Ağdam sakini: Qızım imkansızlıqdan müalicə ala bilmədi, vəfat etdi

Ata anemiyadan (qan azlığı nəticəsində yaranan xəstəlik) əziyyət çəkən övladını ehtiyac üzündən müalicə etdirə bilməyib

Source: Meydan.TV

”Ağdamın icra başçısı yoldaşıma deyib ki, saxlaya bilmirdin, doğmayaydın”

“Türkana qan sonuncu dəfə ölümündən 4 ay əvvəl vurulmuşdu. İmkanım yox idi ki, uşağı vaxtında Bakıya aparım, qan vurdurum… İş yoxdur, uşağın xəstəliyə görə müavinəti karta vurulmurdu, hansı qurumun qapısını döyüb kömək istəyirdiksə, deyirdilər, imkan yoxdur. Uşaq beləcə, gözümüz görə-görə öldü, getdi…”

Nadir Ələsgərov Ağdərə köçkünüdür. Ailəsi ilə birlikdə Ağdamın Dördyol-1 qəsəbəsində məskunlaşıb. Meydan TV-yə danışır ki, üç övladından ən kiçiyi – 14 yaşlı Türkan aprelin 23-də xəstəlikdən vəfat edib. Ata anemiyadan (qan azlığı nəticəsində yaranan xəstəlik) əziyyət çəkən övladını ehtiyac üzündən müalicə etdirə bilməyib.

“O, ölüm qorxusu, biz vicdan əzabı çəkirdik”

“10 il idi ki, qan itkisindən əziyyət çəkirdi. Dolanışığımız olduqca zəifdir, Türkanınsa vitaminli, qan artıran qidalara ehtiyacı vardı. Bir uşaq ki, qan azlığından əziyyət çəkirdi və ehtiyac üzündən aylarla ət yeyə bilmirdi. Bu, bir tərəfə, son 4 ayı pulsuzluq üzündən heç Bakıya da apara bilmirdik ki, qan vurulsun. Ağdamın bundan əvvəlki icra başçıları bizi yaxşı anlayırdılar, ən azı, yolpulumuzu verirdilər ki, uşağı vaxtında Bakıya – Qanköçürmə İnstitutuna çatdıraq. Ancaq yoldaşım Türkanı da götürüb indiki başçının yanına gedəndə, onun üstünə acıqlanıb, deyib: “Saxlaya bilmirdin, doğmayaydın”. Türkan balam gəldi, evdə xeyli ağladı, uşağın içində bir ölüm qorxusu vardı, o qorxunun əzabını çəkirdi, biz isə ona kömək edə bilmədiyimiz üçün ikiqat vicdan əzabı çəkirdik. Onun müalicəsi, həyatda qalması üçün sələmə aldığım pulları, banklardan götürdüyüm kreditləri, qohumdan, qonşudan aldığım borcları hələ də qaytara bilməmişəm. Gücümüz Türkanı yalnız Quzanlıdakı uşaq həkiminin yanına aparmağa çatırdı. Daha doğrusu, heç ona da gücümüz çatmırdı, hər dəfə o qonşudan 3, bu qonşudan 5 manat alıb yoldaşımla Türkanı yola salırdım, yolpulum olmadığından özüm gedə bilmirdim”.

“İki aylıq müavinətini gözləyə-gözləyə öldü”

Türkana xəstəliyinə görə 82 manat müavinət kəsilibmiş. Bu müavinət sinir xəstəliyindən əziyyət çəkən anasının müavinətinin üzərinə hesablanırmış. Ancaq bu ilin fevral ayında Türkana sonuncu müavinəti verilib. Aprelin 1-dən müavinətlər artırılsa da, Türkana bu artımı görmək qismət olmayıb.

O, təkrar tibbi komissiyadan keçməliymiş və keçib də… Fevral ayının 7-də tibbi komissiyadan keçməsinə baxmayaraq, sənədləri müvafiq qurumlara vaxtında göndərilmədiyindən mart və aprel aylarının müavinətlərini ala bilməyib. Ata göz yaşlarını saxlaya bilmir:

“Mənim canıyla çarpışan uşağım ölən gününədək narahat idi. Hər gün deyirdi, ata, pulum köçürülsəydi, Bakıya gedərdik, qan vurardılar… Mən adamlardan o qədər pul istəmişdim ki, artıq pul istəməyə adam qalmamışdı. Yeganə ümidim rayondakı məmurlaraydı ki, heç olmasa yol pulumuzu versinlər, Bakıya çataq, məmurlar heç qapılarına yaxın da buraxmadılar”.

Aprelin ortaları Türkanın durumu ağırlaşır. Aprelin 17-də valideynləri onu Quzanlıdakı xəstəxanaya götürürlər.

“Aldatdılar ki, hər şey yaxşıdır”

“Xəstəxanada analiz elədilər, yalandan dedilər, hər şey normaldır, ciyərlərini yoxladılar, dedilər, kiçik tərpəniş var, ancaq qorxulu bir şey deyil. Dedilər, uşağın immuniteti aşağı olduğundan qızılca tutub, hərarəti də ondan qalxıb. Ancaq nədənsə uşağı xəstəxanada saxlamayıb evə qaytardılar. Türkan bir neçə gün qızdırma içində qaldı. Həmin günlər apteklərdən götürdüyüm dərmanların pulunu hələ də ödəyə bilməmişəm,”- ata danışır.

Aprelin 23-də səhərə yaxın Türkan gözlərini həmişəlik yumub.

Nadir Ələsgərov deyir, qızının müalicəsi ilə ciddi məşğul olmaq üçün iş axtarırmış. Dəfələrlə yerli icra hakimiyyətinə və rayondakı Məşğulluq Mərkəzinə müraciət edib, sənədlərini də təqdim edib.

“Halı yox idi, ancaq kitab əlindən düşmürdü”

Türkan Ələsgərova Ağdam rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü Məktəb Liseyin 8-ci sinifində təhsil alırmış. Əlaçı imiş. Səhhətinə görə son vaxtlar məktəbə gedə bilmirmiş. Ailə üzvləri deyir, bununla belə, kitab-dəftər halsız Türkanın əlindən düşmürmüş. Liseyin “Facebook səhifəsində Türkanın xatirəsinə həsr olunmuş paylaşımlarda da bu, qeyd olunub.

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nadir Ələsgərova iş təklif olunub, ancaq o, işə başlamayıb. Kömək olunmaması ilə bağlı deyilənlərə gəlincə, qurum deyilib ki, vətəndaşların sosial durumu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmalıdır. Buna görə icra hakimiyyətində büdcə yoxdur. Nadir Ələsgərov deyir, qızının ölümündən iki həftə sonra – mayın 9-da ona yerli icra hakimiyyətindən zəng vuraraq rayon Kommunal Təsərrüfat Birliyində fəhlə işi ilə təmin olunduğunu bildiriblər. Nadir Ələsgərovsa bildirib ki, iş ona həm maaş, həm də ünvanlı sosial yardım üçün lazım imiş ki, qızının müalicəsi ilə məşğul ola bilsin. Hazırda günəmuzd işlərdə çalışıb başını dolandırır.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Türkan Ələsgərova ilə bağlı müvafiq sənədlər təsdiqlənməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Ancaq sənədlərdə natamamlıq olduğundan nazirlik geri qaytarıb. Nadir Ələsgərov deyir, Türkanın ölümündən 20 gündən çox vaxt ötüb, ancaq rayon Mərkəzi Xəstəxanasıyla nazirlik arasındakı “sənəd oyunu” hələ də davam edir. Türkanın sağlığında alıb müalicəyə gedə bilmədiyi, artımını görə bilmədiyi ikiaylıq müavinətlə onun qəbirüstü daşını düzəltdirməyi planlayır ata…

Ana səhifəBölgəAğdam sakini: Qızım imkansızlıqdan müalicə ala bilmədi, vəfat etdi