”Səhərdən axşama kimi kərki vururam, kol-kos, alaq təmizləyirəm”
Ağsu rayonu, Ülgüc kənd sakini Əzizə Kazımova valideynlərindən ona miras qalan 78 ilin köhnə, ikimərtəbəli kərpic evində tənha yaşayır. Bu illər ərzində təmir-bərpa işləri aparılmadığından, qışın yağışı-qarı evi daha da qəzalı vəziyyətə salıb.
“Evin divarları çatlayıb, bünövrəsi də çöldən ovulub-tökülür. Vəziyyəti özünüz görürsünüz, burada yaşamaq çox təhlükəlidir. Qışda yağış-qar yağanda, hamısı evin içinə axır. Ləyən, qazan düzürəm su daman yerlərə. Hamam yoxdur, tualet də olmasa ondan yaxşıdır. İmkanım yoxdur, özüm də xəstə adamam. Təmirə pulum haradan olsun?! Pulum olsa, iynə-dərmanımı alaram”, – Əzizə Kazımova Meydan TV-yə belə deyir.
Söyləyir ki, əlinə düşən qəpik-quruşu kommunala xərcləyir ki, sonra qazsız, işıqsız qalmasın:
“İşığın pulunu ödəməyəndə də gəlib, kəsirlər. Bakıda yaşayan bacım qızı arada 10 manat göndərir ki, işığımı kəsməsinlər. Qaza da ayda 3 manat vurub, az-az işlədirəm ki, soyuqdan ölməyim. Gecələr qorxu, səksəkə içində yatıram ki, ev başıma uçacaq. Uçuq-sökük evdə, bir otağın içində yaşayıram. Zəlzələ olsa, ev dağılacaq, altında qalacağam, heç kimin də xəbəri olmayacaq”.
Əzizə Kazımova işsizlikdən də giley-güzar edir. Onun sözlərinə görə, iş tapmır ki, bir parça çörəkpulu qazansın:
“Rayon yerlərində normal iş tapmaq olmur. Camaat qırılıb-batır. Aşağı kəndlərdə kərkiyə gedirəm. Bu iş də daimi deyil. Səhərdən axşama kimi kərki vururam, kol-kos, alaq təmizləyirəm. Bu əziyyətimin qarşılığında beş manat pul alıram. Mən beş manatla necə dolanım? Bəzən də sarımsaq yığmağa gedirəm, 5-6 kiloqram sarımsaq verirlər. O da mənim nəyimə lazımdır? Atmışam, qalıb bir küncdə. Yarıac-yarıtox, ehtiyac içində yaşayıram. Şor-çörəklə dolanıram. Dükandan nisyə kartof alıb, yeyirəm. Ətin dadını isə çoxdan unutmuşam”.
Ümidi hər yerdən üzülən şikayətçi, Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etmək istəyib. Lakin qonşuları ona deyiblər ki, qurum mülki vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə məşğul olmur:
“Savadsız adamam, kimə, hara müraciət edəcəyimi də bilmirəm. Bir ara istədim Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedim, qonşular dedi ki, özünü yorma, onlar sənə ev tikən deyillər. Beləcə oturub, gözləyirəm, ümid Allahadır”.
Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Tacızadə Meydan TV-yə bildirib ki, Əzizə Kazımzadə ilk növbədə İH-nə müraciət etməlidir:
“Evlərin siyahıya alınması və müvafiq tədbirlərin görülməsi ilə Fövqəladə Hallar Nazirliyinin rayondakı şöbəsi məşğul olur. Vətəndaş özü gəlsin, İH-nə müraciət etsin. Qeydiyyata alındıqdan sonra yönləndirək, Fövqəladə Hallar Komissiyasının üzvləri gedib yerində baxıb, qiymət verəcəklər. Müraciət olunduğu təqdirdə, həmin şəxsə əlimizdən gələn yardımı göstərəcəyik”.