Almaniyaya köçmək üçün pul ödədi, həm pulu getdi, həm də rahatlığı

Kazımovlar ailəsi Almaniyada rahat və gözəl həyat yaşamaq üçün evlərində olan-qopan bütün əşyaları satıb 8500 manat toplayıblar.

Source: Meydan.TV
Almaniyaya köçmək üçün pul ödədi, həm pulu getdi, həm də rahatlığı

Kazımovlar ailəsi Almaniyada rahat və gözəl həyat yaşamaq üçün evlərində olan-qopan bütün əşyaları satıb 8500 manat toplayıblar. Bu pulu onlara viza almağa və Almaniyada iş tapmaqda kömək edəcəyinə söz verən Akif Əsədov adlı şəxsə veriblər. Amma  pulları da gedib, rahatlıqları da.

Gülşən Cabbarova deyir ki, Almaniyada yaşayan qohumunun təklifi ilə onlar Akif Əsədov adlı şəxslə tanış olublar. O, ailəyə bildirib ki, 8500 manat qarşılığında onları 1 həftə ərzində Almaniyaya göndərə bilər. Pul ödənir, 1 həftə 2 il olur, amma onlar Bakıdan kənara bir addım belə ata bilmirlər.

Adı çəkilən Akif Əsədov və Nərminə Dadaşovanın internetdə görüntüləri var. Videonu çəkən şəxslər iddia edirlər ki, Akif Əsədov onlardan pul alıb, xaricə göndərməyib.

Almaniya səfirliyi ailəyə viza vermir. Şikayətçi deyir, Nərminə Dadaşovanın təklifi ilə Polşa və daha sonra Litva səfirliyinə sənədlərini verirlər ki, bu ölkələr vasitəsilə Almaniyaya getsinlər. Amma onlardan da imtina cavabı alırlar. Şikayətçi deyir ki, bu hadisədən sonra Nərminə Dadaşova 8500 manatdan 600 manata qədər pulu geri qaytarır. Qalan 7900 manat bu vaxta qədər geri qaytarılmayıb.

Bakıda işsizlikdən əziyyət çəkən ailəyə Almaniyada hansı həyat vəd edilmişdi?

Almaniyada yaşayan jurnalist Yafəz Həsənov deyir ki, şirnikləndirici vədlərlə bu ölkəyə pənah gətirən azərbaycanlılar indi deportasiya olunmamaq üçün gecələr küçədə yatırlar.

2019-cu ilin noyabrında Almaniya 61 azərbaycanlını öz ölkələrinə deportasiya edib. Onlar bu ölkədə icazəsiz yaşadıqlarına görə geri qaytarılıblar. Ötən il  Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb. Saxlananlar arasında Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev də var.

Gülşən Cabbarova deyir, Akif Əsədov və Nərminə Dadaşovanın hərəkətlərindən Daxili İşlər Nazirliyinə şikayət ediblər. Əvvəlcə işə Nəsimi rayon Polis İdarəsi baxıb, daha sonra Nizami rayon Polis İdarəsinə ötürüb. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyir ki, ailənin narahatlığına ehtiyac yoxdur, polis əməkdaşları işi araşdırırlar.

Akif Əsədov və Nərminə Dadaşovaya zəng etsək də, onlar telefonların açmayıblar.

Bəs ailəni nə vadar edirdi ki, vətəndaşı olduqları ölkəni tərk etsinlər ?

Gülşən Cabbarova deyir, yoldaşı Ramiz Kazımov II qrup Çernobl əlilidir. 1990-cı ildən ev növbəsinə dayansalar da, onlara ev verilməyib. O deyir, baş vermiş iki devalvasiyadan sonra qapı, pəncərə düzəldən yoldaşına heç kim iş buyurmayıb. Pulsuzluğa görə başqa ölkədə təminatlı yaşayışa can atıblar.

Ailə tələb edir ki, Akif Əsədov və Nərminə Dadaşova cəzalandırılsın və onların pulu geri qaytarılsın. Yaşadıqları qovğadan sonra onlar artıq Avropaya da üz tutmaq istəmirlər.

Ana səhifəReportajAlmaniyaya köçmək üçün pul ödədi, həm pulu getdi, həm də rahatlığı