ABŞ İrana qarşı kiber əməliyyat həyata keçirib

Bu hücum Tramp administrasiyasının bölgəni daha geniş münaqişə ocağına çevirmədən İrana qarşı davam edən dirənişini göstərir.

Source: Meydan TV


Hadisə Səudiyyə Ərəbistanının neft obyekttlərinə hücumu zamanı baş verilib

“Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum zamanı ABŞ İrana qarşı gizli kiber əməliyyat həyata keçirib”, – iki ABŞ səlahiyyətlisi “Reuters”-ə bildirib.

Vaşinqton və Ər-Riyad Saudiyyə neft obyektlərinə hücumda Tehranı günahlandırıb.

Adının açıqlanmaması şərtilə danışan səlahiyyətlilər qeyd ediblər ki, əməliyyat sentyabr ayının sonlarında həyata keçirilib və Tehranın “propaqanda” yaymaq imkanlarını hədəf alıb.

Məmurlardan biri hücumun sistemə təsir etdiyini söyləyib, lakin bu haqda əlavə məlumat verməkdən çəkinib.

Bu hücum Tramp administrasiyasının bölgəni daha geniş münaqişə ocağına çevirmədən İrana qarşı davam edən dirənişini göstərir.

Fars xəbər agentliyi məlumat verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Əzəri-Cəhromi (Mohammad Javad Azari-Jahromi) çərşənbə günü deyib: “Onlar bunu arzu etmiş ola bilərlər.”

İyun ayında amerikan pilotsuz təyyarəsinin vurulmasına və mayda Körfəzdə İran İnqilab Keşikçiləri tərəfindən neft tankerlərinə edilən hücuma baxmayaraq, ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlar məhdud saydadır.

ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Almaniya ictimai şəkildə 14 sentyabrda edilmiş hücumda İranı günahkar bilib. İran ittihamları rədd edib. Yəməndə İranla əməkdaşlıq edən Huti (Houthi) silahlı qrupu məsuliyyəti öz üzərinə götürüb.

Hadisədən sonra Pentaqon Səudiyyənin müdafiəsini gücləndirmək üçün regiona minlərlə əlavə qoşun və texnika göndərərək ABŞ qoşunlarının bölgəyə yerləşdirməsini təmin edib.

Pentaqon kiber hücumu barədə sualları cavablandırmaqdan yayınıb.

Pentaqon sözcüsü Elissa Smith deyib: “Siyasət və əməliyyat təhlükəsizliyi məsələsi olaraq biz kiber əməliyyatlarını, kəşfiyyat və ya planlaşdırma mövzularını müzakirə etmirik”.

Hücumun təsirini, əgər olubsa, müəyyənləşdirmək aylar çəkə bilər, ancaq kiber hücumlar daha az təxribatçı bir seçim olaraq görülür.

“İnsanları öldürmədən və ya bəzi obyektləri partlatmadan da zərər vermək mümkündür; bu sadəcə əvvəllər sahib olmadığımız alət dəstinə bir seçim əlavə edir və bizim onu istifadə etməyimiz vacibdir”,- Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin kiber mütəxəssisi Ceyms Lyuis (James Lewis) deyib.

Lyuis əlavə edib ki, hətta adi hərbi əməliyyatlarla da İranın qarşısını almaq mümkün olmaya bilər.

Körfəzdəki gərginlik 2018-ci ilin may ayından etibarən artmaqdadır. Tramp sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə proqramına məhdudiyyətlər qoyan 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxandan sonra Vaşinqtonla Tehran arasında əlaqələr kəskin şəkildə pozulub.

Sentyabrın sonlarında baş vermiş kiberhücumlardan əlavə ABŞ-ın digər kiberhücumlarının olub-olmadığı məlum deyil.

İran da ABŞ-a qarşı belə taktikalardan istifadə edib. Bu ay İran hökumətinə yaxın haker qrupu Trampın seçki kampaniyasının e-mail hesablarına daxil olmağa çalışıb. Avqust və sentyabr ayında 30 gün ərzində qrup 2700 cəhd edərək istifadəçi hesablarını müəyyən etməyə çalışıb və onların 241-ə hücum edib.

Ana səhifəDünyaABŞ İrana qarşı kiber əməliyyat həyata keçirib