1989-cu il Rumıniya inqilabı

1982-ci ildə Rumıniyanın xarici borcu 13 milyard dollar təşkil edirdi.

Source:
1989-cu il Rumıniya inqilabı
1989-cu il Rumıniya inqilabı

Bundan öncəki

məqaləmizdə

Nikolae Çauşeskunun Rumıniyada hakimiyyətə gəlməsi və totalitar üsul-idarə qurmasından bəhs etmişdik. İndi isə 1980-ci illərdə baş verən, Çauşesku cütlüyünün devrilməsinə və edamına aparan hadisələrdən danışacağıq.

***

1982-ci ildə Rumıniyanın xarici borcu 13 milyard dollar təşkil edirdi. Bu, indiki kursla təxminən 40 milyard dollara bərabərdir. Elə də balaca rəqəm deyil, lakin fəlakətli məbləğ də saymaq olmaz. Hər halda Çauşeskunun müraciət edəcəyi radikal taktikaya ehtiyac yox idi.

Rumıniyanın xarici borcları 1970-ci illərdə yaranmışdı. 1971-ci ildə neftin bareli 3 dollar idi. Lakin bir yandan dolların devalvasiyası, digər tərəfdən də 1973-cü il ərəb-İsrail müharibəsindən sonra ərəb ölkələrinin İsraili dəstəkləyən dövlətlərə yönəlik neft embarqosundan sonra qiymət 12 dollara qədər qalxdı.

Rumıniya özü neft ölkəsi idi. Digər tərəfdən, neft çıxaran bir çox ölkə ilə, xüsusən də İraq və İranla yaxşı münasibətləri vardı (yeri gəlmişkən, bizim daha çox “Traktor Sazi” futbol komandasına sponsorluğuna görə tanıdığımız Təbriz traktor zavodu 1966-1968-ci illərdə rumınların köməyilə tikilib).

Çauşesku bu münasibətlərdən istifadə edərək iri neft emalı zavodları tikməyə qərar verdi. O, İran və İraqdan xam neft almağı, öz neftilə birlikdə bu zavodlarda emal edərək satmağı planlaşdırırdı. İdeya özlüyündə yetərincə çiy idi, çünki nefti emal etmək hələ onu satmaq üçün bazar tapmaq demək deyil. Digər tərəfdən, emal ediləcək qədər nefti satmaq üçün Rumıniyanı digər ölkələrlə birləşdirən kəmərlər yox idi.

Üstəlik, başqa gözlənilməz hadisələr baş verdi. İran İslam inqilablndan sonra neftin qiyməti daha bir yüksəliş yaşadı – 35 dollar. İlk baxışda, bu, Rumıniya üçün yaxşı hal sayıla bilərdi.

Lakin yüksək qiymətlər bir çox ölkəni və şirkətləri daha qənaətli texnologiyalar axtarmağa vadar etdi.

Məsələn, filmlərdə gördüyümüz iri qabaritli ABŞ minik avtomobillərinin buraxılışı bu siyasət nəticəsində durduruldu. Onların yerinə daha yığcam və az benzin işlədən avtomobillər buraxıldı.

Nəticədə, 1980-ci illərin əvvəllərində Rumıniyanın neft emalı zavodları tikilib hazır olarkən dünyada neftə tələbat xeyli azalmışdı. Digər tərəfdən, Çauşeskunun neft alacağını düşündüyü İran və İraq müharibə aparırdılar və daha yaxşı tətbiqə layiq inadkarlıqla bir-birlərinin neft sənayesini darmadağın edirdilər. 1982-ci ildən etibarən isə qiymətlərin enməsi baş verdi.

Beləliklə, Çauşeskunun “çılğın projesi” iflasa uğradı. Rumın xalqının nəsibi heç vaxt nəinki tam gücü ilə, heç yarı güclə işləməyəcək zavodlar və 13 milyard dollar xarici borc oldu.

Normal ölkədə bunun günahkarı istefa verərdi. Lakin Çauşesku nəinki istefa vermədi, əksinə yeni bir ideya irəli sürdü.

Bu ideyaya görə, Rumıniya xarici borcunu ödəmək üçün hərəkətə keçəcək, üstəlik bir də heç vaxt heç bir ölkədən borc almayacaqdı. Bunun üçün referendum da keçirildi və Konstitusiyaya bu qadağanın əks olunduğu maddə salındı.

1989-cu il Rumıniya inqilabı
1989-cu il Rumıniya inqilabı

***

Xarici borcları qaytarmaq üçün valyuta lazım idi, valyuta qazanmağın yolu isə ixracı artırmaqdan və idxalı azaltmaqdan keçirdi. Buna görə də Çauşesku rejimi daxili istehlakı azaltmaq hesabına idxalı maksimum artırmaq yolunu tutdu.

İlk növbədə qiymətlər artırıldı. Təkcə 1982-ci il ərzində ümumi artım 35 faiz təşkil etdi. Bu zaman elektrik enerjisi 30 faiz, qaz isə 150 faiz bahalaşdı. Üstəlik onların istifadəsinə ciddi məhdudiyyətlər qoyuldu. Çünki enerji də ixrac edilə bilərdi, ya da ixrac məhsullarının istehsalına yönələrdi.

Nəticədə evlərə gün ərzində bir neçə saat elektrik enerjisi verilirdi. Bundan əlavə, hər otaqda maksimum 40 vatlıq lampa yandırmağa icazə vardı. Satışda 15-20 vatlıq lampalar peyda olur. Qış vaxtı soyuducu işlətməyə icazə verilmirdi, ərzaq məhsullarını pəncərədən çöldə asmaq tövsiyə edilirdi. Tozsoranlar və paltaryuyan maşınlar satışdan yığışdırılırdı.

Bir mərkəzi telekanaldan başqa digər mərkəzi və regional kanallar ləğv edilir, lakin həmin yeganə telekanal da gün ərzində yalnız 2-3 saat yayımlanırdı. Bu yayımın da əsas mövzusu qənaətə əməl etməyin vacibliyi, “gözəl günlər görəcəyik, cocuqlar” tipli ümid vermək olurdu.

İsti su həftədə bir dəfə verilir, mərkəzləşdirilmiş istilik sitemi böyük fasilələrlə işləyir, əksər hallarda mənzillərdə hərarət 10-12 dərəcədən çox olmurdu. Üstəlik, bunlar əsasən paytaxt Buxarestdədir. Əyalətlərdə vəziyyət daha bərbad idi.

Sosial sahəyə ayrılan vəsaitlər ilbəil azaldılırdı. 1980-ci illə müqayisədə 1985-ci ildə mənzil tikintisinə 37%, səhiyyəyə 17%, təhsil, mədəniyyət və elmə isə 53% az vəsait ayrılırdı. Səhiyyəyə ayrılan vəsaitin azalmasının acı nəticəsi özünü daha tez büruzə verdi.

Rumıniyada uşaq ölümlərinin sayı artdı və Avropada birinci yerə çıxdı. Hakimiyyət öz siyasətini dəyişmək əvəzinə saxtakarlığa əl atdı. Yeni doğulan uşaqlar yalnız 1 yaşa qədər ölmədikdə qeydə alınırdılar.

Digər tərəfdən, şprislərdən dəfələrlə istifadə və yoxlanılmamış qanköçürmə sayəsində QİÇS-ə yoluxanların sayı kəskin çoxalırdı. 1983-cü ilin qışında elektrik enerjisinin kəsilməsi üzündən doğum evində küvezdə saxlanılan onlarla körpə ölürdü.

Öncəki məqaləmizdə Rumıniyada abortun qadağan edilməsi üzündən valideynləri tərəfindən tərk edilən və uşaq evlərinə verilən körpələrin sayının kəskin artmasını yazmışdıq. İndi maliyyələşdirmənin azalması üzündən bu uşaq evlərində vəziyyət lap acınacaqlı olurdu. Məsuliyyətsizlik üzündən QİÇS-ə yoluxan uşaqların sayı artırdı. Bu göstəriciyi görə Rumıniya Avropada ikinci yerə çıxırdı.

Çauşesku devriləndən sonra, 1990-ci ilin martında Qərbi Almaniyanın Şpigel TV əməkdaşları Rumıniyanın ucqar bir yerində Cighid deyilən əqli çatışmazlıqlı insanlar üçün reabilitasiya mərkəzi aşkar etdilər. Buradakı qeyri-insani şərait jurnalistləri dəhşətə gətirdi.

Məlum oldu ki, təkcə 1987-1989-cu illərdə burada 137 uşaq aclıqdan vəfat edib. Qərbi Avropa və ABŞ humanitar təşkilatlarının yardımı nəticəsində vəziyyət xeyli yaxşılaşdırıldı.

Cighiddə saxlanılan uşaqların bir çoxu Qərbi Avropa ailələri tərəfindən övladlığa götürüldü.

***

Aydındır ki, Rumıniya öz sənaye məhsullarına Qərbdə yüksək tələbat olacağına ümid edə bilməzdi. Onları yalnız sosialist ölkələrində satmaq olardı. Halbuki Rumıniya sosialist ölkələrinin Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olsa da, bu ölkələrlə ticari əlaqələrin azaldılmasına öz müstəqilliyinin prioriteti kimi baxırdı. 1970-ci illərdə xarici ticarətdə QİYŞ ölkələrinin payı 35%-ə enmişdi. İndi isə bu göstərici 60%-ə qalxdı.

Ümumilikdə isə idxalda əsasən kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Həmin üstünlüyü təmin etmək üçün daxili istehlakı məhdudlaşdırmaq lazım idi. Buradan da daxili istehlakı limitləşdirmək fikrinə yönəlmək çətin olmamalı idi və Çauşesku belə də etdi.

1981-ci ildən çörək, un, süd, bitki yağı, şəkər və ət kimi əsas ərzaq məhsullarına limit tətbiq edilir. “Rasional qida proqramı” hazırlanır və rumınlara çox yeməyin zərəri “elmi şəkildə” izah olunur. Lakin defisit üzündən hətta limit həddində belə ərzaq məhsullarını tapmaq müşkül olur.

Sadalananlardan əlavə yumurta, qəhvə, şokolad, düyü, kolbasa, sosiska və digər məhsullar kəskin defisitə çevrilirlər. Əhali əsasən meyvə, tərəvəz və dəniz məhsulları ilə qidalanır.

Mövzudan bəhs edən sənədli filmlərin birində atası SSRİ-nin Rumıniyadakı ticarət nümayəndəliyində işlədiyi üçün uşaqlığı orada keçən birisi xatırlayır ki, ona ingilis dilindən əlavə dərslər keçən rumın müəllim zəhməti müqabilində pul deyil, ət verilməsini istəyirdi. Çünki pulun olması hələ nəsə ala biləcəyinə təminat vermirdi.

Rumınların günlərinin önəmli hissəsi ucsuz-bucaqsız növbələrdə keçir. Əvəzində “qara bazar” çiçəklənir, burada istənilən məhsulu rəsmi məzənədn dəfələrlə baha qiymətə tapmaq olar.

Lakin bu qiymətlər rumınların əksəriyyəti üçün əlçatan deyil.

Rumıniyada kəsilən donuzların bütün hissələri ixraca yönəlir, yalnız ayaqları daxildə satılırdı. Buna görə də rumınlar onları istehza ilə “patriot” adlandırırlar. Çünki donuzun vətəni tərk etməyən yeganə hissələri idilər.

Şəxsi avtomobil sahiblərinə ay ərzində 30 litr benzin almağa icazə verilirdi. Kütləvi informasiya vasitələri kəndlilərə müraciət edərək yük maşınları və traktorlar əvəzinə araba və atlardan istifadə etməyə çağırır. Küçə işıqlandırılması demək olar ki, ləğv edilir.

Beynəlxalq Valyuta Fondunun hələ 1983-cü ildəki hesabatına görə qənaət rejimi rumınların həyat səviyyəsini 19-40% aşağı salmışdı. Sonrakı illərdə vəziyyət daha da pisləşdi.

Məhsulun yığılması və digər kənd təsərrüfatı işlərinə şagird və tələbələrin cəlb edilməsi praktikası geniş yayılır. Eləcə də hərbi qüvvələrdən ucuz işçi qüvvəsi kimi istifadə edilir.

Demək lazımdır ki, sərt qənaət rejimi ordunun ərzaq, geyim və digər təchizatına da mənfi təsir göstərmişdi. Vüsət alan inflyasiyaya baxmayaraq hərbçilərin maaşı artırılmırdı. Bu da inqilab günlərində ordunun Çauşeskudan üz döndərməsində əsas rol oynadı.

***

1982-ci ilin oktyabrında dövlət müəssisələrində işçilərin paya sahiblənməsi barədə qanun qəbul olundu. Qanuna görə, fəhlələr işlədikləri müəssisəyə investiya qoymaq və beləcə onun sahiblərindən birinə çevrilmək hüququ verilirdi. Əslində isə bu hüquq deyil, öhdəlik idi. Fəhlələrin maaşının bir hissəsi zorla tutulur.

İki ay sonra isə daha bir qanun qəbul olunur. İndi müəssisənin təyin edilən planı dolduracağı halda işçilərin əmək haqqının tam ödəniləcək. Əks halda maaşın 24%-i tutulurdu. Sonra bu rəqəm 27%-ə qaldırıldı. Planlar isə adətən dolmurdu. Buna görə də hər iki qanun əmək haqlarının faktiki azaldılması demək idi.

Maraqlıdır ki, “vətən və dövlət naminə”əhaliyə bu qədər məşəqqətlər yaşadarkən Çauşesku ailəsi özünə münasibətdə heç də çəkingən davranmırdı. Hakim ailənin ixtiyarında 20 ov evi, 21 saray, Buxarest və digər yerlərdə (Qara dəniz sahillərindəki kurortlar da daxil) 41 iqamətgah var idi.

Möhkəm ov həvəskarı olan Çauşeskunun labrador cinsindən Korbu adlı iti vardı. Milyonlarla rumın doyunca qidaya həsrət ikən, ölkənin İngiltərədəki səfiri hər həftə London supermarketlərində it üçün bazarlıq edir və diplomatik poçtla Buxarestə göndərirdi.

Bu zaman rumınların hətta həyətlərində saxladıqları toyuqları kəsib yeməyə ixtiyarları yox idi. Çünki onların yumurtalarını dövlətə təhvil verməli idilər, dövlət də ixrac edib valyuta qazanacaqdı. Şahidlərdən birinin dediyinə görə, əgər toyuğu avtomobil vurardısa, sahibi çox sevinirdi, çünki artıq onu bişirib yeyə bilərdi. Təbii ki, müvafiq sənədləşmədən sonra.

Bəzi mənbələr hətta Ali Baş komandan Çauşeskunun öz itinə polkovnik rütbəsi verməsini iddia edirlər. Mən özüm bu xəbəri tərəddüdlə bölüşürəm, çünki heç bir sağlam məntiqə sığmır.

Bu artıq Qədim Romanın dəli imperatoru Kaliqulanın öz atını senator təyin etməsinə bənzəyir.

Diktator bir çox kəndin əhalisinin “aqro-sənaye mərkəzləri”nə köçürmək barədə göstəriş verir. “Sistematizasiya” adlanan bu siyasət zamanı minlərlə kənd məhv edilir. Halbuki köçürülən yerlərdə insanları minimum şəraitlə təmin etmək üçün vəsait yox idi. Kəndlilər bəzən hətta pəncərəsinə şüşə belə salınmayan mənzillərə köçürülürdülər. Başqa çatışmazlıqları oxucu özü təsəvvür edə bilər.

1980-ci illərin ortalarında isə rejim daha bir avantüraya əl atdı – Buxarestin yenidən qurulması planına. Bir çox qədim şəhər kimi Buxarestin də “köhnə şəhər” deyilən hissəsi vardı. Məhz bu hissənin özünəməxsusluğuna görə Rumıniya paytaxtına “Şərqin kiçik Parisi” adı verilmişdi.

İndi Çauşeskunun planına görə həmin köhnə şəhərin 1/4 hissəsi yerlə yeksan edildi. Ötən əsrlərin yadigarı olan 22 kilsə, 6 sinaqoq və 30 mindən artıq bina söküldü. Onların yerində əsas tikili nəhəng Respublika evi oldu.

İnşası 1984-cü ildə başlanan binanın uzunluğu 270 m, eni 240 m, hündürlüyü isə 86 m (92 metr də yerin altında) idi. Onun iki ilə tikilib başa çatdırılması nəzərdə tutulurdu, lakin bu müddət sonradan daha dörd il uzadıldı.

Tikintinin 1 baş, 10 əsas və 700 köməkçi memarı vardı. Müxtəlif mənbələrə görə ümumilikdə 20 mindən 100 minə qədər insan çalışıb. Üstəlik hərbçilər və “könüllülər” tez-tez işlərə cəlb olunurdular. Bəzi mənbələrdə tikinti zamanı 3 minə qədər insanın həlak olduğu iddia edilir.

Pentaqondan sonra dünyada ikinci ən böyük və dünyada ən ağır inzibati bina olan Respublika evi 20 mərtəbədən ibarət idi. Bunun 12 mərtəbəsi yerin üstündə, 8 mərtəbəsi isə yerin altında idi. Sahəsi 350 min kv metr, həcmi isə 2,55 milyon kub metr olan binanın tikintisinə 700 min ton polad, 900 min kub metr ağac sərf edildi.

480 çilçıraq və 1409 qəndil üçün 3500 ton büllür istifadə olundu. Binaya 1 milyon kub metr mərmər işlənildiyindən tikinti zamanı ölkədə qəbir abidələrinə mərmər işlənilməsinə qadağa qoyulmuşdu. Binanın müxtəlif otaqlarını ümumi sahəsi 200 min kv metr olan xalçalar bəziyirdi. Bəzi iri xalçaları toxumaq üçün dəzgahlar binanın içinə salınmış və elə burada toxunmuşdular.

Misir fironlarının piramidası kimi Çauşeskunun özündən sonra miras qoymaq istədiyi bu binaya yüzmilyonlar xərclənərkən rumınlar yarıac, qaranlıq və soyuq mənzillərdə yaşayır, ömürlərinin əhəmiyyətli hissəsini növbələrdə keçirdilər.

1989-cu il Rumıniya inqilabı
1989-cu il Rumıniya inqilabı

Binanın tikintisi hətta indi də tam bitmiş sayılmaz. Məsələn, yerin altındakı 8 mərtəbədən dördündə tamamlama işləri bitməyib. Zatən ehtiyac da duyulmur. Bu gün binada Rumıniya parlamentinin, bir sıra nazirliklərin, muzeylərin yerləşməsinə, tez-tez sərgilərin və müxtəlif tədbirlərin keçirilməsinə baxmayaraq, 1100 otağından yalnız 400-ü istifadə olunur. Əvəzində işıqlandırılmasına, elektrik enerjisinə, istiliyinə hər il 6 milyon dollardan çox vəsait xərclənir.

Bütün bu hadisələrin – real gəlirlərin azalması, dəhşətli defisit, həyat səviyyəsinin Afrika ölkələri səviyyəsinə enməsi, absurd layihələr fonunda mətbuat Nikolae Çauşeskunun müdrikliyi, əvəzolunmazlığı, dahiliyi, ölkənin yeganə xilaskarı və ən böyük qəhrəmanı olması barədə təbliğatı bir gün də olsun dayandırmır.

Lakin bu təəccüblü deyil, tiraniyalarda belə yalan adi şeydir. Ən təəccüblüsü XXI əsrdə baş verir. Diktatorun tiraniyasından bezib inqilab edən, onun güllələnməsini az qala yekdilliklə bayram edən rumınlar arasında 2006-ci ildə keçirilən “100 ən böyük rumın” adlı sorğuda Nikolae Çauşesku xeyli sayda alimi, ədəbiyyat və incəsənət xadimini, idmançıları qabaqlayaraq 11-ci yer tutur.

2010-cu ildə rumınların 41%-i bildirirdi ki, Çauşesku sağ olsaydı, prezident seçkilərində ona səs verərdilər. Rəyi soruşulanların 49%-i onu yaxşı rəhbər saydıqlarını bildirirlər, yalnız 15% birmənalı olaraq mənfi qiymətləndirir. 2014-cü ildə Çauşeskuya səs verməyə hazır olanların sayı 46%-ə çatır.

Doğrusu, diktatorun labrador itindən müqayisə olunmaz dərəcədə pis yaşayan, ancaq Sekuritate adlı gizli polisin qorxusundan səslərini çıxarmağa qorxan insanların bu seçimini izah etməyə çətinlik çəkirəm. Az-çox məntiqli izah insanların əslində öz gənclikləri və uşaqlıqlarının xiffətini çəkmələri, bunu yanlış olaraq siyasi quruluşa aid etmələri ola bilər.

Hər halda inqilabın özündən bəhs etməmişdən öncə bütün bunları təsvir etməyimin səbəbi bir gün bu rəy sorğularının nəticələrilə qarşılaşan oxucuda Çauşesku tiraniyası haqqında yanlış təsəvvür yarana biləcəyi ehtimalını önləmək istəyimdir.

***

Rejimin bütün qəddarlığına baxmayaraq, 1980-ci illərin ortalarına qədər Çauşesku Qərbin yeganə sevimli kommunist lideri olaraq qalır. Lakin SSRİ-də Qorbaçovun hakimiyyətə gəlməsi və yenidənqurma siyasəti yürütməsindən sonra vəziyyət dəyişir.

Şərqi Avropanın əksər kommunist liderlərindən fərqli olaraq, Çauşesku hər hansı bir islahatlar keçirməkdən, rejimi yumşaltmaqdan intina edir. O, bir dəfə “Dunay tərsinə axar, amma Rumıniyada yenidənqurma olmaz” söyləyir.

1988-ci ildə Moskva səfəri zamanı Qorbaçovun onu fikrindən daşındırmaq cəhdləri nəticəsiz qalır. Əvvəllər yalnız SSRİ-nin başağrısı olan konduketor indi həm də Qərb üçün problemə çevrilir.

1989-cu il aprelində “Karpat dahisi” təntənəli surətdə elan etdi ki, Rumıniya xarici borcunu tamamilə ödəyib və dünyada yeganə ölkədir ki, xarici borcu yoxdur. Rumınlar bu xəbəri sevinclə qarşıladılar. Onlar ümid edirdilər ki, artıq sərt qənaət rejimindən imtina ediləcək.

Lakin aylar bir-birini əvəz edir, heç nə isə dəyişmir. Açığı, araşdırmağa çalışsam da, borcu ödəyəndən sonra Çauşeskunun qənaət rejimindən imtina etməməsinin səbəbini izah edəcək inandırıcı məlumata rast gəlmədim. Amma bu siyasətin davamının rumınları hövsələdən çıxarması şübhəsiz idi.

Əhalinin islahatlarla bağlı ümid bəslədiyi daha bir hadisə Rumıniya Kommunist Partiyasının XIV qurultayı idi. Gözlənilirdi ki, bu ali tədbir zamanı müəyyən ümidverici dəyişikliklərin anonsu veriləcək. Lakin noyabrın 20-24-də baş tutan qurultayda səslənən fikirlərdən belə məlum oldu ki, Şərqi Avropanın kommunist partiyaları arasında yeganə düzgün siyasəti RKP yürüdür.

Təbiidir ki, bu “düzgün siyasət”ə görə rumın xalqı və bütün tərəqqipərvər bəşəriyyət “sülh, ədalət və kommunizm uğrunda yorulmaz mübariz”, “alovlu vətənpərvər”, “çağdaş dünyanın müstəsna şəxsiyyəti” Nikolae Çauşesku cənablarına borclu idi. Sonda qurultay “müdriklik Dunayı”nı və “Karpat dahisi”ni, “rumın xalqının ən sevimli övladını”nı və “sosialist Rumıniyasının dahi memarını” yekdilliklə daha 5 il müddətinə RKP-nin sədri seçdi.

Qurultayın nəticələri rumınları sevindirə bilməzdi. Aydın oldu ki, yuxarıdan həyata keçirilən dəyişikliyə heç bir ümid bəsləmək əbəsdir. Aşağılar isə müticəsinə susqun idi. Düzdür, heç bir etirazın olmadığını da söyləmək olmazdı.

Hələ 1977-ci ildə Lupeni şəhərində 35 min şaxtaçı pensiya yaşının qaldırılması və əlilliyə görə təqaüdün ləğvinə etiraz olaraq tətil etmişdilər. O zaman etirazçıların istəyi ilə onlarla görüşə gedən Çauşesku bütün tələbləri qəbul etdi, lakin sonra vədlərinə əməl etmədi.

Tətilçilərin rəhbərləri isə qısa bir müddət sonra müəmmalı şəkildə xərçəng xəstəliyindən vəfat etdilər. Rejim devriləndən sonra məlum oldu ki, Sekuritatenin tələbilə onlar həkimlər tərəfindən gizli şəkildə 5 dəqiqə ərzində rentgen şüalanmasına məruz qalıblar.

1987-ci ildə isə Braşov şəhərindəki avtomobil zavodunun işçiləri iqtisadi tələblərlə aksiyalar keçirdilər. Lakin bu dəfə Sekuritate hərbçilərin köməyilə çətinlik çəkmədən etirazları yatırdı.

1989-cu ilin payızında isə cəmiyyət çox susqun və aciz, Çauşesku rejimi isə sarsılmaz görünür. Noyabrın 15-də Rumıniya milli komandası Danimarkaya 3:1 hesabı ilə qalib gələrək 20 illik fasilədən sonra futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanır. Küçələrə çıxaraq sevinən insanlar Çauşesku əleyhinə şüarlar səsləndirməyə cəhd edən kimi Sekuritate tərəfindən dağıdılırlar.

Qarşıdan isə qış gəlirdi, yenə normal elektrik enerjisinin, istiliyin olmayacağı qış. Evin içində əllərini yenə də nəfəsinlə qızdırmağa çalışacaqdın. Soyuqdan donan ayaqlarının yerə döyərək saatlarla defisit növbəsində durmaq gərəkəcəkdi.

Çauşesku isə bu zaman heyrətamiz addım atır. O, Polşada müxalif “Solidarnost” təşkilatının hakimiyyətə yiyələnməsinə etiraz edərək sosialist dövlətlərini bu ölkəyə hərbi müdaxiləyə çağırır.

1968-ci ildə sosialist ölkələrinin Çexoslovakiyaya müdaxiləsini cəsurcasına pisləyən bir adam üçün bu inanılmaz piruet idi. Lakin o, yenə də tək qalır, bu dəfə başqa şəkildə. Heç kəs onun müdaxilə təklifini dəstəkləmir.

***

Macarlar Rumıniyada əhəmiyyətli saya malik olan (1992-ci il siyahıyaalmasına görə 1 milyon 625 min) etnos idilər. 1952-1968-ci illərdə hətta muxtariyyətə malik idilər. Çauşeskunun bu muxtariyyəti ləğv etməsi millətçi hisslərin yad olmadığı rumınlar tərəfindən rəğbətlə qarşılanmışdı.

Macar Laslo Tekeş əhalisi macar, rumın və almanlardan ibarət Timişoara şəhərindəki kalvinist kilsəsində keşiş idi. O, əvvəllər də hakimiyyəti tənqid etdiyi üçün təqiblərə məruz qalmış, 1984-1986-cı illərdə dini fəaliyyətinə qadağa qoyulmuşdu.

1988-ci ildə Tekeş Rumıniyanın Transilvaniya ərazisindəki 15 mindən çox kəndlərin məhv edilməsinə, əhalisini aqro-sənaye mərkəzlərinə köçürülməsinə etiraz edir, üstəlik bu siyasətin beynəlxalq aləmdə pislənilməsinə nail olur. O, məhvi nəzərdə tutulan kəndlərin əhalisini müqavimət göstərməyə çağırır.

Lakin Rumıniyanın özündə müqavimət potensialı çox zəifdir. Əvəzində Avropa ölkələrində etiraz aksiyaları keçirilir, bir çox beynəlxalq qurumlar Rumıniya prezidentinə təzyiq göstərməyə başlayırlar. Macarıstan mətbuatı bu istiqamətdə xüsusi fəallıq göstərir.

Rumıniya hökumətinin tapşırığı ilə sözəbaxan Transilvaniya yepiskopu Tekeşi Timişoaradakı vəzifəsindən çıxarır və ucqar kəndə təyin edir. Tekeş isə müqavimət göstərir, kalvinist kilsənin nizamnaməsinə görə belə qərarı yepiskopun deyil, kollektiv orqanın verməli olduğunu söyləyir.

Yepiskop keşişin yaşadığı evin kilsəyə məxsus olduğunu əsas gətirərək boşaldılması tələbilə məhkəməyə müraciət edir. Təbii ki, məhkəmə şikayəti təmin edən qərar çıxarır və Tekeşə evi tərk etmək üçün dekabrın 15-ə qədər vaxt verilir. Əks halda onu məhkəmə icraçıları çıxaracaq.

Lakin dekabrın 15-də kalvinist və baptist kilsəsinə məxsus onlarla insan Tekeşin evini mühasirəyə alaraq məhkəmə qərarının icrasına mane olurlar. Ertəsi gün isə onlar elə evin önündə etiraz aksiyası keçirirlər. İndi onların sayı 500 nəfərə çatıb.

Ölkənin digər yerlərində olduğu kimi Timişoarada yaşayan rumınlar da macarları sevmirlər. Ancaq 1989-cu ilin dekabrında kommunist iqtidarına nifrət daha güclüdür və onlar da etirazçılara qoşulurlar. Evin yanından keçən tramvay saxlanılır, ondan tribuna kimi istifadə olunaraq tələblər səsləndirilir.

Qaranlıq düşən kimi Sekuritate hərəkətə keçir. İnsanlar gözyaşardıcı qaz və su şırnaqları ilə dağıdılırlar. Etiraz edənlərin əksəriyyəti səhərə qədər həbs olunur. Laslo Tekeş də götürülərək yeni təyinat yerinə aparılır. Lakin bu dəfə rumın xüsusi xidmət orqanlarının alışmadığı hadisə baş verir. Etirazlar səngimir, həbs olunanların yerini başqaları tutur. Dekabrın 17-də aksiyalarda daha çox insan iştirak edir.

Şəhərə hərbi hissələrin yeridilməsi kömək etmir. Əksinə, indiyəcən müşahidəçi mövqe tutan insanların demək olar ki, hamısı küçələrə çıxır. Şəhərə nəzarət onların əlinə keçir. Lakin gecəyə doğru insanlara atəş açılır, 59 nəfər ölür. Ertəsi gün, dekabrın 18-də səhər saatlarında Timişoarada sakitlikdir.

Çauşesku İrana planlaşdırılan səfərini təxirə salmamaq qərarına gəlir. O, rəhbərliyi arvadı Yelenaya tapşıraraq yola düşür. Lakin etirazların yatırıldığını düşünmək hələ tez idi.

Hərbi vəziyyət elan olunmasına baxmayaraq, 30 nəfərə qədər gənc pravoslav kilsəsinin önündə toplaşırlar. Onlar Rumıniyanın üçrəngli bayrağını qaldırırlar, lakin bayrağın ortasındakı kommunist gerbi kəsilib. Birlikdə patriotik “Oyan, rumın” mahnısını oxuyurlar. Bu mahnı 1947-ci ildən qadağan olub (Çauşesku devriləndən sonra isə Rumıniyanın dövlət himni olacaq).

Açılan atəş nəticəsində bu gənclərin çoxu öldürülür və yaralanır, kiçik bir hissəsi qaça bilir. Repressiyanın izini itirmək üçün Timişoarada öldürülənlərin hamısının meyidi dekabrın 18-dən 19-na keçən gecə Buxarestə gətirilərək yandırılır və külləri kanala tökülür.

Hakimiyyətin hədə-qorxularına baxmayaraq, dekabrın 19-da Timişoarada heç bir müəssisə işləmir, insanlar işə çıxmaqdan imtina edirlər. Dekabrın 20-də isə 100 min insan küçələrə çıxaraq etiraz mitinqi keçirirlər. Hakimiyyət bu qədər insana atəş açmağa cəsarət etmir. Yelena Çauşeskunun etirazçılarla danışığa göndərdiyi adamlar konsensus əldə edə bilmirlər.

Nikolae Çauşesku etirazların səngimədiyini görərək İran səfərini yarımçıq qoyaraq geri qayıdır. O, televiziya ilə çıxış edərək Timişoarada baş verənləri əksinqilab kimi qiymətləndirir.

Prezidentin tapşırığı ilə dekabrın 21-də Buxarestdə mitinq təyin edilir. O, 21 il öncə Çexoslovakiyaya müdaxiləyə etiraz olaraq mitinq keçirilən Saray meydanında baş tutmalı idi.

Dekabrın 21-də hakimiyyət Timişoarada da maraqlı addım atır. Olteni vilayətindən fəhlə dəstələri dəyənəklərlə silahlandırılaraq şəhərə gətirilirlər. Onlar etirazçıları dağıtmalı və beləcə guya sosializmin nailiyyətlərinə kölgə salan xuliqanlara fəhlə sinfinin layiqli cavab verməsi görüntüsü yaratmalı idilər. Lakin gələn fəhlələr də etirazçılara qoşuldular. Günün sonuna doğru isə əsgələrin də nümayişçilərin tərəfinə keçməsi halları baş verir.

Rumınların əksəriyyəti Timişoarada gerçəkdə nə baş verdiyi haqda “Amerikanın səsi” və “Azad Avropa” radioları sayəsində xəbər tuturlar. Asta-asta başqa şəhərlərdən də çıxışlar barədə xəbərlər gəlməyə başlayır.

***

Dekabrın 21-də Saray meydanında hər şey Çauşesku üçün möhtəşəm idi. Şəhərin partiya strukturları maksimum adam toplamaq üçün hər şey etmişdilər. Meydanı insan seli bürümüşdü. Nikolae və Yelena Çauşesku cütlüyü şəkillərinin, hakim rejimi dəstəkləyən şüarlar yazılmış transparantların, dövlət və partiya bayraqlarının sayı-hesabı yox idi. Rumıniya televiziyası mitinqi canlı yayımda göstərirdi.

Lakin Nikolae Çauşesku partiya mərkəzi komitəsi binasının eyvanından çıxışa başlayandan 2 dəqiqə sonra arxa sıralardan əvvəlcə uğultu, sonra etiraz səsləri gəlməyə başlayır.

Prezident çətinliklə də olsa kütləni sakitləşdirə bilir və çıxışına davam edir. O, yanvarın 1-dən minimum əmək haqqının 2000 leydən 2200 leyə qədər, uşaq müavinətlərinin isə 30 leydən 50 leyə qədər artıralacağını xəbər verir.

Lakin Çauşeskunun nitqə başlamasından 8 dəqiqə sonra mitinq idarəolunmaz hala gəlir. Arxa sıralarda əvvəlcə petardlar partlayır, daha sonra hakimiyyət əleyhinə şüarlar səsləndirilir və iştirakçılar portretləri, transparantları yerə tullayaraq dağılışmağa başlayırlar. Çauşesku çaşqın vəziyyətdə baş verənləri izləyir.

Canlı yayım isə davam edir. Onun sayəsində bütün Rumıniya konduketoru ilk dəfə bu qədər aciz və köməksiz görür. Çauşeskunun yüksəlişi və çöküşü eyni yerdə baş verir. O, 1968-ci ildə məhz bu meydan qarşısında, məhz bu eyvandan etdiyi çıxışında Çexoslovakiyaya müdaxiləni pisləyərək parlamışdı. 21 il və 4 ay sonra elə həmin yerdə də qəfildən söndü.

Bu hadisə ilə Timişoara üsyanı Rumıniya inqilabına çevrildi. Axşam saat 6-dan sonra Buxarestdə inqilabçılarla hökumət qüvvələri arasında döyüşlər başlayır. Daha doğrusu, hölumət qüvvələri əliyalın xalqa odlu silahlardan, tank və zirehli transportyorlardan atəş açırlar. 50 insanın öldürüldüyü, 462 yaralı və 1245 tutulan olduğu söylənilir. Şəhərin mərkəzinə nəzarət bərpa edilir.

Lakin dekabrın 22-də Buxarestin ucqarlarında yaşayan saysız-hesabsız fəhlələr “fəhlə-kəndli hökuməti”nə qarşı çıxaraq paytaxtın mərkəzinə doğru irəliləyirlər. Milis barrikadaları onların qarşısını kəsməkdə acizdir. Universitet meydanı və həmin Saray meydanı etirazçılarla dolur.

Bununla eyni vaxtda müdafiə naziri Vasil Mileanın intihar xəbəri yayılır. Buna inanmayan, nazirin xalqa güllə atmaq istəmədiyinə görə Çauşeskunun əmri ilə güllələndiyini düşünən hərbçilər inqilaba tərəf keçirlər. Prezident şifahi əmrlə Viktor Stankuleskunu yeni müdafiə naziri təyin edir.

Nikolae Çauşesku hələ də necə nifrət qazandığını dərk etmir. O, yenə həmin eyvana çıxaraq insanlara müraciət etməyə çalışır. Lakin əleyhinə səslənən şüarlarla, söyüşlərə tuş gəlir. İnqilabçılar onu daşa basırlar və o, binada gizlənməli olur.

Bir müddət sonra isə kütlələr mərkəzi komitənin binasına hücum edərək içəri daxil ola bilirlər. Təxminən elə bu zaman binanın üstündən qalxan helikopterdə Nikolae və Yelena Çauşeskular bir neçə yaxın adamları və mühafizəçilərlə təxliyə olurlar.

Viktor Stankulesku qoşunlara kazarmalara qayıtmağı əmr edir. Bu zamandan etibarən bütün ölkəyə artıq inqilabçılar nəzarət edirlər. Onların nümayəndələri televiziya ilə xalqa müraciət edirlər.

Çauşeskunun helikopterlə, daha sonra isə avtomobillə xilas olmaq cəhdi uğursuz olur. Cütlüyün maşınına oturduqları Nikolae Petrişor adlı kəndli diktatorun hamının ona nifrət bəsləməsindən heyrətləndiyini, “onlar məni niyə sevmirlər?” deyərək ağlamsındığını xatırlayır. Cütlük elə həmin gün axşam saatlarında Tırqovişte şəhəri yaxınlığında həbs olunur.

Həmin gün hava qaralandan sonra Buxarestdə güclü atışma başlayır. Atəş açanların Çauşeskuya sadiq Sekuritate əməkdaşları olduğu güman edilir. Amma bu indiyə qədər sübut olunmayıb. Yoxlanılmamış məlumatlar xaos və təşviş yaradır. Bəzən inqilabçılar səhvən bir-birlərinə atəş açırlar. Belə hallarda həmişə olduğu kimi qurbanların sayı barədə ağlasığmaz rəqəmlər səsləndirilir.

RKP MK-nin keçmiş üzvü, 1984-cü ildə Çauşesku tərəfindən vəzifədən uzaqlaşdırılan və indi inqilaba rəhbərliyi ələ keçirən İon İliyesku Milli Qurtuluş Cəbhəsi adından tribunal yaradılması haqqında sərəncam imzalayır. Bu tribunal Çauşesku cütlüyünü mühakimə etməli idi.

Nəzarət altında saxlanılan Çauşeskulara əsgərlərə verilən xörəkdən verəndə etiraz edirlər. Onlar inanmırlar ki, Rumıniya ordusu bu qədər pis qidalanır. Hərbçilərdən biri isə prezidentə söyləyir ki, insanlar hətta bu keyfiyyətsiz qara çörək üçün saatlarla növbəyə dururlar.

Cütlük müdafiə naziri Viktor Stankuleskunu görəndə əvvəlcə sevindi, onların hələ xəbəri yox idi ki, general onlara xəyanət edib və indi məhkəmə prosesinin keçirilməsi üçün buradadır. Bunu biləndə Nikolae Yelenaya tərəf çevrilərək “Həmişə ən yaxınlar satırlar” söyləyir.

Cütlüyə dörd maddə üzrə ittiham irəli sürülür: xalqa qarşı genosid (inqilab başlayandan 60 min insanın öldürüldüyü iddia olunur); xalq və dövlətə qarşı silahlı çıxış; dövlət institutlarının məhvi: milli iqtisadiyyatın dağıdılması (cütlüyün xarici banklarda 1 milyard dollar pulunun olduğu iddia edilir).

Aydındır ki, həbsdən keçən üç gün ərzində normal istintaqın aparılmasından, ittiham aktının tərtibindən söhbət gedə bilməzdi. Tribunal Çauşesku cütlüyünün qətlinə qanuni don geyindirmək üçün təşkil olunmuşdu. Hətta dövlət tərəfindən təyin olunan iki müdafiəçi də ittihama qoşularaq Çauşeskuların əleyhinə çıxış edir.

Tribunal cəmi 1,5 saat çəkir. Bu zaman xüsusən Nikolaenin öz qürurunu saxlaya bildiyini qeyd etmək lazımdır. O, heç bir suala cavab verməyərək tribunalın onları mühakimə etmək hüququnun olmamasını vurğulayır.

Ancaq o, hələ də qeyri-adekvat düşüncələrin təsirindədir. Çauşesku rumın xalqını ağ günlərə çıxartdığına, baş verənlərin Moskvanın işi olduğuna inanır. Görünür, dekabrın 4-də Moskvada sonuncu dəfə Qorbaçovla görüşərkən sovet lideri “əgər islahatlar olmazsa, nəticələr ağır olacaq” deyərkən bunu nəzərdə tuturmuş, – Çauşesku belə düşünür.

14.40-da müttəhimlərin hər ikisi güllələnməyə məhkum edilirlər və onlara apelyasiya şikayəti üçün 10 gün vaxt verilir. Lakin nəinki 10 gün, heç 10 dəqiqə keçməmiş hökmü yerinə yetirməyə qərar verilir.

Əvvəlcə ər və arvad Çauşeskunu ayrı-ayrı güllələmək planlaşdırılırdı. Amma onlar israrla birlikdə öldürülmələrini istəyirlər və bu istəkləri nəzərə alınır. Nikolae və Yelena Çauşesku divar önündə duran kimi atəş açılır, hətta operator kamerasını işə salmağa gecikir. Konduketorun son anlarında İnternasional oxuduğu söylənilir.

Bununla da Nikolae Çauşeskunun təxminən 25 il sürən hakimiyyəti sona çatır. Yanvarın 7-də Rumıniyada ölüm hökmü ləğv edilir. Çauşesku cütlüyü bu ölkədə edam edilən son şəxslər olurlar.

***

Sonradan yaradılan komissiya inqilab zamanı 1104 nəfərin öldürüldüyünü, 3352 nəfərin yaralandığını aşkar etdi. Bunlardan 162 nəfəri Çauşesku devrilənə qədər (16-22 dekabr), 942 nəfər isə sonrakı günlərdə baş verən atışmalarda öldürülüblər. Yaralananların da 2/3hissəsi Çauşesku devriləndən sonrakı dövrə təsadüf edir.

Bundan əlavə, məlum oldu ki, Timişoarada etirazçılara atəş açmaq barədə əmr Viktor Stankulesku tərəfindən verilib. Həmin Stankulesku ki, Çauşesku cütlüyünü genosid ittihamı ilə ölümə məhkum edən tribunalın təşkilatçısı idi. Uzun məhkəmə çəkişmələrindən sonra artıq təqaüddə olan general 2008-ci ildə 15 il azadlıqdan məhrum edildi. Lakin 2014-cü ildə səhhətinə görə azad olundu və iki il sonra qocalar evində öldü.

Başqa bir komissiya Çauşeskunun xarici ölkələrdə gizli bank hesablarının olması iddiasını araşdırdı və heç bir sübut tapa bilmədi. Zatən dövlətin özünü özəlləşdirən və ömrünün sonunacan hakimiyyətdə qalmağı planlaşdıran adamın pul oğurlaması məntiqsiz olardı.

Təbii, bütün bunlar Çauşesku cütlüyünün süddən çıxmış ağ qaşıq olduğunu anlamını vermir. Cütlük xaricə pul çıxarmasa da dövlət əmlakını heç kəsə hesabat öz ailəsinin (hətta itinin) komfortu üçün xərcləməkdə mahir idi. Təsadüfi deyil ki, o illərdə rumınlar arasında “bir ailədə kommunizm” termini geniş yayılmışdı.

Eləcə də ölkə iqtisadiyyatının dağıdılmasında, 1980-ci illər boyu rumınlara olmazın məşəqqətlər yaşatmaqda Çauşesku cütlüyü böyük günah sahibi idilər. Bununla belə, hər kəs ədalətli mühakimə hüququna malikdir. Nikolae və Yelena Çauşeskular belə bir mühakimə ilə üzləşmədilər, onların özlərini müdafiə etmək üçün heç bir imkanları olmadı.

Çauşesku devriləndən sonra da Rumıniyanın demokratiya və bazar iqtisadiyyatı istiqamətində hərəkəti heç də rəvan olmadı. 25 il müddətində ölkəyə kommunist partiyasının keçmiş üzvləri rəhbərlik etdilər. Yalnız 2014-cü ildə prezident seçilən Klaus İohannis kommunist keçmişə malik deyil.

Bundan sonra Rumıniyada korrupsiya səvviyyəsinin azalması müşahidə edilir. Son beş ildə orta əmək haqqı 50% artıb. Minimum əmək haqqı isə son bir ildə 24% artıb. Ümid edək ki, rumın xalqının demokratiya və rifahı daha sürətlə inkişaf edəcək, onlardakı Çauşesku tiraniyasının xiffəti yox olacaq.

Ana səhifəAnalitika1989-cu il Rumıniya inqilabı