1954-1955-ci illərdə Türkiyədə siyasi həyat

Daha pisi və təhlükəlisi o idi ki, ordunun narazılığına səbəb olurdu.

Foto: Meydan Tv


Müxalifətin seçkilərin ədalətli keçmədiyini iddia etməsi parlamentdə qızğın müzakirələrə səbəb oldu

1954-cü il seçkilərindən az sonra Baş nazir Adnan Menderes ABŞ-a rəsmi səfərə getdi. İyunun əvvəllərində baş tutan bu səfərdə Menderes Türkiyənin NATO-nun sadiq üzvü olduğunu bəyan etmək üçün bir xeyli antisovet və antikommunist fikirlər səsləndirdi. Vaşinqtonda söylədiyi “İsrailin varlığı gerçəyini tanımaq Ərəb dövlətləri üçün bir gərəklilikdir” sözləri ərəb ölkələrinin kəskin etirazına səbəb oldu və münasibətləri gərginləşdirdi.

Səfərin əsas məqsədi ABŞ-dan 300 milyon dollarlıq uzunmüddətli kredit almaq idi. ABŞ-ın dövlət katibi Con Dalles və xarici yardımlar idarəsinin rəhbəri Harold Ştassen ilə danışıqlar zamanı amerikalılar buna ilkin razılıqlarını da verdilər. Xəbər Türkiyə iqtisadiyyatına müsbət təsir etdi, lirənin kursu 12%-ə qədər yüksəldi.

Amma Amerika mütəxəssislərinin sonrakı araşdırmaları Türkiyə iqtisadiyyatının vəziyyətinin heç də ürəçkaçan olmadığını göstərdi. Təhlillər ölkənin yaxın illərdə ciddi problemlərlə üzləşəcəyini və ödəniş qabiliyyətinin aşağı düşəcəyini ortaya qoyurdu. Buna görə də ABŞ hökuməti 1955-ci ildə qəbul etdiyi qərarla 300 milyon dollarlıq kreditlə risk etməkdənsə, 30 milyon dollarlıq yardım ayırmağı üstün tutdu. Bu isə sözügedən kreditlə Türkiyə iqtisadiyyatının problemlərini təxirə salmağa çalışan Menderes hökuməti üçün ağır zərbə oldu.

***

Ötən məqalədə qeyd etdiyimiz kimi, 1954-cü ildə keçirilən parlament seçkilərində Demokrat Partiyası (DP) möhtəşəm bir zəfər çalmışdı. Onlar səslərin 58,4%-ni qazanaraq parlamentdəki yerlərin 93%-nə yiyələnmişdilər. Türkiyə Böyük Millət Məclisindəki 541 yerdən 503-ü demokratların əlində idi. Çoxpartiyalı sistemin mövcud olduğu demokratik bir ölkədə belə nailiyyət ağlasığmaz idi və bundan yalnız məmnunluq duymaq olardı.

Amma, heyrətamizdir ki, Adnan Menderes əksini düşünürdü. Baş nazir partiyasına səs verməyən vilayətləri cəzalandırmaq qərarına gəldi. İlk cəza 1950 və 1954-cü il seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbə qazandığı Malatyaya kəsildi. Son seçkilərdə CHP-nin qazandığı 31 mandatdan 12-i bu vilayətdəki səslərin hesabına idi.

Parlamentin iyunun 22-də qəbul etdiyi qanunla Malatyanın bir hissəsi ondan qoparılaraq yeni vilayət – Adıyaman yaradıldı. Nəticədə Malatyadakı seçicilərin sayı və müvafiq olaraq seçəcəkləri deputatların sayı da azaldı. 1957-ci il seçkilərində bu vilayətə ayrılan mandat sayı artıq 9 idi.

Bir ay sonra isə Cümhuriyyətçi Millət Partiyasının (CMP) qələbə qazandığı yeganə vilayətin – Kırşehirin növbəsi çatdı. Iyulun 20-də qəbul edilən qanunla Kırşehirn vilayət (il) statusu ləğv edildi, ilçe statusuna endirildi və özünün əvvəlki ilçeleri ilə birlikdə yeni yaradılan Nevşehir vilayətinə tabe edildi.

Maraqlıdır ki, Adnan Menderes bu addımının səbəbini gizlətmirdi. Qanunun müzakirə olunduğu iclasda Baş nazir deyirdi: “Türkiyənin heç bir yerində 3%-dən çox səs almayan bir partiyaya mənsub millət vəkilini iki seçkidə seçən Kırşehirin ictimai və siyasi struktur etibarı ilə anormallıq göstərməkdə olduğunu inkar etmək mümkün deyildir. Bəli, biz açıq danışırıq”.

Kırşehirden iki dəfə seçilən müxalifətçi Osman Bölükbaşı idi. Son seçkidə onun partiyası bu vilayətdən beş mandatın hamısına yiyələnmişdi. Buna görə də o və digər yoldaşları qanuna sərt etiraz etdilər. Bölükbaşı “Vilayəti qaldırdınız, bizi də qaldırın, zülmünüz tam olsun” dedi. Adnan Menderes bu çıxışı istehzalı təbəssümlə dinləyirdi. Amma sonralar məhkəmə qarşısında duranda bu addımın “çox böyük xəta” olduğunu etiraf edəcək.

Doğrudan da seçkilərdə 64 vilayətin 59-da qalib gələn bir iqtidarın belə cəzaya əl atması olduqca qeyri-adekvat və cılız addım idi. Hətta bəzi DP üzvləri buna etiraz edirdilər. Amma partiyanın əzici çoxluğu öz sözünü dedi: qanun layihəsi 285 səs lehinə, 39 səs əleyhinə olmaqla qəbul edildi.

Ümumiyyətlə, bu dövrdən etibarən Menderes iqtidarı mürtəce siyasət yürüdərək hüquq və azadlıqları məhdudlaşdırmağa çalışır. Reytinqi yetərincə yüksək olan və hələ ki, hakimiyyətinə bir təhlükə görünməyən bir iqtidarın atdığı bu addımları sağlam düşüncə və məntiqlə izah etmək xeyli çətindir.

İyunun 30-da “Millət vəkilləri seçimi qanunu”na bəzi dəyişikliklər edildi. Bir neçə il öncə özü müxalifət ikən radioda çıxış haqqı uğrunda mübarizə aparan partiya, indi iqtidar ikən digər partiyalara bu haqqı qapadırdı. Qanun bir sıra başqa mürtəce məhdudiyyətlər də nəzərdə tuturdu.Partiyaların vahid namizəd siyahısı tərtib etmələrini, seçki bloku yaratmalarını çətinləşdirən müddəalar vardı.

Demokrat Partiyasının hakimiyyətə gəlməsində müstəqil mətbuatın ciddi töhfəsi olmuşdu. Hətta 1950-ci il seçkilərindən sonra demokratlar “siz çalışdınız, siz qazandınız, sizin əsərinizdir bu bayram”, deyə mətbuata təşəkkür edirdilər. İqtidarlarının ilk illəri də mətbuat üçün xeyli azad dövr idi. İndi isə mətbuat azadlığını boğan addımlar atıldı.

Hələ seçkidən əvvəl qəbul edilən qanunla məmurların şərəf və ləyaqətini alçaldan, onların etibarını zədələyəcək, şöhrət və sərvətinə zərər vuracaq yazılara görə 6 aydan 3 ilə qədər həbs və 1000 lirədən 3000 lirəyədən cərimə nəzərdə tutuldu. Maraqlıdır ki, bu zaman qəzetlərə öz ittihamlarını təsdiq etmək hüququ tanınmırdı. “İspat hakkı” adını alacaq bu məsələ iqtidarın müxalifət və mətbuatla münasibətlərini xeyli korladı.

Tezliklə bu qanun bütün sərtliyi ilə işə düşdü. CHP-nin tanınan simalarından Nihat Erim yazdığı məqalə üzündən 35 min lirə kimi böyük məbləğdə cərimə edildi. Fuat Arna və Bedii Faik həbs edildilər. Türk mətbuatının qocaman nümayəndəsi Hüseyin Cahit Yalçın 79 yaşında zindana salındı. 1955-ci ilin mayında ana müxalifət lideri İsmət İnönünün kürəkəni Metin Töker və Cüneyt Arcayürek həbsə atıldılar. Ümumiyyətlə, 1954-1958-ci illərdə 238 jurnalist həbslərdən keçdilər.

1954-cü noyabrının əvvəllərində muxtar seçkiləri oldu. Müxalifətin seçkilərin ədalətli keçmədiyini iddia etməsi parlamentdə qızğın müzakirələrə səbəb oldu. Demokratlar, Adnan Menderes də daxil olmaqla, CHP-nin 1946-cı il seçkilərini saxtalaşdırmaqda ittiham etdilər. Onu da deyək ki, DP hakimiyyətə gələrkən keçmiş dövrlərin umu-küsüsünü xatırlamayacağını vəd etsə də, buna heç zaman əməl etmədi.

İnönü ilə arasındakı polemika zamanı Menderes sərt sözlər işlətdi: “Gözümə bax, paşa, gözümə bax! Sənin kazip (saxta – Y.S.) şöhrətindən qorxacaq, çəkinəcək kimsə yox burada! 1946-dakı cinayətinin cəzasını çəkəcəksən”. Halbuki seçki saxtakarlıqları ilə bağlı cinayətlər 1950-ci ildə verilən amnistiyaya düşmüşdü və kimsəni cəzalandırmaq artıq mümkün deyildi.

5e7892a30f25441d1c5aac6a.jpg
Adnan Menderes

Menderesin belə emosional çıxışları reytinqinə mənfi təsir göstərirdi. Daha pisi və təhlükəlisi o idi ki, ordunun narazılığına səbəb olurdu. Ordu üçün İsmət İnönü sadəcə ölkədəki partiyalardan birinin başqanı deyildi: Qurtuluş savaşının əfsanəvi isimlərindən və Atatürkün ən yaxın silahdaşlarından biri, orgeneral idi. Ona qarşı edilən həqarətləri ordu öz ünvanına qəbul edirdi.

DP iqtidarının ilk üç ilində müşahidə edilən iqtisadi artım 1954-cü ildə zəiflədi. Buna səbəb havaların quraq keçməsi oldu. Bir il öncə buğda ixracından xeyli gəlir əldə edən Türkiyə həmin il buğda idxal etməli oldu. Əgər əvvəlki illərdə qiymətlərin yüksəlməsini gəlirlərin artması artıqlaması ilə kompensasiya edirdisə, indi əhalinin rifahı pisləşdi.

Əvvəlki illə müqayisədə 1954-cü ildə inflyasiya iki dəfəyə yaxın artaraq 9% təşkil etdi. Növbəti ildə isə artıq ikirəqəmli ifadə olundu – 11,9%. 1953-cü ildə 11% təşkil edən iqtisadi artım isə 1954-cü ildə 3%, 1955-ci ildə isə 7,9% oldu.

***

1571-ci ildən Osmanlı dövlərinin, 1878-ci ildən isə Böyük Britaniyanın nəzarətində olan Kiprdə həmin dövrdə “enozis” – Yunanıstana birləşmək uğrunda hərəkat başlamışdı. Yunanıstan ordusunun keçmiş zabiti Qeorqios Qrivas tərəfindən yaradılan EOKA təşkilatı britaniyalılara qarşı silahlı hücumlar təşkil edir.

Kipr hadisələri Türkiyə mətbuatının əsas gündəminə çevrilmişdi. Belə vəziyyət ciddi iqtisadi problemlərlə üzləşən Menderes hökuməti üçün də sərfəli idi. Ölkənin ən populyar qəzeti olan “Hürriyet”də İstanbul yunanlarının pul toplayaraq EOKA-ya yardım etmələri iddia edilən məqalə dərc olundu. Belə bir informasiyanın adanın Yunanıstana birləşdirilməsini istəməyən türklərdə yunanlara qarşı hansı hisslər oyatdığını təsəvvür etmək çətin deyil.

Sentyabrın 6-da isə “İstanbul Express” qəzetində Yunanıstanın Salonik şəhərində Atatürkün ev-muzeyinə bomba atılması barədə təxribatçı xəbər yayıldı.Bundan sonra İstanbulda yunanlar və digər qeyri-müsəlmanların yaşadıqları məhəllələrdə talanlar başladı. İki gün davam edən hadisələrdə ölənlər, yaralananlar oldu, qadınlar zorlandı, xeyli əmlak talandı və məhv edildi.

Dövlət strukturları nəinki bu talanların qarşısını almadılar, hətta onların təşkilində DP-na yaxın adamların və təşkilatların birbaşa iştirak etdiyi iddia olundu. Daxili işlər naziri Namık Gedik baş verənləri “gəncliyin milli qiyamı” adlandırdı. Amma hadisələrdən bir neçə gün sonra ictimaiyyətin, müxalifətin, eləcə də DP-dan olan bəzi millət vəkillərinin tələbi ilə istefa verdi. İstanbul valisi də öz postunu itirdi.

“6-7 eylül olayları” adını alacaq hadisələri təşkil edərkən və ya göz yumarkən Menderes iqtidarının hansı hədəflər güddüyünü söyləmək çətindir. Amma gerçəklik ondan ibarət oldu ki, hökumətin nüfuzu ciddi zədələndi. Üstəlik hakim partiyada uzun müddət müşahidə edilən fikir ayrılıqları dərinləşdi və kəskinləşdi.

Hadisələrdən sonra İstanbulda hərbi vəziyyət elan edildi. Mətbuatın çox hissəsi Türkiyənin bu ən böyük şəhərində çıxırdı. İndi onlara təzyiq üçün bəhanə yaranmışdı. Sentyabrın 19-da CHP-nin orqanı olan “Ulus” qəzeti müddəti göstərilmədən, “Hürriyet” və “Her gün” isə 15 gün müddətinə qapadıldılar.

***

Ölkədə baş verən hadisələrdən narazılıq DP daxilinə də sıçramışdı. Demokrat Partiyasının əsasını qoyan dörd nəfərdən biri – Fuat Köprülü isə hələ aprelin 15-də fikir ayrılıqları səbəbindən xarici işlər naziri vəzifəsindən istefa verdi. Amma hələ iki il partiya üzvü kimi qaldı.

Oktyabrın əvvəllərində 19 DP-li deputat bir bəyanat imzalayaraq mətbuata isbat haqqının tanınmasını tələb etdilər. Oktyabrın 12-də toplanan “yüksek haysiyet divanı” onlardan doqquzunun partiyadan xaricinə, digərləri haqqında isə araşdırmaların davam etdirilməsinə səs verdi. Qurum bununla da narazıları parçalamaq istəyirdi, amma alınmadı. Digər 10 nəfər də ertəsi gün DP-dan istefa verdilər.

Bu 19 nəfər dekabr ayında Hürriyyət Partiyası adlanan yeni siyasi təşkilat yaratdılar və DP iqtidarına qarşı müxalif mövqe tutdular. Partiyanın genel başqanı əvvəlcə Ekrem Hayri Üstündağ seçildi. Amma səhhətində yaranan problemlər üzündən onu tezliklə Fevzi Lütfi Karaosmanoğlu əvəz etdi.

Oktyabrın 13-də bələdiyyə seçkiləri keçirildi. CHP və CMP əvvəlcən bu seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilərə yalnız DP və Türkiyə Kəndli Partiyası qatıldı. Nəticədə seçkilərə maraq xeyli azaldı və iştirak yalnız 37,7% təşkil etdi. Daha güclü müxalif partiyaların boykotuna baxmayaraq, DP səs itkisinə məruz qaldı.

Seçkilərdən sonra DP-ni daha bir millət vəkili tərk etdi. Hataydan seçilən Şekip İnal öz addımını belə izah etdi: “Seçkilərdəki hadisələr mənə partiyanın 10 il əvvələ döndüyünü və demokratiya məfhumu ilə heç bir əlaqəsi qalmadığını göstərdi”.

***

Oktyabrın 15-18-də DP-nin IV qurultayı keçirildi. Adnan Menderes öz çıxışında bütün addımlarını müdafiə etdi və haqq qazandırdı. O, partiyadan uzaqlaşan 19 nəfəri də avtoritar liderlərə xas tərzdə xəyanətdə suçlayaraq onların məkrli məqsədlər güddüklərini iddia etdi: “Bunu bildirim ki, məsələ isbat haqqı deyildir. Bunu sadəcə bayraq etmək istəyirlər”

Qurultayın ikinci günü keçirilən seçkilərdə Menderes yenidən genel başqan seçildi. Yüksək idarə kuruluna 14 nəfər seçildi. Maraqlıdır ki, onlar arasında ən çox səs toplayan Mendereslə fikir ayrılıqları heç kəs üçün sirr olmayan Fuat Köprülü oldu. Bu fakt partiya daxilində genel başqandan narazılığın az olmadığının göstəricisi idi.

Daha bir diqqətəlayiq hadisə qurultaydan sonra baş verdi. DP-nin parlamentdəki deputat qrupunun başqanı seçkilərində partiya rəhbərliyinin irəli sürdüyü namizəd Tevfik İleri məğlub oldu, Burhanettin Onat qalib gəldi.

Noyabrın 22-də və 29-da DP-nin Məclis qrupunun toplantısında hökumət sərt tənqidlərə məruz qaldı. Bu tənqidlər iqtisadi problemləri, 6-7 sentyabr hadisələrini, korrupsiya ittihamlarını əhatə edirdi. Bu partiyadaxili qiyamdan Baş nazir zorla qurtulsa da hökuməti devrildi. Dekabrın 9-da yeni hökumət – Cümhuriyyətin 22-ci hökuməti və ya 4-cü Menderes hökuməti quruldu.

***

Bu illərdə xarici siyasətdə əsas hadisə Türkiyənin CENTO (The Central Treaty Organization – Mərkəzi Müqavilə Təşkilatı) hərbi-siyasi ittifaqına qoşulması oldu. İlk illərdə daha çox “Bağdad paktı” adı ilə tanınan bu təşkilat ABŞ-ın çətiri altında və dövlət katibi Con Foster Dallasın səyləri əsasında formalaşdı.

CENTO İkinci dünya müharibəsindən əvvəl mövcud olan və Türkiyə, İraq, İran, Əfqanıstanın daxil olduğu Yaxın Şərq Antantasının analoqu olmalı idi. Amma bu dəfə Əfqanıstanı yenicə müstəqillik qazanmış Pakistan əvəz etdi. Təşkilatın məqsədi SSRİ-nin cənub sərhədləri boyu çənbər yaratmaq, kommunizmin cənuba irəliləməsinin qarşısını almaq idi.

SENTO-nun əsasını 1955-ci il fevralın 24-də İraq və Türkiyə arasında Bağdadda imzalanan (“Bağdad paktı” adı da buradan götürülmüşdü) müqavilə ilə qoyuldu. Qısa müddət sonra Böyük Britaniya, Pakistan və İran müqaviləyə qoşuldular. ABŞ təşkilata qoşulmasa da, müşahidəçi statusuna malik idi və bəzi komitələrin işində iştirak edirdi. 1958-ci ildə baş verən çevrilişdən sonra İraq təşkilatdan çıxdı və onun mənzil qərargahı Bağdaddan Ankaraya köçürüldü.

Ana səhifəXəbərlər1954-1955-ci illərdə Türkiyədə siyasi həyat