Anna Frank – sülh və sükut arzulayan Holokost qurbanı

Bundan çox az sonra – aprel ayının 15-də ingilislər Belzeni faşistlərdən azad etmişdilər…

Source: meydan.tv


“Böyük əzablar və fəlakətlər dövründə insanlıq ləyaqətinə müraciət edən saysız-hesabsız səslərin içində ən təsirlisi Anna Frankın səsidir”.


Con Kennedi, ABŞ-ın keçmiş prezidenti



(İkinci hissə)

Anna və bacısıyla hələ Vestebork düşərgəsində tanış olmuş Yanni və Lin Brillesleyler bacıları Marqonun yatağından sement döşəməyə düşüb qaldığını, halsızlıqdan heç kimin onu qaldırmağa gücü çatmadığını, Annanınsa qızdırmalı olduğunu və huşsuz vəziyyətdə tez-tez gülümsədiyini xatırlayacaqdılar.

Sonrakı günlərin birində Yanni və Lin onu barakın kənarında ölmüş vəziyyətdə tapmış, birtəhər köməkləşib cəsədini daha əvvəl bacısı Marqonun meyitini apardıqları qardaşlıq məzarına sürümüşdülər (Bacıların ölüm tarixini Niderland hökuməti təxmini olaraq 31 mart kimi qeydə alıb, ancaq Anna Frank Muzeyində çalışanların 2015-ci ildə gəldikləri qənaətə görə, bacılar fevral ayında vəfat ediblər).

Bundan çox az sonra – aprel ayının 15-də ingilislər Belzeni faşistlərdən azad etmişdilər…

****

Edit Frank da artıq həyatda yoxuydu. O, qızlarından əvvəl vəfat etmişdi (yanvar 1945).

Beləliklə, faşistlərin əlindən ailənin ancaq bir üzvü – Otto Frank qurtula bilmiş, digər əsirlərlə birlikdə onu Osvensim düşərgəsindən sovet ordusu azad etmişdi (27 yanvar 1945).

Müharibə bitəndə Otto əvvəl Amsterdama, sonra da Bazel şəhərinə (İsveçrə) gedərək ömrünün sonuna kimi (1980) orda yaşayıb.

Annanın gündəliyini ilk dəfə o özü dərc etdirib (1947). Bu tarixi sənədin salamat qalması da elə Ottonun sayəsində mümkün olub – həbs edildikləri gün nasist çavuş gündəliyin qoyulduğu portfeli götürüb içində qiymətli bir şey olub-olmadığını soruşanda “Ancaq kağızlardır” deyə cavab verib, çavuş da gündəliyi yerə ataraq portfelə sığınacaqdan götürdüyü şamdanı və gümüş çəngəl-bıçaqları qoyub…

“Onda həmin çavuş gündəliyi götürsəydi, qızım haqqında heç kim heç nə bilməyəcəkdi” – Otto Frank xatirələrində belə yazıb.

Sonrakı illərdə dəftəri Mip Gis gizlədib və Otto Frank qayıdıb gələndən sonra ona qaytarıb.

1952-ci ildə gündəlik ABŞ-da da dərc edilib. Ancaq 1955-ci ilə kimi – səhnələşdirənə qədər ondan çox az adamın xəbəri olub. 1956-cı ildə Annanın qeydləri Pulitser mükafatına layiq görülüb. O vaxtdan etibarən məşhurlaşmağa başlayan əsər 70-dən çox dilə tərcümə edilib, 30 milyondan çox tirajla dərc olunub.

Hazırda gündəliyin 3 versiyası var. Birincisi Annanın iyul 1942 – avqust 1944 aralığında qələmə aldıqlarıdır. Roman yazmaq qərarına gələndən sonra Anna bəzi hissələri ötürməklə yazdıqlarını redaktə etməyə başlayıb və beləliklə də ikinci versiya yaranıb. Üçüncü versiya isə Otto Frankın redaktəsindən sonra ortaya çıxıb – Annanın anasıyla bağlı tənqidi rəyləri və seks haqqında düşündükləri ixtisar edilib (yəqin on görə ki, 1947-ci ildə cəmiyyət buna mənfi yanaşardı).

2009-cu ildə gündəlik UNESKO-nun “Dünyanın yaddaşı” proqramının obyektləri siyahısına daxil edilib.

Ottonun ölümündən sonra gündəliklə bağlı müəlliflik hüququ Bazeldəki Anna Frank Fonduna keşib. Gündəliyin növbəti nəşrinə (1991) Annanın əlyazmasından daha beş səhifə əlavə edilib. Gündəliyin tam mətni dərc olunmayıb.

Fransalı yazıçı, Holokostu inkar edən professor-ədəbiyyatşünas Rober Forisson Anna Frankın qeydlərini müharibdən sonra yazılmış saxta sənəd adlnadırıb. Hollandiya Dövlət Hərbi Sənədləşmə İnstitutunun və bir sıra başqa instansiyaların ekspertizaları Forrisonun iddiasının doğru olmadığını göstərib.

****

Həm məşhur siyasətçilər, həm də görkəmli incəsənət xadimləri yəhudilərə qarşı soyqırımın canlı şahidi olmuş 13 yaşlı qızcığazın gündəliyini nasizm cinayətlərinin ciddi sübutu olaraq qiymətləndiriblər.

Rusiyalı yazıçı-publisist İlya Erenburq:

“6 milyon nəfərin fikrini ifadə edən bir səs – hansısa müdrikin və ya şairin yox, adi bir qızın səsi”.

ABŞ-ın keçmiş prezidenti Con Kennedi:

“Böyük əzablar və fəlakətlər dövründə insanlıq ləyaqətinə müraciət edən saysız-hesabsız səslərin içində ən təsirlisi Anna Frankın səsidir”.

Eleanora Ruzvelt:

“Bu kitab müharibə və onun insan davranışına təsiri haqqında ən müdrik şərhlərdən biridir”.

Həqiqətən də, gündəlikdə müharibə haqqında, insanların ekstremal şəraitdə davranışları haqqında az qala aforizm səviyyəsində fikirlər var.

“Mən səmaya, buludlara, aya və ulduzlara baxanda sakit və səbirli oluram. Bu, valerian və ya bromdan qat-qat güclü vasitədir. Təbiət məni həm itaətkar, həm də bütün zərbələrə mərdliklə dözəcək qədər güclü edir. Çünki saxtalığı qəbul etməyən tək şey təbiətdir”.

“Həqiqəti nə qədər çox gizlədirsənsə, onu eşitmək o qədər çətin olur”.

“Bir insanı ancaq o vaxt yaxşı tanıya bilirsən ki, onunla bir dəfə möhkəm dalaşırsan. Kiminsə xasiyyətini ancaq bu yolla öyrənə bilərsən”.

“Pul, şan-şöhrət – zahiri şeylərin hamısını itirə bilərsən, amma ürəyinin dərinliyindəki xoşbəxtlik hissi müvəqqəti olaraq kölgələnə bilər. O qayıdacaq və sən ömrünü axırına kimi xoşbəxt olacaqsan”.

“Nə qədər ki, insanın daxilində xoşbəxtlik hissi var – təbiətdən zövq almağın, sağlam olmağın və başqa çox şeyin verdiyi xoşbəxtlik hissi, – nə qədər ki, insan bu hissi qoruyub saxlayır, həmişə xoşbəxt olacaq”.

“Kiməsə dərdini danışa biləndə, göz yaşları adamı sakitləşdirir”.

“Anamla mənim aramdakı fərq: biri kədərli olanda anam ona belə məsləhət verir – “Dünyada olan bütün bəlaları yadına sal və sevin ki, onlar sənin başına gəlməyib”; mənsə deyirəm ki, şəhər kənarına get – təbitətə, çöllərə, günəş olan yerlərə. Şəhər kənarına get və daxilindəki xoşbəxtlik hissini yenidən dirlitməyə çalış; içində və ətrafında olan bütün gözəl şeyləri yadına sal və xoşbəxt ol”.

zoom_video_header_still_-_landingspagina_in_het_kort.jpg__1280x1280_q85_subsampling-2.jpg
Anna Frank

“Valideynlər ya yaxşı məsləhət, ya da nəsihət verə bilərlər. Ancaq nəticə etibarilə öz xasiyyətini insan özü formalaşdırır”.

“Harda ümid varsa, orda həyat var”.

“Axmaq adam başqalarının bir işi ondan yaxşı bacarmasına qəzəblənir”.

“Hissləri dəyənəklə qova bilməzsən”.

“Heç kimin həyatında “ən sevimli” olmayan insan özünü tənha hiss edə bilər – onu çoxları sevsə belə”.

“Çox çalışıram hər şeyi elə edim ki, nəsihət leysanı narın yağışa çevrilsin”.

“Moskvada o qədər çox atəş açırlar, o qədər çox atəşfəşanlıq edirlər ki, başa düşə bilmirəm – ya müharibənin yaxında olduğunu hiss etmək xoşlarına gəlir, ya da öz sevinclərini ifadə etməyin başqa yolunu tapa bilmirlər”.

“Heç kim öz burnundan uzağı görə bilmir… Almaniyanın silahlandığı illərin hamısında ingilislər yatdılar. Elə Almaniyanın ətrafındakı o biri ölkələr də. Dəvəquşu siyasətinin axırı yaxşı olmur, bunu İngiltərə də gördü, bütün dünya da. İndi ölkələrin hamısı və elə İngiltərə də bunun cəzasını sərt bir şəkildə çəkməlidirlər”.

“Dini inkar edən olanda, bu mənim xoşuma gəlmir”.

“İnanclı insanlar xoşbəxtdirlər, bu dünyada olmayan bir şeyə inanmaq hər adamın işi deyil. Heç ölümdən sonrakı cəzadan qorxmaq da əsas deyil. Onsuz da çoxları ərafa, cənnət və cəhənnəmə inanmır. Ancaq din – hansı olur-olsun, -insanı yolundan çıxmağa qoymur. Burda məsələ allah qorxusu da deyil, öz ləyaqətinin və vicdanının qeydinə qalmaqdır. Təmiz vicdan insana güc verir”.

“Bir çox insanın yəhudilərə münasibətinin pisə doğru dəyişdiyini eşitmək bizi ağrıdır və qorxudur. Biz eşidirik ki, əvvəllər izi-tozu olmayan dairələrdə belə antisemitizim peyda olub. Bu vəziyyət sığınacağımızdakı 8 adamın hamısını ağrıdır, çox ağrıdır…”

“Biz bütün bu hücumlara dözürüksə və əgər bütün yəhudiləri qırıb qurtarmayacaqlarsa, bir gün onlar lənətlənmiş və rədd edilmiş vəziyyətdən çıxıb nümunə götürüləcək adamlara çevriləcəklər”.

“Mən insanlara, ətrafımdakılara fayda vermək, ya da onlara sevinc bəxş etmək istəyirəm. Məni tanımayanlar üçünsə öləndən sonra da yaşamaq isəyirəm”.

****

Otto Frankı və ailəsini, o cümlədən daha bir neçə yəhudini ələ verən şəxs Karl Yozef Zilberbauer olub – Nasional Sosialist Alman Fəhlə Partiyasının hərbi qanadı SS-də çavuş rütvəsində xidmət etmiş, ələ verdiyi hər yəhudiyə görə 7,5 qulden almış bu şəxs xüsusi qəddarlığıyla seçilib. 1948-ci ildə Amsterdam polisi onunla bağlı axtarış proseduru başladıb, ancaq Otto Frank ailəsinin ölümündə günahkar bildiyi bu şəxslə bağlı istintaqda iştirak etmək istəmədiyi üçün axtarış dayandırılıb.

1963-cü ildə prosesə yenidən start veriləndə Annanın gündəliyi artıq bütün dünyada məşhuruydu və günahsız insanların ölümünə səbəb olmuş satqını tapıb cəzalandırmağı tələb edənlərin sayı xeyli artmışdı. Ancaq çavuşu nə onda, nə də sonralar tapa biliblər.

2016-cı ildə Anna Frank Muzeyi yeni araşdırmasının nəticələrini dərc edib. Araşdırmada qeyd olunub ki, Frank ailəsinin qaldığı gizli sığınacağa polislər qıtlıq dövrünün qaçılmaz təzahürü olan saxta ərzaq talonlarının iziylə gedib çıxıblar. Hərçənd müəlliflər “donos” versiyasını da istisna etməyiblər.

Frank ailəsinin Amserdamda yaşadığı ev (hazırda – “Anna Frankın Evi”) hazırda turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir.

2017-ci ildə evi 1 milyon 200 min insan ziyarət edib.

Ana səhifəXəbərlərAnna Frank – sülh və sükut arzulayan Holokost qurbanı