Zərdüşt Əlizadə: ABŞ beynəlxalq terrora əl atıb

“Hadisələrin inkişafı müharibə təhlükəsinə aparacaqsa, o halda Azərbaycana humanitar, hərbi və siyasi-iqtisadi təhlükəsi olacaq”.

Source: Коллаж haqqin.az


Aida Bağırova: “Azərbaycan üçün ciddi təhlükələr yarana bilər”

ABŞ hərbçilərinin yanvarın 3-də raket zərbəsi ilə İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin komandiri Qasım Süleymanini Bağdadda öldürməsi İranla Birləşmiş Ştatlar arasında gərgin münasibətləri pik həddə çatdırıb. Bir çox müşahidəçilər bu hadisənin genişmiqyaslı müharibəyə səbəb olacağından ehtiyat edirlər. ABŞ-ın özündə də Qasım Süleymaninin öldürülməsini birmənalı qarşılamayıblar. Konqress prezident Donald Trampın bir sıra səlahiyyətlərini, o cümlədən İrana qarşı hərbi əməliyyatlarların başlaması ilə bağlı qərar vermək səlahiyyətini məhdudlaşdırmaq istəyir.

Bölgədə mümkün müharibə ocağının alovlanmasının hərbi-siyasi və humanitar baxımdan Azərbaycan üçün təhlükəli olub-olmaması barədə Meydan TV ekspertlərin fikrini öyrənib.


“Karter istisna olmaqla bütün ABŞ prezidentləri beynəlxalq hüququ pozublar”

Siyasi icmalçı Zərdüşt Əlizadə vurğulayıb ki, hadisələr tərəflərin inadı nəticəsində yüksələn xətlə inkişaf edir.

O hesab edir ki, Qasım Süleymani və yüksək dərəcəli hərbçilərin öldürülməsi ABŞ-ın beynəlxalq terrora əl atması deməkdir.

“Hazırda prezident Trampın xalqa müraciəti gözlənilir. Məsələ ondadır ki, tarix boyu Amerika prezidentlərinin millətə müraciətləri böyük müharibənin başlanmasından xəbər verib:

“Trampın hərəkətləri əslində Amerikada daxili siyasi vəziyyətlə əlaqədardır. Məsələn, Bill Klintonun Monika Levinski ilə məhəbbət macərasına görə impiçment məsələsi ciddi mərhələyə keçəndə, serblərin albanların hüquqlarını pozması adı ilə NATO təyyarələri Yuqoslaviyanı bombaladı. Nəticədə Klintonun vəzifədən kənarlaşması arxa plana keçdi”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

O qeyd edib ki, indi də Trampın impiçmenti və noyabrda seçkilər gözlənilir. İcmalçı bildirib ki, demokratlar impiçment qərarını çıxarsalar da, onu Senata göndərməyiblər.

“Bütün bu əsnada Tramp müttəhim kimi qalır və istər-istəməz nüfuzuna xələl gəlir. Belə şəraitdə Amerika qaragüruhu arasında hörmətini qaldırmaq üçün beynəlxaq terror aktına əl atır. İranda fevral ayında parlament, ardınca prezident seçkiləri keçiriləcək. Orada da liberallarla mühafizəkarlar mübarizə aparır. Tehranda da bölgədəki nüfuzuna xələl gəlməməsi üçün zəif siyasətçi olmadıqlarını göstərmək istəyirlər və Amerika hərbi bazalarına zərbə endirirlər. Ancaq tərəflərin heç biri beynəlxalq hüququ, ticarəti və insanların taleyini yada salmır”.

Zərdüşt Əlizadənin fikrincə, əslində, prezident Tramp son hərəkətləri ilə ABŞ demokratiyasına inanan insanların baxışlarına ağır zərbə vurdu. Bununla o, beynəlxalq hüququ tapdaladı. O deyib ki, bundan sonra insanları demokratik dövlətlərin hüququn aliliyinə hörmət etdiyinə inandırmaq çətin olacaq.

Siyasi icmalçı hesab edir ki, ümumiyyətlə, Amerika tarixində Karter istisna olmaqla bütün prezidentlər beynəlxaq hüququ pozublar. Trumen Yaponiyaya atom bombası atanda dünyanı qorxutmaq məqsədi güdürdü. Reyqan da, liberal Obama da, Klinton da oxşar addımlar atıblar.

Baş verən olayların Azərbaycan üçün siyasi-humanitar təhlükələrinə gəldikdə, Zərdüşt Əlizadənin sözlərinə görə, mövcud iqtidarın bir məqsədi var, hakimiyyətdə qalmaq və enerji məhsullarını satıb varlanmaq.

“Bu məqsədə mane olan bütün amilləri sıradan çıxarırlar. Ona görə rəsmi Bakı hamıya bəli deyir. Bu baxımdan hakimiyyət Rusiya, İran və Türkiyə ilə münasibətləri yaxşı saxlayır. Dərindən düşündükdə, Ermənistanla da konsensus var, Qarabağ məsələsinə toxunmurlar”.


“İndiki mərhələdə genişmiqyaslı əməliyyatların olacağını düşünmürəm”

Şərqşünas-alim Aida Bağırova İran-ABŞ münasibətlərindəki gərginliyin davamlı olacağı və müharibənin qaçılmazlığı fikirlərini bölüşmədiyini bildirib.

Onun fikrincə, qarşı tərəflər bir-birinə preventiv zərbələr vuracaq. Buna misal olaraq o, yanvarın 7-də İranın İraq ərazisindəki ABŞ hərbi bazalarını bombalamasını göstərib. O qeyd edib ki, bu seriyadan yenə də zərbələr ola bilər.

Aida_Bağırova.jpeg
Aida Bağırova

Ancaq Aida Bağırova indiki mərhələdə genişmiqyaslı əməliyyatların olacağını ehtimal etmir:

“Əgər hərbi əməliyyatlar geniş miqyaslı olarsa, Azərbaycan üçün ciddi hərbi-siyasi, humanitar və iqtisadi təhlükələr yarana bilər. Yox, gedişat səngiyəcəksə, Azərbaycan qısa zamanda ərazi təhlükəsizliyini təmin etməlidir. Çünki yaxın qonşumuz İran münaqişəyə cəlb olunsa, Yaxın Şərq regionu təhlükəli mərhələyə daxil olar və Azərbaycana mümkün təsiri ola bilər”.


“Hər şey Vaşinqtonun cavabının miqyasından asılı olacaq”

Siyasi icmalçı Sülhəddin Əkbər ehtimal edir ki, ABŞ İranın 7 yanvar zərbələrinə cavab verəcək.

“Sadəcə, Vaşinqtonun cavabının miqyasından asılı olaraq İran da cavab verəcək. Hər şey ABŞ-ın cavabının miqyasından asılıdır. Böyük ehtimalla Vaşinqton Tehranın raket-nüvə sistemini, İnqilab Keşikçilərini və neft ixrac sektorunu sıradan çıxarmaq üçün hərəkətə keçə bilər”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

S.Əkbərin sözlərinə görə, münaqişə məhdud çərçivədə qalacaqsa, yəni ABŞ-ın zərbəsindən sonra tərəflər danışıqlar masasına oturacaqsa, Azərbaycan üçün çətinliklər və problemlər yaranmayacaq.

“Hadisələrin inkişafı müharibə təhlükəsinə aparacaqsa, o halda Azərbaycana humanitar, hərbi və siyasi-iqtisadi təhlükəsi olacaq”.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: ABŞ beynəlxalq terrora əl atıb