“Atamı mənim sosial şəbəkələrdəki paylaşımlarıma görə həbs ediblər”

“Sabirabad rayonunda keçmiş deputat Rüstəm Xəlilovun icra nümayəndəliyinin qarşısında atasına qızıl suyundan heykəl qoydurmasını mən ictimailəşdirmişdim”

Source: Meydan TV


67 yaşlı Ağamikayıl Cəbrayılov 1 aydır həbsdədir

Şamaxı rayonunun Quşçu kənd sakini Ağamikayıl Cəbrayılovun 67 yaşı var. O, bir aya yaxındır ki, həbsdədir. Oğlu Kazım Cəbrayılov deyir ki, atasını sifarişlə həbs ediblər.


“Ahıl vaxtında sifarişlı həbs eləyiblər”

Uzun illər fermerliklə məşğul olmuş Ağamikayıl Cəbrayılovun səhhətində ciddi problemlər var. Hər iki ayağında barmaqları amputasiya olunub. Oğlunun sözlərinə görə, ayaqlarının birində yara bağlanmır. Həbsindən bir neçə gün əvvəl həkim təkrar əməliyyata ehtiyac olması barədə rəy verib. Hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan Ağamikayıl Cəbrayılova bu müəssisədəki tibbi-sanitar hissədə tez-tez lazımi tibbi yardım göstərilir.

“Bu adamı ahıl vaxtında sifarişlə həbs eləyiblər. Özü də səhhətində belə ağır problemlər ola-ola. Deyirlər ki, guya, atam 2017-ci ildə icarə müqaviləsi olmadan bələdiyyənin 2 hektar torpağında arpa əkib. İndi 2021-ci ildi, üstündən 4 il keçib. O vaxt cinayət işi başlayıblar, sonra dayandırılıb. Eyni prokuror mayın 25-də cinayət işini təzələyib, 26-da da atamı həbs eləyiblər”, – Kazım Cəbrayılov belə deyir.

Ağamikayıl Cəbrayılova qarşı Cinayət Məcəlləsinin 188.4.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

photo-2021-06-23-15-21-52.jpg
Quşçu Bələdiyyəsinin qərarı


“Yol maxinasiyaları haqda materiallar çox paylaşırdım”

Kazım Cəbrayılovun sözlərinə görə, atasına açıq şəkildə deyilib ki, həbsinin əsl səbəbi oğlunun sosial şəbəkələrdəki paylaşımları, tənqidləridir: “Dəfələrlə çağırıb atama deyiblər ki, oğlun susmalıdır, çıxışlarını, sosial şəbəkələrdə yazılarını dayandırmalıdır. Mənim özümə də dedilər ki, atan sənə görə tutulub. Mən sosial problemləri ictimailəşdirirəm. Məsələn, rayonda bir küçəyə yol çəkilməsi barədə efirə material verirlər, ondan sonra o yol çəkilişi elə yarımçıq qalır. Mən də bunu yayıram ki, aylarla, illərlə vəziyyət bu cür qalıb. Yaxud bir küçəyə yol çəkirlər, 6 ay sonra sökürlər. Yol maxinasiyaları haqda materiallar çox paylaşırdım…”

Bir neçə ay əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallı Kazım Cəbrayılovun özünün də Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Sabirabad rayonu, Nizamikənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Kazım Cəbrayılovun vəkili iddianın icraata götürülməsinə etiraz edib. Etiraz təmin olunub.

photo-2021-06-23-15-21-17.jpg
Rəy


“Atamın həbsinin motivi gülüncdür”

Kazım Cəbrayılov bundan öncə 2 il 4 ay həbs həyatı yaşayıb: “Sabirabad rayonunda keçmiş deputat Rüstəm Xəlilovun icra nümayəndəliyinin qarşısında atasına qızıl suyundan heykəl qoydurmasını mən ictimailəşdirmişdim. Ona görə xuliqanlıq ittihamıyla şərləyib, 4 il həbs cəzası vermişdilər. 2 il 4 aydan sonra Ali Məhkəmənin qərarıyla bəraət aldım, işimə bərpa olundum”.

Kazım Cəbrayılov deyir ki, atası bələdiyyə torpaqlarını qanunsuz zəbt edib, orada arpa əkməkdə ittiham olunsa da, əllərində bütün lazımi sənədlər var: “Atama qarşı ittihamda yazilanlar bələdiyyənin təqdim etdiyi sənədlərlə tam təkzib olunur. Zərərçəkmiş olmadığı halda, atamın həbsinin motivi sadəcə, gülüncdür”.

Şamaxı rayon Quşçu bələdiyyəsindən bildirilib ki, Ağamikayıl Cəbrayılovun bələdiyyənin torpaq sahəsindən qanunsuz istifadə etməsi haqda heç bir arxiv materialı yoxdur.

photo-2021-06-23-15-20-45.jpg
Müqavilə
photo-2021-06-23-15-19-30.jpg
Bələdiyyə sədrinin məktubu
Ana səhifəBölgə“Atamı mənim sosial şəbəkələrdəki paylaşımlarıma görə həbs ediblər”