ssenari getdikcə zəifləyən və cazibəsini itirən Rusiya və Şərq Tərəfdaşlığı ölkələrinə daha geniş inteqrasiya və Aİ üzvlüyü imkanları vəd etməyən Avropa fonunda ölkələr daxilində vətəndaş fəallığının artması, rifah və genişlənmiş iqtisadi imkanlar üçün aşağıdan yuxarıya doğru vətəndaş təzyiqinin artmasını ehtiva edir. Bu halda İttifaqın etirazçılara dəstəyi daha çox mənəvi dəstəklə məhdudlaşır. Sovet İttifaqı dövrünün yetişdirdiyi liderləri əvvəlcə marginallaşdırıb, sonra neytallaşdıran yeni nəsil gənc liderlər cəmiyyətdə daha böyük etibar və nüfuz qazanır, bu legitimlikdən istifadə edərək korrupsiya ilə mübarizə aparır, qanunun aliliyini təmin edir və köklü islahatların əsasını qoyur.

screenshot_at_apr_25_19-38-40.png
Scenarios for the Eastern Partnership 2030

Göründüyü kimi, bu ssenarilərdə Rusiyanın hərhansı formada tərəfdaşlıq ölkələrində təsirini artırmaq imkanları ilə yanaşı, Avropa İttifaqının da regiona yanaşmasının daha çox texniki, iqtisadi əməkdaşlıq və ticarət maraqları ilə məhdudlaşacağını göstərir. 2019-cu ilin mart ayında Avropa Komissiyasının açıqladığı "2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti" birgə kommunikasiyasında regionun gələcəyi ilə bağlı ciddi siyasi vizyon ortaya qoyulmayıb, siyasi assosiyasiya ilə bağlı vədlər verilməyib, əvəzində, hüququn aliliyi, söz və ifadə azadlığı, vətəndaş cəmiyyətinin gücləndirilməsi digər texniki məsələlər, məsələn, rəqəmsallaşma və rəqəmsal infrastrukturun yaradılması, ictimai səhiyyənin inkişafı, ətraf mühitin qorunması kimi məsələlərlə bərabər şəkildə sıralanıb. Halbuki, əvvəllər Avropa İttifaqı ilə əməkdaşlıq üçün Avropa dəyərləri ön şərt olaraq qoyulurdu. Bu isə 4 ssenaridən birincisinin, praqmatik inteqrasiyanın hazırda ən real ssenari kimi göründüyünü deməyə əsas verir.

Lakin digər ssenarilər arasında da Avropa İttifaqının Rusiya ilə münasibətləri normallaşdırma cəhdləri qarşılığında Şərq Tərəfdaşlığı ölkələrini qurban vermək və sövdələşməni bununla tamamlamaq ehtimalları da mövcuddur ki, bu halda da Assosiyasiya Sazişi imzalamış ölkələrdə siyasi xaosa, digər ölkələrdə isə Avropa İttifaqına inamın ölməsinə gətirib çıxara, avrointeqrasiya tərəfdarı siyasi qurumları, liderləri, vətəndaş cəmiyyəti təmsilçilərini tamamən siyasi səhnədən silə bilər. Bu isə Avropanın birbaşa qonşuluğunda təhlükəsiz, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşların dəstəklənməsi məqsədi ilə başlatdığı Şərq Tərəfdaşlığı proqramının ilkin hədəflərinə zidd nəticələrlə yekunlaşdıra bilər.

Avropa İttifaqı belə acı nəticə ilə üzləşməmək üçün hər bir halda Şərq Tərəfdaşlığı ölkələrinin Avropaya inteqrasiyasını dəstəkləməli, bu inteqrasiyanın təməli olacaq vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində səyləri artırmalı və heç bir halda Şərq Tərəfdaşlığı ölkələrini Rusiya ilə münasibətlərin normallaşdırılması prosesində qurban verməməlidir. Yalnız bu halda 2020-ci ildən sonrakı növbəti 10 ildə təşəbbüs tam olmasa da, müəyyən mənada hədəfinə çata, inteqrasiya prosesi dərinləşə bilər.


İctimai fəal Bəxtiyar Hacıyev

Ana səhifəSiyasətAvropa İttifaqı acı nəticələrlə üzləşməmək üçün nə etməlidir?