2019 hansı sürprizlərlə qapımızı döyəcək?

2018-ci ilin təhvil-təslim günlərini yaşayırıq. İri addımlarla gələn 2019-cu il bizi nə gözləyir? İstər ictimai-siyasi, istər iqtisadi, istərsə də təhsil-səhiyyə ilə bağlı. Növbəti il hansı sürprizlərlə qapımızı döyəcək? Bu sahələrin biliciləri Meydan TV ilə fikirlərini bölüşüblər.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev üçün 2018-ci ilin ən yadda qalan hadisəsi növbədənkənar prezident seçkiləridir. Ancaq o, növbəti illə bağlı çox da ümidli görünmür: “Gələn il bir sıra nazirlərin yola salınması, həmçinin Prezident Administrasiyaının özündə də struktur dəyişiklikləri gözlənilir. Mən 2019-cu ildən gözləyirəm ki, Azərbaycan hakimiyyəti iqtisadi islahatlara davam edəcək. Siyasi sahədə isə maksimal dərəcədə prosesləri dondurmağa çalışacaqlar. İlin sonu da Mehman Hüseynova cinayət işinin açılması onu göstərir ki, hakimiyyət bununla cəmiyyətə mesaj verir ki, biz zor, güc işlətməyə hazırırq”, – Mehman Əliyev deyir.

İqtisadçı Toğrul Maşallı diqqəti vergi qanunvericiliyində baş verən son dəyişikliklərə çəkir. İqtisadçı özəl və dövlət şirkətində çalışanlar arasında diskriminasiyanın yaranacağını da deyir: “Kimsə normal vergi ödəyəcək, kimsə, ümumiyyətlə, ödəməyəcək. Bu da böyük problemlərə yol aça bilər. Çünki insanlara dövlət qurumlarında çalışmaq sərf etməyəcək. Misal üçün, müəllimlər məcbur olub köhnə sistemlə çalışacaqlar. Amma özəl məktəblərdə çalışanlar yeni sistemlə, vergisiz işləyəcəklər”, – Toğrul Maşallı deyir.

Toğrul Maşallı əlavə edir ki, 2019-cu ildə ən böyük problemlərdən biri dövlət borcunun artması olacaq. Həmçinin büdcə yenə neft gəlirlərindən formalaşacaq.

Təhsil eksperi Məlahət Mürşüdlü bildirir ki, dövlət ümumtəhsil müəssisələri ödənişli olacaq. O, 2019-cu ildə bu məsələylə bağlı qaydaların müəyyənləşəcəyini gözləyir: “Kimlər cəlb olunacaq bu ödənişlərə, şirkətlərmi, özəl sektorun nümayəndələrimi, yoxsa valideynlər tərəfindən ödənişlər olacaq, bunlar aydınlaşdırılmalıdır. Orta təhsil, ali məktəb müəssisələrinə idarəetməyə müstəqillik verilməlidir. Yerli idarəçilərin müstəqilliyi təmin olunmalıdır. Universitetlərdə tədris standartlarının hazırlanması, distant təhsilin həyata keçirilməsi və s. Düşünürəm ki, bunlar gələn il qarşıda duran mühüm vəzifələrdir”, – Məlahət Mürşüdlü dilə gətirir.

“2019-cu ilin də 2018 kimi darıxdırıcı keçəcəyini düşünürəm”, – doktor Vasif İsmayıl belə deyir.

O, növbəti ildən ciddi dəyişikliklər gözləmir: “Sözsüz ki, TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) ətrafında müəyyən söhbətlər olacaq. İctimaiyyətin başını qatacaq. Amma ictimaiyyət bunu həqiqətən çox yaxından izləyir. TƏBİB bütün Azərbaycanda icbari tibbi siğortanı tətbiq edəcək qurumdur”, – Vasif İsmayıl vurğulayır.

Tibbi üzrə ekspert 2019-cu ildə cəmiyyətdən icbari tibbi siğorta məsələsində fəal olmağını gözləyir: “Eyni zamanda mənə çox maraqlıdır ki, burada həkimlərin haqqı necə qorunacaq. Əgər bu siğorta sistemində həkimlərin haqqı qoruna bilməsə, bunun aqibəti köhnə SSRİ sistemi kimi olacaq. Yəni kağız üzərində xidmət pulsuz olacaq, amma faktiki xidmət pullu olacaq”.

Ana səhifəVideo2019 hansı sürprizlərlə qapımızı döyəcək?