“Amnesty İnternational”: Azərbaycan hakimiyyəti qadın fəallara qarşı yönəlmiş kampaniyaya görə məsuliyyət daşıyır

Təşkilat yetkilisi vurğulayıb ki, siyasi fəal və keçmiş vicdan məhbusu İlkin Rüstəmzadənin həyat yoldaşı Əminə Rüstəmzadənin təqibi hadisəsi şokedici vüsət alıb.

Source: Архив


“Bu, hökumətin tənqidçilərini susdurmağa və qadınların siyasi və ictimai fəallığını yatırmağa yönəlmiş strategiyanın bir hissəsidir”

“Azərbaycan hakimiyyəti qadın hüquq müdafiəçiləri və fəallara qarşı gender əsaslı şiddət kampaniyasına dərhal son qoymalı, vəziyyəti araşdırmalı və istər fərdi, istər vəzifəli, istərsə də təhlükəsizlik qüvvələrinin əməkdaşları olan şəxsləri ədalət mühakiməsinə cəlb etməlidir”.

“Turan”ın məlumatına görə, "Amnesty İnternational” beynəlxalq təşkilatının mayın 12-də keçirdiyi brifinqdə bildirilib.

Təşkilat həm özləri siyasi və ya ictimai fəallıqla məşğul olan qadınlara, həm də kişi fəallarla əlaqəsi olan qadınlara böhtan atmağa və onları susdurmağa yönəlmiş sistemli cəhdləri sənədləşdirib.

“Bir tərəfdən onlar böhtan kampaniyalarına məruz qalır və “pis həyat yoldaşı” və ya “pis ana” olmaqda ittiham olunur. Digər tərəfdən, onlar sosial şəbəkələrdəki hesabları sındırılmaqla və şəxsi yazışmalarının, şəxsi məlumatlarının və cinsi xarakterli materialların dərc edilməsi ilə şantaj edilir. Son iki ildə ən az 15 belə hadisə olub və bu halların sayı artır”, – təşkilat bəyan edib.

“Bu gender əsaslı təqbilərin xarakteri və metodları, həmçinin insan hüquqları pozuntularını ifşa edən və ya hakimiyyəti tənqid edən qadınların qurbana çevrilməsi faktı Azərbaycan hakimiyyətinin bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını və ya onlarda iştirakı olduğunu göstərir. İstənilən halda, bu çirkin kampaniyadan mənfəət götürən repressiv Azərbaycan hökuməti olur”,- deyə “Amnesty İnternational”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.

“Biz bir neçə il əvvəl ölkənin qabaqcıl tədqiqatçı jurnalistlərindən biri, keçmiş vicdan məhbusu Xədicə İsmayılovaya qarşı bu çirkin oyunun şahidi olduq, indi də eyni şeyi, amma daha geniş miqyasda görürük”, – deyə o əlavə edib.

“Amnesty İnternational”ın fikrincə, anonim “Telegram” kanalları, çox güman ki, fəalların hesablarının sındırılması tapşırılan təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz yolla əldə edilmiş şəxsi məlumatı dərc edirlər. Bu kanalların bilavasitə hakimiyyət tərəfindən dəstəkləndiyi barədə təxminlər var.

“Bu, əvvəlcədən işlənib hazırlanmış, hökumətin tənqidçilərini susdurmağa və qadınların siyasi və ictimai fəallığını yatırmağa yönəlmiş strategiyanın bir hissəsidir. Hakimiyyət qadın fəalları açıq şəkildə utandıraraq və şantaj edərək onların qanuni ictimai fəaliyyətdən imtina edəcəklərinə və ya onları buna vadar edə biləcəklərinə ümid edir”, – deyə Natalya Nozadze bildirib.

Bu il Bakıda təhlükəsizlik qüvvələri tərəfindən dağıdılan Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yürüşün təşkilatçıları bu artan hücumların qurbanlarına çevriliblər. Belə ki, 2021-ci ilin martında şəbəkədə yürüşün təşkilatçılarından biri olan Nərmin Şahmarzadənin şəxsi söhbətləri, habelə sosial şəbəkələrdəki hesablarının sındırılması yolu ilə əldə edilmiş şəxsi fotoşəkilləri və yürüşün digər təşkilatçısı Gülnarə Mehdiyevanın mesajları dərc edilib.

Təşkilat yetkilisi vurğulayıb ki, siyasi fəal və keçmiş vicdan məhbusu İlkin Rüstəmzadənin həyat yoldaşı Əminə Rüstəmzadənin təqibi hadisəsi şokedici vüsət alıb. 2020-ci ilin iyulunda o, eskort xidmətləri saytında əlaqə vasitələri dərc edildikdən sonra intihara cəhd edib, onun özünə isə şəxsi həyatının ifşa ediləcəyi ilə bağlı dəfələrlə təhdidlər daxil olmağa başlayıb.

“Amma təqib bununla başa çatmır. Qadın fəallara “pis həyat yoldaşı və ana” və ya “ruhi xəstə” damğası vuraraq, onları utandırmaq və ayrı-seçkiliyə məruz qoymaq üçün gender stereotiplərindən istifadə olunur. Bu sonsuz çirkab axını minbərlərdən, rəsmi tribunalardan və televiziya ekranlarından əks-səda verir. Bəzən bu “ittihamların” təsdiqi üçün telefon söhbətlərinin qanunsuz dinlənilməsi ilə əldə olunan məlumatlardan istifadə olunur”,- deyə Natalya Nozadze qeyd edir.

“Amnesty İnternational” deyir: “Azərbaycanda qadın fəallar öz hüquqlarından istifadə etmək və heç bir təqibdən qorxmadan qanuni fəaliyyətlərini həyata keçirmək imkanına malik olmalıdırlar”.

Azərbaycan hakimiyyəti qadın fəallara qarşı yönəlmiş bu gender zorakılığı və ayrı-seçkilik kampaniyasına dərhal son qoyulmasını təmin etməlidir və hər bir məlum hadisənin, habelə digər insan hüquqları pozuntularının, o cümlədən onların şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hallarının tez, qərəzsiz və səmərəli tədqiqatını həyata keçirməlidir. Hakimiyyət ədalətli məhkəmə təhqiqatı çərçivəsində bütün qanunsuz əməllərin törədilməsində və ya bu əməllərdə iştirakda şübhəli bilinən bütün şəxsləri – istər fərdi şəxsləri, istər təhlükəsizlik xidmətlərinin əməkdaşlarını və ya digər vəzifəli şəxsləri müəyyən etməli və məsuliyyətə cəlb etməlidir.

Ana səhifəSiyasət“Amnesty İnternational”: Azərbaycan hakimiyyəti qadın fəallara qarşı yönəlmiş kampaniyaya görə məsuliyyət daşıyır