Alfred Redl – Xəyanət və müharibə

Qaliçiya cəbhəsində də, Almaniyanın və Osmanlının müdaxiləsinədək Rusiya qarşısında faktiki olaraq aciz duruma düşmüşdü.

Foto: Meydan TV


Redlin xəyanətinin miqyası Avstriya-Macarıstan dövləti və ordusu üçün çox həlledici oldu

Birinci dünya müharibəsinin astanasında, Avstriya-Macarıstanın paytaxtı Vyana dəhşətli xəyanət skandalı ilə silkələndi. Nəhəng ordunun Baş Kəşfiyyat rəisi, polkovnik Alfred Redlin Rusiya casusu olduğu ortaya çıxdı.

Hadisə, çox kuryoz şəkildə baş vermişdi. Homoseksual olan, lakin ətrafından, mühafizəkar Avstriya-Macarıstan cəmiyyətindən və ordu rəhbərliyindən bunu gizlədən Redl Rusiya kəşfiyyatının ovucuna düşmüşdü. Çarın xüsusi xidmət orqanı "Oxrana"-nın agenti olan avstriyalı, Redllə münasibət qurmuş, ardınca cinsi əlaqəyə girmiş və otel otağındakı görüşün intim fotoları çəkilmişdi. Fotolardan istifadə olunaraq Redl şantaj vasitəsilə "verbovka" olunmuşdu.

Bu cür əhəmiyyətli post tutan zabitin homoseksual olması ortaya çıxdıqda, Avstriya ordusunun əks-kəşfiyyatı onu izləməyə almış, Redl Rusiyadan gələn pul dolu zərflərdən növbətisini açarkən onu cinayət başında yaxalamışdı. Ardınca, məsələ birbaşa imperator Frans İosifə məruzə olunur və imperatorun xeyir-duası ilə Redl yaxınlıqdakı otellərdən birinə aparılır, ona silah verib otaqlardan birinə salırlar. Bir neçə saniyədən sonra Redl özünə atəş açmaqla intihar edir. Bu hadisə və onun yaratdığı rezonans qismən senzuralı Avstriya-Macarıstan cəmiyyətinin yaddaşından silinməyə çalışılsa da, Redlin xəyanəti gələcəkdə böyük nəticələrə səbəb oldu.

Uzun müddət ordunun Kəşfiyyat İdarəsinin rəhbəri işləmiş Redl ifşa olunana və intihar edənə qədər, Rusiya kəşfiyyatına ordu haqqında ən xırda detallarınadək bütün məlumatları ötürmüş, eləcə də ordu sıralarına yüzlərlə rus casusu yerləşdirmiş və yüksək rütbəli çox sayda hərbçini Rusiya xüsusi xidmət orqanlarına "yem etmişdi". Ordunun dislokasiyası, silah və artilleriya növləri, ehtiyatda olan hərbçilərin sayı, səfərbərlik planları, dağ keçidlərindəki həyati dərəcədə vacib postlar, əməliyyat planları, hərbi strategiyalar, bir sözlə, orduya aid ən xırda detallara qədər odru haqqındakı hər şey Rusiya tərəfə ötürülmüşdü. Məsələn, 25 dildə səfərbərlik elanları yayan çoxmillətli Avstriya-Macarıstanın səfərbərlik planlarının nimdaş, ləng və dövrlə uyğunlaşmayacaq səviyyədə olması barədə Rusiya Kəşfiyyatı elə bir dərəcədə məlumatlı idi və müttəfiqi Serbiyanı məlumatlandırmışdı ki, müharibə başlayandan sonra 1 ay ərzində Serbiya heç bir narahatlıq hiss etmədən və aktiv döyüş gedən ərazilərə çox az sayda ordu qüvvələri cəmləşdirməklə rahatca səfərbərliyini keçirmişdi.

Kəşfiyyatın rolunu, çox vaxt sənədli filmlər və ədəbiyyat şişirdir, olduğundan daha böyük göstərir, lakin, ordunun kəşfiyyat rəisinin on illər ərzində düşmənə casusluq etməsi, nəticələrə ölümcül dərəcədə təsir edəcək faktordur.

Redlin ruslara, rusların da serblərə ötürdüyü informasiyalar, müharibənin gedişində Avstriya-Macarıstan ordusunu addımları, atəş gücü və yerləşməsi əvvəlcədən bilinən mənasız insan yığınına çevirmiş, min illik Avstriya-Macarıstan imperiyasının bütün taleyini həll etmişdi.

120038035_3331798606902178_408903916066618169_n.jpg
Polkovnik Alfred Redl

Redlin xəyanətinin miqyası Avstriya-Macarıstan dövləti və ordusu üçün o qədər həlledici oldu ki, müharibə başlayanda bütün dünyanın serblərin Avstriya tərəfindən əziləcəyini gözlədiyi halda, qat-qat böyük, mükəmməl hazırlıq keçmiş və alman zavodlarında istehsal edilən dövrün ən güclü silahlarına sahib olan qüdrətli Avstriya-Macarıstan ordusu, əksəriyyətini könüllülərin formalaşdırdığı, təlimsiz və zəif silahlanmış Serbiya ordusu qarşısında ilk döyüşdəcə rəzil oldu və on minlərlə əsgəri əsir düşdü. Qaliçiya cəbhəsində də, Almaniyanın və Osmanlının müdaxiləsinədək Rusiya qarşısında faktiki olaraq aciz duruma düşmüşdü.

Qüdrətli Avstriya ordusunun başlanğıcda bu qədər rəzil duruma düşəcəyini düşmənləri daxil, heç kim gözləmirdi. Müharibənin başlanğıcından az sonra, Avstriya Almaniya üçün müttəfiq olmaqdan daha çox, ayaq bağına çevrilmişdi və Almaniya iki cəbhədə faktiki olaraq, təkbaşına döyüşürdü.

Təsadüfi deyil ki, müharibənin başlamasından bir il sonra, Redlin yerləşdirdiyi casus şəbəkəsi çökdürüləndən və Redllə yaxın olan bütün zabitlər ordudan qovulandan, eləcə də Avstriya ordusunun Alp dağlarındakı əvvəlcədən plana uyğun şəkildə salınan dislokasiya yerləri dəyişdirildikdən sonra, həmin keçidləri tutan Avstriya ordusu hissələri özündən 10 dəfə böyük milyonluq İtaliya ordusunu darmadağın etmişdi.

Həmin dövrə aid Fransa və İngiltərə Baş Qərərgahları, eləcə də İngiltərə hökuməti sənədlərində, hətta zəif və təchizatsız Osmanlı ordusu belə, təhdid olaraq qəbul edilir və onlara qarşı siyasi və hərbi planlar qurulur. Lakin Avstriya ordusu Serbiya qarşısındakı çöküşdən sonra nə düşmənləri, nə də müttəfiqi Almaniya tərəfindən ciddi hərbi qüvvə hesab edilirdi.

Redlin xəyanəti, təkcə Avstriya-Macarıstanın deyil, bütün dünyanın tarixi baxımından olduqca əhəmiyyətli oldu. Vəliəhdinin Serbiya hökumətinin dəstəklədiyi qrup tərəfindən öldürülməsinə, daha geniş baxımdan isə Serbiyanın və Rusiyanın slavyanların yaşadığı Avstriya əyalətlərində separatçılığı təşviq etməsinə cavab olaraq girdiyi müharibədə Avstriya faktiki olaraq qumar oynamışdı və bütün planlarını Serbiyanın iki həftə ərzində təslim olacağına əsasən qurmuşdu. Lakin Avstriya ordusu ilk əlbəyaxadaca Serbiya qarşısında darmadağın oldu və Avstriya, dağılmış ordu və məhvedici ruh düşkünlüyünün təsirilə şərqdə Rusiya qarşısında duruş gətirə bilmədi, qüdrətli minillik imperiya müharibənin sonuna qədər Almaniyanın döyüşlərinin nəticələri gözləməkdən başqa çarəsi qalmayan, ikinci dərəcəli müttəfiq pozisiyasına endi. Osmanlı ordusunun təchizat baxımından zəif olduğu şəraitdə Serbiyanın qələbəsi, Antanta tərəfindən dəniz blokadasında olan Osmanlı imperiyası ilə digər müttəfiqlərini quru əlaqəsindən məhrum etdi və bu da müharibənin taleyində həlledici oldu.

Əzəmətli Avstriya imperiyasının bacarmadığını, müharibəyə sonradan daxil olan qat-qat zəif Bolqarıstanın qısa müddətdə bacararaq, Serbiyanı darmadağın etməsi, Alfred Redlin xəyanətinin Avstriya ordusu üçün yaratdığı nəticələrin miqyasını tam şəkildə ortaya qoyur.

Serbiyanı darmadağın etmək üçün müharibəyə girən minillik Avstriya-Macarıstan imperiyası və Habsburq xanədanı yıxılır, dünyanın ən böyük 5-ci supergücü, Roma imperiyasının varisi, Avropanın ortasında ordusu, əzəmətli keçmişindən başqa heç nəyi olmayan, Almaniyanın əyaləti olmaq uğrunda çırpınan kasıb və miskin bir dövlətə çevrilir.

Redlin xəyanəti haqqında, xüsusilə son dövrlərdə çoxlu kitablar yazılıb və film çəkilib. Və get-gedə daha çoxsaylı çevrələrdə, bu hadisə Avstriya İmperiyasının müharibədəki rüsvayçılığının əsas səbəbi olaraq qəbul edilməkdədir.


P.S.

Bütün baş verənlərə baxmayaraq, I Dünya müharibəsi elan olunanda Avstriyada milyonlarla insan küçələrə axışmış, sevinc və vətənpərvərlik hayqırtılarıyla müharibəni salamlamışdı. 4 il sonra onların yarısı yeməyə çörək tapmırdı.

119931080_437803817196034_4930317905197091048_n.jpg
Redlin xəyanəti haqqında, xüsusilə son dövrlərdə çoxlu kitablar yazılıb və film çəkilib.
Ana səhifəXəbərlərAlfred Redl – Xəyanət və müharibə