1000 sutkalıq həbsə aparan teatral dialoq

Arada seti açın, bəlkə, dialoqa gələn oldu…

Mənbə: Meydan TV


Pandemiya günlərində 50-yə yaxın ictimai-siyasi fəala müxtəlif müddətə inzibati həbs cəzası verilib

Çox “ciddi islahat” dalğasında Prezident Administrasiyasında komanda gəncləşdirildi. Bu “gəncləşmə” Ramiz Mehdiyevlə Əli Həsənovun PA-dan uzaqlaşdırılmasıyla baş tutdu. Buna qədər bir sıra addımlar atılmışdı. 21 fevral 2017-ci ildə I vitse-prezident təyinatından sonra Mehriban Əliyevanın tezliklə hakimiyyətin ən yüksək postuna gətiriləcəyi ilə bağlı illərdir dolaşan söz-söhbətlərin gerçəyə çevriləcəyinə kimsədə şübhə qalmamışdı. Bu təyinatın 2018-ci ilin sonunda keçiriləcək prezident seçkisinə birbaşa dəxli olduğunu deyənlər də vardı. Ancaq Azərbaycan kimi ölkələrdə proseslər nə proqnozlara, nə də məntiqə cavab verir.

İndi hakimiyyətdə əsas söz sahibinin Paşayevlər olduğu deyilsə də, görünür, bu, heç də belə deyil, çünki 21 fevral sərəncamı, sadəcə, təyinatdan o yana keçmədi və “Naxçıvan klanı” öz hökmranlığını qoruyub saxladı. 2018-ci ildə prezident seçkisi oktyabrda yox, vaxtından qabaq, yəni növbədənkənar keçiriləndən sonra situasiya dəyişdi, İlham Əliyev düşmədiyi kürsüyə yenidən mandat aldı.

Bu seçkini hakimiyyət islahat kimi qələmə verdi. Üstəlik, bəzi yerdəyişmələr, bəzi icra başçılarına qarşı qara maskalıların keçirdiyi əməliyyatlar da islahatın adına yazıldı. Ancaq keçən zaman, görülən işlər, təyinatlar bunun islahatdan xeyli uzaq olduğu görüntüsünü yaradır. Bununla yetərlənməyib növbədənkənar parlament seçkisinə getdilər və onu da islahat kimi qələmə verdilər. Həmin parlament bu gün xalqın ziyanına olan, dolanışıq çətinliyi çəkən əhalini cərimələrlə “dinə-imana” gətirmək niyyətli bütün sənədlərə möhürünü vurur.

Fazil Mustafa

tarix kitablarına düşəcək söz deyir: “İndiki parlament keyfiyyətinə görə Azərbaycan tarixində ən güclü parlamentlərdən biridir”…

Vaxtsız gələn qonaq kimi ortaya çıxan koronavirus da sanki hakimiyyətin işinə yarayıb. Bu ilin martında Novruz təbrikində İlham Əliyev əsl niyyətini ortaya qoyub: “…nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin”.

Bundan qabaq müxalifətlə dialoqdan danışan Prezident bu dialoqu ixtisasca filoloq, sənətşünaslıq üzrə elmlər doktoru, 1993-cü ildən 2018-ci ilə qədər mədəniyyət nazirinin müavini postunu tutan, bütün fəaliyyəti tetrla bağlı olan birinə tapşırdı – PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə müdir təyin etməklə. Siyasi proseslərlə yaxından-uzaqdan əlaqəsi olmayan birinin rəhbərliyilə aparılan dialoqun nəticəsi göz önündədir. Bu dialoq İTV-nin “Ortaq məxrəc” verilişinə bənzəyir, yəni Azər Həsrət, Bəhruz Quliyev, Vüqar Rəhimzadə və Aydın Quliyevi bir masa ətrafında oturdub “ortaq məxrəc”ə gətirmək kimidir. Fəzail Ağamalı, Fazil Mustafa, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev və bir çox başqa partiya sədrləriylə onsuz da illərdir “dialoq”dasız, hər seçkidə mandat verirsiz. Onlarla yenidən dialoqa nə ehtiyac var? Dialoq düşüncələrini bölüşmədiklərinizlə, rəqib saydıqlarınızla ola bilər. Bu tip dialoqa rəqiblərin qatılmaması anlaşılandır, ancaq o imtinalardan sonra da yuxarıdakı sitat gündəmə gəldi. “30 ildir çürüməyən” müxalifəti virus dalğasında təcrid etməyi qarşıya məqsəd qoymaqla, həm də uyğun qurumlara mesaj yollamaqla.

Pandemiya günlərində “düşmən dəyirmanına su tökən” 50-yə yaxın şəxsə müxtəlif müddətə inzibati həbs cəzası verilib, bəziləri lap iki dəfə bu cəzanı alıb, əllərində SMS icazəsi ola-ola. Onlardan bəzilərinəsə cinayət işi açılıb. Sonuncu həbslər iyunun 27-də olub, 3 fəalın hər birinə 10 sutka verilib. Bununla pandemiya günlərində inzibatı həbsə atılan siyasi fəallara verilən cəza ümumilikdə 1000 sutkanı keçib, hələlik. Onların çoxu AXCP üzvləridir. Partiyanın sədrisə internetdən məhrum edilib. Bəzən telefonları belə əhatə dairəsində olmur.

Arada seti açın, bəlkə, dialoqa gələn oldu…

Ana səhifəXəbərlər1000 sutkalıq həbsə aparan teatral dialoq