“Amerikalı Taliban” 17 ildən sonra azadlığa çıxıb

“O, Əl-Qaidə tərəfdarından İslam Dövləti tərəfdarına çevrilmiş görünür”

Source: BBC

"Amerikalı Taliban" ləqəbli Con Voker Lindh (John Walker Lindh) həbsdən azad edilib.


BBC

yazır ki, ABŞ-ın dövlət katibi Mayk (Mike) Pompeo bu qərarı "məntiqsizlik" adlandırıb.

Lindh 2001-ci ildə Əfqanıstandakı döyüşlərdə tutulduqdan sonra 20 illik həbs cəzasına məhkum edilib. Cəzasının 17 ilini çəkib.

Onun erkən azad edilməsi tənqidlərə səbəb olub. Çoxu inanır ki, o, hələ də ekstremist baxışlara sahibdir.

Pompeo cümə axşamı "Fox News"-a verdiyi müsahibədə deyib ki, qərar "dərin narahatlıq doğurur və səhvdir".

Lindh "hələ də Amerika Birləşmiş Ştatlarına təhdiddir" və "hələ də bir zamanlar içində olduğu cihada sadiqdir", – Pompeo vurğulayıb.

Onun vəkili Bill Kamminqs (Bill Cummings) CNN-ə bildirib ki, Lindh Virciniyaya köçəcək və probasiya məmurunun nəzarəti altında yaşayacaq.

Lindh 1981-ci ildə Vaşinqtonda dünyaya gəlib. Con Lenonun (John Lennon) şərəfinə Lindh adlandırılıb. O, katolik olaraq yetişdirilib.

Məktəbdən qovulmuş Lindh 16 yaşında İslamı qəbul edib və ərəbcə öyrənmək üçün Yəmənə köçüb.

2000-ci ildə o, Pakistanda oxumağa gedib. 2001-ci ilin mayında isə Əfqanıstana gedib və Talibana qoşulub.

ABŞ qüvvələri 11 sentyabr terror hücumu ərəfəsində Əfqanıstanı işğal etdikdən qısa müddət sonra Lindhi həbs edib.

"İndi bildiyim şeylər barədə o vaxt məlumatlı olsaydım, əsla Talibana qoşulmazdım", – Lindh 2002-ci ildə məhkəmədə belə deyib.

Lindhin ekstremizmi tərk etməmiş olmasıyla bağlı narahatlıqlar var.

"Foreign Policy" jurnalı ABŞ hökumətinin 2017-ci ilə aid sənədlərini dərc edib. Məhbusun "qlobal cihad üçün propaqandanı davam etdirdiyini və ekstremist mətnlər yazaraq tərcümə etdiyini" – bildirib.

Keçən ilin martında Lindh "televiziya aparıcısına bildirmişdi ki, o, azadlığa buraxıldıqdan sonra ekstremist İslamı yaymağa davam edəcək", – sənədlər iddia edir.

Yaxınlarda "The Atlantic" jurnalının müxbiri Qraem Vud (Graeme Wood) Lindhə həbsxanadaykən məktub yazıb və onu "peşman olmayan" – adlandırıb.

"17 ildən artıq həbsdə qalmasına baxmayaraq, o, Əl-Qaidə tərəfdarından İslam Dövləti tərəfdarına çevrilmiş görünür" – deyə, Vud qeyd edir.

Ana səhifəDünya“Amerikalı Taliban” 17 ildən sonra azadlığa çıxıb