Ağsuda: Gənc ananın qətlinin təfərrüatları

Jurnalist faciənin baş verdiyi evə buraxılmayıb

Source: Meydan Tv


Jurnalist faciənin baş verdiyi evə buraxılmayıb

Azərbaycanda ailə-məişət zorakılığı zəminində baş verən qadın qətlləri, təzyiqlər tez-tez ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilir .

Qətllər çox vaxt əks cinsin nümayəndələri- intim tərəf müqabilləri, yaxud da ailənin digər kişi üzvləri tərəfindən törədilir. İstintaq materiallarına əsasən, ölüm faktı da əksər hallarda qısqanclıq və xəyanət, yaxud da ailə-məişət problemləri fonunda baş verir.

Belə hadisələrdən biri sentyabrın 5-də Ağsuda baş verib. İstintaqın qənaətinə görə, kənd sakini 24 yaşlı N.Z qardaşının həyat yoldaşı, 19 yaşlı H.Z-nı qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Həyat yoldaşı hərbçidir, o, hadisə baş verən zaman evdə olmayıb.

İddia olunur ki, N.Z gəlinlərinin başqası ilə olan münasibətindən şübhələnib.

Ağsu şəhər sakinləri Meydan TV əməkdaşına bildiriblər ki, kənd ağsaqqalları mərhumun ailəsinin kəndi tərk etməsinə qərar veriblər, hətta onlara vaxt da qoyublar.

“Qızın atasıgil əvvəllər başqa kənddə yaşayıblar, sonra bura köçüblər. Məlum hadisədən sonra kəndin bələdiyyəsi, ağsaqqalları və yerli camaat belə qərara gəlib ki, qızın ailəsi kənddən çıxsın”, – Ağsu sakini deyir.

Meydan TV əməkdaşı hadisənin baş verdiyi kənddə olub. Kənd sakinləri əvvəlcə danışmaq istəməsələr də, sonradan ailənin kənddən çıxarılma söhbətinin əsassız olduğunu bildiriblər.

Hadisənin törədildiyi ev
Hadisənin törədildiyi ev

“Qızın ailəsi niyə kənddən çıxmalıdır? Camaatın ailəsini dağıdanı kənddən çıxarmaq lazımdır. Bu dövlətin yiyəsi varsa, kasıbın sahibi varsa, elə şərəfsizləri kənddən çıxarsın. Qətli törədən qızın öz dayısı oğludur. Hadisə namus üstündə olub. Kişi öz bacısı qızını oğluna alıb. Qızın atasını kənddən çıxarmaq istəyirlər söhbəti yalandır. Bu dəqiqə bütün ailə bir yerdədir, arada heç bir nifaq, söz-söhbət yoxdur”, – qonşulardan biri deyib.

Digər kənd sakini isə “Onların bizə uzaqdan qohumluğu çatır. Oğlan dayısı qızını, yəni qardaşının arvadını evdə başqa bir oğlanla tutub. Arada mübahisə düşüb, qız da dayısıoğluna deyib ki, əcəb edirəm. Oğlan da qızı boğub öldürüb,” – deyir:

“Hadisə ayın 5-də baş verib. Lakin yas mərasimi keçirilmir. Kimsə başsağlığına gələrsə, qabağına bir stəkan çayla xurma qoyulur. Ailəni dağıdan şərəfsizi isə buraxıblar, azadlıqda gəzir. O, qonşudur, bu kənddəndir. Kimliyini deyə bilmərik, gedin, özünüz tapın”.

Bir neçə gənc, həmçinin qətli törətməkdə şübhəli bilinən şəxsin atası İ.Z Meydan TV əməkdaşının yas mərasiminə getməsinə mane olub. Qətlə yetirilən şəxsin ailəsi ilə əlaqə saxlamağa imkan verilməyib.

İ.Z bacısının ailəsinin kənddən çıxarılması ilə bağlı yayılan şayiənin əsassız olduğunu söyləyib:

“Sizə yanlış məlumat veriblər. Öldürən oğlanın valideyni mənəm. Hadisə idi, oldu keçdi. Namus üstündədir. Oğlum getdi, cəzasını çəkəcək. Həmin oğlanı niyə tutmayıblar, prokurorluğa gedin, maraqlanın, hamı şokdadır. O, gəlib, gözümüzün qabağında gəzir”.

Gənclərdən biri isə “Biz həmin adamın kənddən çıxmağını istəyirik. Rahat-rahat gəzir, amma Allah qoysa, onun bir şeyi çıxacaq”, – deyir.

Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Rəhimov Meydan TV-yə bildirib ki, el arasında çox söz-söhbət olur, amma reallıqda heç biri öz əksini tapmır:

“Hadisə baş verən gün hüquq-mühafizə orqanları ilə birlikdə orada olmuşam. Elə bir söhbətə rast gəlməmişəm. Bizə həmin ailənin kənddən çıxarılması ilə bağlı hər hansı müraciət daxil olmayıb. Digər tərəfdən isə, ümumiyyətlə, bu hüququ kim verib ki, kimsə vətəndaşı kənddən çıxarsın? Müəyyən müddətdən sonra qanun hər şeyi tənzimləyəcək”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Meydan TV-yə bildirib ki, bu kimi ölüm faktlarında özünü təmizə çıxarmaq istəyənlər, qətli xəyanətlə əlaqələndirirlər:

“Çoxu emosional vəziyyətdə və yaxud bilərəkdən, əvvəlcədən hazırlanmış plan əsasında hansısa qadını öldürürsə, bunu namus cinayəti kimi təqdim edir ki, bir az məsuliyyətdən azad olsun. Bu, sovetlər dönəmindən qalıb. Çünki o vaxt qadın ölümləri indiki kimi tez-tez baş vermirdi. On ildə bir hadisə olardı və onda da müəyyən yüngül cəza verilirdi. Törədilən cinayət, şəxsin emosional və bu məsələdə gərgin affekt vəziyyətinə düşməsi ilə əsaslandırılırdı.

Mən əvvəldən fikir yürüdə bilmərəm, orada xəyanət olub, ya yox. Lakin 19 yaşlı yeni ailə qurmuş qadının xəyanət etməsi məntiqə sığmır. Digər tərəfdən, əgər kimsə onu yoldan çıxarıbsa, bu, mənəvi cinayət hesab olunur. Təəssüf ki, bizdə mənəvi cinayətlər baş verəndə buna görə kimsə məsuliyyətə cəlb olunmur. Kiminsə həyat yoldaşını, gənc bir qızı yoldan çıxarmaq, yaxud söz atmaq, həmçinin haqqında şayiə yaymaq mənəvi cinayətdir. Əgər biz milli mentaliteti qoruyuruqsa, buradan yola çıxmaq lazımdır. Halbuki, sadaladığım hallara görə böyük cinayətlər, ailə faciələri baş verir”.

Qətli törədən N.Z hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb. Ağsu rayon prokuroru Namiq Muradov Meydan TV-yə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı müstəntiq Kamran Ağayev aparır.

Ana səhifəBölgəAğsuda: Gənc ananın qətlinin təfərrüatları