Bayram Məmmədovun cəsədi atasına göstərilib

“Bayramın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb

Source: Meydan.TV


“Bayramın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb“

Keçmiş siyasi məhbus kimi tanınan Bayram Məmmədovun cəsədi atasına göstərilib.

Bu barədə fəalın dostu, keçmiş siyasi məhbus kimi tanınan Elgiz Qəhrəman məlumat yayıb. O, mərhumun atası Fərman Məmmədovla birlikdə morqda olduqlarını deyib.

Elgiz Qəhrəmanın sözlərinə görə, 15-20 dəqiqə Bayramın cəsədini görmək üçün onlara izin verilib. Əvvəlcə onlara bürokratik əngəllər yaradıldığı bildirilir.

“Bayram Məmmədovun ölümünün araşdırılmasıyla bağlı bizə bürokratik əngəllər yaradırlar. Bu gün saat 10-dan Bayramın atası Fərman əmi, vəkillər və digər dostlarla birlikdə Kadıköydə yerləşən İskele Karakoluna gəldik. Bizə əvvəlcə dedilər, “müstəntiqlə əlaqə saxlaya bilmirik”. Sonra bildirdilər ki, əlaqə saxladıq, 5 dəqiqə sonra gedirik İstanbul Adli Tıp Mərkəzinin morquna. Sonda da bildirdilər ki, Adli Tıp Mərkəzilə əlaqə saxlaya bilmirik”, – Elgiz Qəhrəman sosial şəbəkə hesabından yayıb.

Elgiz Qəhrəman deyib ki, Bayramın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb və istintaq uzun davam edə bilər: “Əslində ölən günü Bayramın kimliyi təxmin edilibmiş. Bu qədər ağrı, acının içində bir də bizi bu qədər gözlətdilər”.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.

Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.

Polisin ilkin açıqlamasına görə, Bayram dənizə düşmüş başmağının ardınca suya girib, sahil güvənliyinin fit səsinə məhəl qoymadan geri qayıtmayıb və

boğulub.

Polisin açıqlaması yetərli sayılmadığından sosial şəbəkələrdə “Bayrama nə oldu” həştəği ilə paylaşımlar edilir. Yaxınları və ictimai fəallar hadisə ilə bağlı videogörüntülərin yayımlanmasını tələb edirlər.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib.

Bayram Məmmədovun ölümündən bir neçə gün öncə Qiyas İbrahim Türkiyədən ömürlük deportasiya edilib.

Ana səhifəXəbərlərBayram Məmmədovun cəsədi atasına göstərilib