Almaniyanın xarici işlər naziri Tehranda ”konstruktiv” yollar axtarır

Almaniya və İranın xarici işlər nazirlərinin görüşündə nüvə razılaşmasının qorunması məsələsi müzakirə olunacaq

Source: Meydan TV


Almaniya və İranın xarici işlər nazirlərinin görüşündə nüvə razılaşmasının qorunması məsələsi müzakirə olunacaq

Almaniyanın xarici işlər naziri Hayko Maas (Heiko Maas) İran və dünya qüvvələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasının qorunması üçün mövcud imkanları araşdırmaq məqsədiylə iranlı həmkarı ilə görüşəcək, – Azadlıq Radiosu xəbər verir.

Görüş iyunun 10-da baş tutacaq.

Maas ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Prezident Həsən Ruhani ilə görüşmək üçün Tehrana gəlib.

Tehran səfərindən öncə Maas danışıqların hər iki tərəf üçün "konstruktiv" olacağına ümid edib. O deyib ki, tərəflər İranın nüvə müqaviləsini qoruması üçün yollar axtaracaqlar.

Zərif isə deyib ki, o, tərəfdaşların razılaşmanı qorumaq üçün nə təklif edəcəklərini bilmək istəyir.

Müqavilənin Avropa tərəfdaşları – Fransa, İngiltərə və Almaniya – Amerika Birləşmiş Ştatları 2018-ci ilin mayından etibarən müqavilədən geri çəkildikdən və Vaşinqton İran iqtisadiyyatına sanksiyalar tətbiq etməyə başladıqdan sonra çalışırlar ki, hər hansı yolla Tehranla imzalanmış razılaşmanı qorusunlar.

ABŞ prezidenti Donald Tramp deyib ki, müqavilənin şərtləri İranın nüvə silahını inkişaf etdirməsinə mane olmaq üçün kifayət qədər qənaətbəxş deyil və İranın ballistik raket proqramını, eləcə də Yaxın Şərqdə mövcud olan münaqişələrdəki rolunu əks etdirmir.

Müqaviləni imzalayan Avropa dövlətləri də ABŞ-ın İranın ballistik raket proqramı və regional fəaliyyətləri ilə bağlı narahatlıqlarını paylaşır.

İran bu iddiaları rədd edir və israr edir ki, nüvə proqramı sivil enerji məqsədləri üçün inkişaf etdirilir.

Keçən ay Tehran nüvə razılaşması çərçivəsində bir sıra öhdəliklərindən boyun qaçırıb və qeyd edib ki, Avropa ölkələri onu ABŞ-ın sanksiyalarından qorumazsa, uran zənginləşdirməsini davam etdirəcək.

İyunun 10-da İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi avropalı tərəfdaşlarını qınayaraq deyib: "İndiyə qədər biz İranın maraqlarını təmin etmək üçün avropalılardan praktiki və əllə tutulacaq heç bir addım görməmişik".

Avropa ölkələri "İranı nüvə razılaşmasından kənara çıxan məsələlərdə sorğulamaq iqtidarında deyil," – Musəvi deyib.

Tehran və Vaşinqton arasındakı gərginlik son həftələrdə ABŞ-ın Yaxın Şərqə hərbi avadanlıq göndərməsiylə daha da artıb. ABŞ İranı açıq olaraq "təhdid" adlandırıb. Tehran isə ABŞ-ın iddialarını rədd edir.

Ana səhifəDünyaAlmaniyanın xarici işlər naziri Tehranda ”konstruktiv” yollar axtarır