Zaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə danışıqların intensivləşməsində maraqlı görünmür

Sənədlə bağlı çoxlu problemlər var, heç biri də bizim sivil toplumun qaldırdığı hay-küylə bağlı deyil.

Source: Foto: Azərtac


Erkin Qədirli: ''Qərb hər ölkənin özünün eşitmək istədiyini deyir''

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ötən həftə bölgəyə vida səfəri etdi. Səfər Azərbaycandan başladı.

Donald Tusk Azərbaycanı nadir ölkə sayaraq bildirmişdi ki, Brüsellə Bakı hər il bir-birinə yaxınlaşır, münasibətlər intensivləşib və onun səfəri buna aydın işarədir. Bununla belə Donald Tuskun Gürcüstanda səsləndirdiyi açıqlama daha çox müzakirə obyektinə çevrildi. O, “Rusiyanın Gürcüstana birbaşa uçuşlara qadağa qoyması əsassızdır və qeyri-mütənasibdir”, deyərək Moskvanın Tiflisə təzyiqlərini pislədi.

Donald Tuskla Bakıda görüşənlərdən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyəti üzvü Zaur Əkbər bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti onlarla görüşdə Azərbaycanla əlaqələrin inkişafı haqda hər hansı fikir səsləndirməyib.

“Əslində, ictimaiyyət üçün həmin fikirlərin səslənməsi hakimiyyəti daha da qıcıqlandırmaması və ikitərəfli sazişin imzalanması ilə bağlı danışıqların intensivləşməsində maraqlı olduğunu göstərir. Qərb diplomatları hər ölkəyə öz dəyərlərinə verdikləri önəmə görə qiymət qoyurlar. Gürcüstanla Azərbaycan arasında yerlə-göy arasında fərq var. Rəsmi Tiflis gürcülərin hüquqlarını tanıyır, insan haqlarına sayğıyla yanaşır, seçkilər də Azərbaycandakı kimi saxtalaşdırılmır. Ümumiyyətlə, Azərbaycanda seçki adına heç nə yoxdur. Ona görə Donald Tuskun açıqlamasını normal qəbul edirəm. Çünki hər hakimiyyət öz xalqına və dövlətinə verdiyi dəyərə uyğun mesajlar alır”.

Zaur Əkbər
Zaur Əkbər

Zaur Əkbər güman etmir ki, Tuskun Bakı səfərindən sonra Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlarda irəliləyiş olsun:

“Tuskla görüşdə də bunu hiss etdim. Sanki Azərbaycan danışıqların intensivləşməsində maraqlı görünmür. Hiss etdim ki, Bakı səfəri Avropa İttifaqı Şurasının Prezidentində xoş təəssürat yaratmayıb. Məsələ ondadır ki, İlham Əliyevin siyasi iradə nümayiş etdirib sazişi imzalaması inandırıcı görünmür ki, bu, Tuskla görüşdə açıq sezilirdi”.

ReAL Partiyasının İdarə Heyətinin üzvü Erkin Qədirli isə hesab edir ki, Qərb hər ölkənin özlərinin qurduğu hekayəyə uyğun təqdimat seçir və hər kəsin eşitmək istədiyini deyir.

“Azərbaycana deyirlər ki, enerji sabitliyi üçün önəmlisiniz, coğrafi yerləşməniz vacibdir. Çünki rəsmi Bakı da bu məsələlər üzərində hekayəsini qurub. Gürcüstana gedirlər, gürcülərin özlərini Roma Papasından da böyük katolik saydıqlarını görürlər. Fikir verdinizmi, Gürcüstan prezidenti dedi ki, onlar Avropa niyyətli millət deyil. Avropa millətidirlər. Qərb diplomatları da onlara eşitmək istədikləri reaksiyanı verirlər. Ermənistanda da onların qayğılarını anladıqlarını bölüsürlər. Əgər Azərbaycan hökuməti dilini dəyişsə, ona uyğun danışacaqlar”.

Erkin Qədirli
Erkin Qədirli

Erkin Qədirli bildirib ki, Tuskun səfərindən sonra Brüssel-Bakı sazişi ətrafında danışıqların intensivləşəcəyi sualına belə cavab verib:

“Sənədlə bağlı çoxlu problemlər var, heç biri də bizim sivil toplumun qaldırdığı hay-küylə bağlı deyil. Xatırlayırsınızsa, ReAL-çılar Brüssel səfərindən sonra ittiham hədəfinə çevrilmişdi. Halbuki, hələ danışıqlarda demokratiya və insan haqları ilə bağlı məsələləri razılaşdıra bilmirlər. Hətta beynəlxalq hava uçuşları, yükdaşımaları, cinayət məhkəməsi kimi məsələlər də razılaşdırılmayıb. Demokratiya və insan haqları məsələləri ümumi deklorativ mətnlərdir. Avropa Birliyi çox da israrlı deyil, dözür. Ona görə izah etmək çətindir”.

Ana səhifəXəbərlərZaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə danışıqların intensivləşməsində maraqlı görünmür