Ağsu sakini: Baş həkimin müavini əlillik dərəcəsi üçün məndən pul istədi

Heç olmasa, pensiya alım ki, dərmanlara pulum olsun və uşaqlarımı birtəhər dolandıra bilim.

Foto: Meydan TV


''İndi də məni hədələyir ki, səbrli olsaydın, sənin işini düzüb-qoşacaqdım''

“Keçən ilin martında qulaqlarımda problem yaranmışdı. Ağsu Rayon Mərkəzi Xəstəxanasına qulaqlarımı yuduzdurmağa getdim. Qulaq-burun-boğaz (LOR-red) həkimi qulaqlarımı yudu, daha sonra da firma dərmanları yazdı ki, elə indi bunları al gətir, sənə mütləq müalicə lazımdır, çünki qulaqlarında göbələk var. Gedib, yazdığı dərmanları aldım. Mənə iynələri vuran kimi şok keçirdim. Həmin vəziyyətdə ortalıqda qaldım, heç bir tədbir görülmədi. Bircə əlacım ona çatdı ki, telefonumu götürüb, həyat yoldaşıma zəng edib, dedim ki, şok keçirmişəm, durma gəl”.

Bu sözləri Meydan TV-yə 1980-cil il təvəllüdlü Ağsu rayonu, Kalağaylı kənd sakini Malik Mehdiyev deyir. O, iddia edir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq, həkim məsuliyyətsizliyi, həmçinin vəzifədən sui-istifadə halları baş alıb gedir:

“Xeyli vaxt keçəndən, yaxınlarım xəstəxanaya gələndən sonra məni arabayla reanimasiya şöbəsinə qaldırıb, bir sutka orada saxladılar. Keçirdiyim şok vəziyyətindən sonra sağ qalmağıma həkimlər özləri də məəttəl qalmışdılar. Xəstəxanadan evə buraxılanda isə anketimdə yazdılar ki, guya belimdən əməliyyat olunmuşam. Danışmayım, susum deyə, aptekə xərclədiyim iki yüz manatı özümə geri qaytardılar. Bununla da söhbət bağlandı. Məhz həmin hadisədən sonra səhhətim hər gün daha da ağırlaşdı, ürəyimdə problemlər yarandı. Buradakı həkimlərdən əlimi üzdüyüm üçün Kürdəmirə getdim. Oradakı həkimlər dedilər ki, ürəyində problem var, müalicə yazdılar. Evə qayıtdım, imkansızlıqdan müalicə olunmadım. Təsəvvür edin, o vəziyyətdə də mən Bakıda mebel sexində fəhlə işləyirdim. Sentyabr ayında gördüm ki, vəziyyətim lap pisdir, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə getdim, orada mənə infarkt dioqnozu qoydular. Ağsuya gəldim, xəstəxanada 10 gün müalicə olundum, əksinə, daha da gerilədim. Vəziyyətim ağırlaşdı, məni təcili apardılar Bakıya, “Zəfəran” Hospitala. Ora çatan kimi müayinə etdilər, dərhal əməliyyata götürdülər. Kardiomiopatiya xəstəliyindən əziyyət çəkirəm. O vaxtdan hər gün mütəmadi olaraq, 8-10 dənə dərman qəbul edirəm. Yəni dərmansız yaşamağım mümkün deyil”.

Maddi vəziyyəti ağır olan Malik Mehdiyev bir ildir ki, səhhəti ilə bağlı əllillik təqaüdü almaq istəyir. Ağsu Rayon Mərkəzi Xəstəxanasına əlillik sənədlərinin hazırlanması ilə bağlı dəfələrlə müraciət edib. Lakin dediyinə görə, xəstəxananın müvafiq bölməsinin məsul həkimi (baş həkimin müavini-red) Əli Hüseynov ona düşməli olan əlillik dərəcəsini Dövlət Sosial Müdafiə Fondunun tibbi-sosial ekspert komissiyasında (TSEK) baxılmasına imkan vermir:

“Ağsu Rayon Mərkəzi Xəstəxanasında mənə dedilər ki, siz altı ay bu xəstəxanada qeydiyyatda qalmalısınız. Bundan sonra əlilliyin müəyyən olunması ilə bağlı aidiyyatı qurumlara elektron müraciətiniz həyata keçiriləcək. Nə lazımdırsa etdim, qeydiyyatdan keçdim. Altı ayın tamamında getdim, məndən pul istədilər, iki min manat. Baş həkimin müavini Əli Hüseynov başqa adam vasitəsilə bu məbləği məndən istədi. Dedi gətir, iki min manatı ver, işini düzüb-qoşaq. Mən onlara pulumun olmadığını dedim, cavabında bildirdilər ki, get, iyunun 15-nə kimi sənədlərin işlənəcək. Mən də iyunun 20-də getdim, Əli Hüseynov dedi ki, iyul yazmışam, iyulun 15-də gələrsən. İyulun 15-də getmişəm, deyir ki, get, sentyabrda gələrsən. Mənə deyir ki, ay çox, il çox, düzələcək də niyə tələsirsən? Mən də dedim ki, “düzələcək” sözü ilə deyil axı. Səkkiz dərmanımdan dördünü almağa pulum yoxdur. Bunları da atmasam, öləcəyəm, yaşaya bilməyəcəyəm. Xəstəxananın nəzarətçilərini çağırıb, tökdü ora. Məni şərlədi ki, guya əlimdəki cığaranı onun başıma vurmuşam. Nəzarətçilər də gəldilər, aydınlaşdırıb, gördülər ki, mən, doğrudan da, xəstəyəm, əlim-ayağım əsir. Dedilər ki, qardaş, get, əsəblərin sakitləşsin, sonra gələrsən. Mən yenidən onun yanına getdim, dedim ki, dövlətin təsdiqlədiyi qanuna əsasən haqqımı tələb edirəm. Mənə ikinci qrup əllillik düşür. İndi də məni hədələyir ki, səbrli olsaydın, sənin işini düzüb-qoşacaqdım”.

img-20190717-wa0024.jpg
Malik Mehdiyev

Həkimlər Malik Mehdiyevə nəinki işləmək, hətta avtomobil idarə etməyə icazə vermir. Yaşayışının ağır olduğunu deyən şikayətçi, ümidini əllillik dərəcəsi müəyyən olunduğu təqdirdə alacağı təqaüdə bağlayıb:

“Heç olmasa, pensiya alım ki, dərmanlara pulum olsun və uşaqlarımı birtəhər dolandıra bilim. Boğazımda şiş var, Milli Onkologiya Mərkəzində əməliyyat üçün pul istəyirlər, onun dərdinən qalmışam belə. Ürəyimdə problem olduğu üçün qarın boşluğuma maye yığılır. Bunu önləmək üçün dalbadal sidikqovucular atıram ki, maye çəkilsin. O da təzyiqimi salır, demək olar ki, gün ərzində vəziyyətim pis olur. İki ayda bir yoxlanışa gedirəm. Hardasa 150-200 manat çıxır. Hər ay da dərmanlara 150 manat verirəm. Dərman var, 56 manatdır. Onu yalnız bir dəfə atmışam, çünki bahadır, ala bilmirəm. Hər ay bir dərmana o qədər pul verməyə gücüm çatmadı. Halbuki, ürəyi qüvvətləndirmk üçün ən lazımlı dərman odur. Yəni onu da hesaba alsaq, hər ay 200 manatdan çox dərmanlara pul verməliyəm. İşləmirəm, anam pensiyasını mənə göndərir, dərmanlarımı həmin pulla alıram. Həyat yoldaşım, kollec bitirib, müəllimdir. İşə düzəltmək istədik, dedilər, iş yoxdur. İş olanda da rüşvət istəyirlər. Elə bir məbləğ istəyirlər ki, bir il işləsəm, onu qazana bilmərəm. Dörd-beş min manat mənim üçün böyük məblədir. Bazara getmişik, iki yaşlı körpə qızım top istəyir, ala bilmirəm. Utanıram, bilmirəm, uşaqlarıma yemək alım, yoxsa dərmanlarımı?”

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əli Hüseynov Meydan TV əməkdaşı ilə söhbətində şikayətçinin iddiaları ilə razılaşmayıb.

“Bu adamın sənədləri artıq elektron sistemdədir, araşdırlır. Cavabı bəlli olan kimi, məlumatlandırılacaq. Rüşvət məsələsi ilə bağlı iddiaya gəlincə, bunun üçün inzibati orqanlara müraciət etsin, elə bir hal varsa, təsdiq olunar, günahkar da cəzasını çəkər”.

Ana səhifəBölgəAğsu sakini: Baş həkimin müavini əlillik dərəcəsi üçün məndən pul istədi