Ata haqqı… Atanın haqqı

Çox təəssüf ki, böyük bir sistemin içərisində, bu boyda hakimiyyət komandasında belə halları durdurmağı tələb etməyə cəsarəti olan, lap elə istefa verib papağını götürüb gedən bir nəfər yoxdur.

Mənbə: Meydan TV

Bu sözün çalarları çoxdur, bütün başqa şeylərdə olduğu kimi, burda da hamı öz arşınıyla ölçür; bir çoxu da sərfəli tərəfindən yapışır. Adətən, övladların işlətdiyi sözdür – boynumda ata-anamın haqqı var, ya da başqalarının eyhamı “sən ata-ananın haqqından çıxa biləcəksən?” Ata haqqının bir başqa çalarını tarixçi alim, görkəmli ziyalı, Milli Şuranın sədri Cəmil Həsənli ortaya qoydu. Hakimiyyətə müxalif olaraq apardığı ardıcıl mübarizənin, ölkə başçısını tənqidinin nəticəsi kimi şantajla üzləşdi; həm də övladıyla bağlı şantajla. Dul qalmış qızının intim videosunu yaymaqla hakimiyyət Cəmil bəyə sarsıdıcı zərbə endirdiyini düşündüyü vaxt hörmətli professor əsl ata ləyaqəti göstərdi: “Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”.

İndi hakimiyyət çıxılmaz durumdadır, bu mövqenin cavabı yalnız o ola bilər ki, ölkə rəhbərliyi səviyyəsində bu hərəkət pislənilsin, cinayətkarlar cəzalandırılsın, bunu törədənlərin “5-ci kolon”, “erməni dəyirmanına su tökənlər” olduğu bildirilsin. Məqsədin YAP hakimiyyətini beynəlxalq miqyasda gözdən salmaq (guya gözdəydi) olduğu deyilsin. Əks halda bütün məsuliyyət birinci şəxsin üzərində qalır.

Azərbaycanda kiminsə videosunun yayılması, bir qadının yad kişiylə görüşməsi, yatması namus məsələsi sayılır; sözün və səsin zorlandığı ölkədə. Məsələn, kimsə keçmiş arvadının başqasıyla yaşamasından xəbər tutanda artıq heç bir rəsmi bağlılığı olmayan arvadının namusu “qeyrətinə” toxunur. Çoxumuz uzun illər belə başlıqlarla qarşılaşmışıq: “Kişi keçmiş arvadını qıcqanclıq zəminində öldürdü”. Ya da hansısa qardaş yetkinlik yaşını da keçmiş, yaxud boşanmış bacısını başqasıyla qeyri-rəsmi görüşdüyünə görə öldürür. “Qardaş bacısını öldürdü” başlıqlı xəbərləri də çox görmüşük. Türmələrdə belə qatillər çoxdur və onlar hörmətli adamlar sayılır. Məhlələrdə onlardan fəxrlə danışırlar, başqalarına nümunə, hətta qəhrəman kimi göstərirlər. Belə bir Azərbaycan reallığında, etiraf edək, intim videosu yayılmış qızını müdafiə etmək hər atanın cəsarəti, hünəri deyil. Faktlar da var ki, bu cür şantajla üzləşənləri yaşadıqları məhlənin, kəndin, rayonun sakinləri oradan qovub, ya da qovmağa cəhd edib. Bu gerçəkliyi həmin cinayəti törədənlər, başqasının yatağını güdənlər, otaqlara kamera yerləşdirənlər də yaxşı bilir. Hakimiyyətin eyiblərini açanların, onu cəmiyyətə çatdıranların, göstərənlərin qarşısını belə üsullarla almaq niyyəti ilə toplumun zəif damarına toxunacaqlarını, o adamları bununla nüfuzdan salacaqlarını düşünürlər…

Çox təəssüf ki, böyük bir sistemin içərisində, bu boyda hakimiyyət komandasında belə halları durdurmağı tələb etməyə cəsarəti olan, lap elə istefa verib papağını götürüb gedən bir nəfər yoxdur. Əlbəttə, başda papaq varsa. Əslində, ən böyük faciə, ən dəhşətli rəzalət, ən acınacaqlısı budur; kiminsə intim videosunun yayılmasından daha fəlakətli…

***

Bir müddət qabaq dostlardan biri danışdı. Bir nəfər Bakıdakı şadlıq saraylarından birində toy etmək istəyir. Gedib danışır, razılaşır. Şadlıq evi rəhbəri adamların sayına uyğun qiymət deyir, sonra da həmin məbləğə 2 min də əlavə edir. Toy sahibi təəccüblənir:

– Əlavə 2 min niyə?

– O da blogerdir, nədir – Atanın haqqıdır, pandemiya vaxtıdır, başqa cür işləmək olmur, Allaha and olsun, verməsək, satır bizi.

Ata-nın haqq aldığı ölkədə Ata haqqından danışmaq da bir ayrı dərddir…

Ana səhifəXəbərlərAta haqqı… Atanın haqqı