ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi: Abşerondan kənara səyahət etməyin

Çağırışa səbəb Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlikdir

Foto: Meydan TV

ABŞ-nın Bakıdakı səfirliyi sentyabrın 25-də Azərbaycanda olan vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə səfirliyin mətbuat xidməti məlumatı yayıb.

Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır.

“ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb”, – deyə səfirliyin məlumatında bildirilib.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Ana səhifəSiyasətABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi: Abşerondan kənara səyahət etməyin