Zaqatala sakini: İtlərin öldürülməsini ictimailəşdirdiyim üçün təzyiqə məruz qalmışam

“Xüsusilə bölgələrdə küçədə yaşayan sahibsiz itlər vaxtaşırı güllələnir”

Source: Specify Source


“Polis mənə “təzyiq belə olmur, təzyiq şapalaq dəyəndə olur”,- dedi”

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Nizami Ramazanov itlərin güllələnməsi faktını yayımladığı üçün problem yaşayır. Sosial şəbəkələrdə qrup yaradaraq heyvanların müdafiəsi ilə məşğul olan Nizami Ramazanov deyir ki, ötən ilin dekabrında Zaqatalada itləri güllələyiblər. Bu zaman o da içində itləri öldürən silahlı adamların idarə etdiyi maşını telefonla çəkib, sosial media hesabında paylaşıb:

“Yaralı itləri evimə gətirib ilkin tibbi yardım göstərdim, çox ağır olanları da Bakıya müalicə üçün göndərdim. Üstündən, haradasa, 2 gün keçdi, 102-yə zəng edib hadisə barədə məlumat verdim. Polis şöbəsinə dəvət olunduqda isə polis əməkdaşları mənə videoları sosial şəbəkələrdə yerləşdirdiyimi irad tutdular və 102 xidmətinə bu barədə nahaq yerə məlumat verdiyimi bilirdilər. Kobud danışaraq mənə təzyiq göstərdilər. Polis məndən soruşdu ki, belə ajiortaj yaratmaqda məqsədim nə olub. Mən polis əməkdaşlarından özümə qarşı təzyiq hiss etdiyimi bildirdikdə polis mayoru Elman Ramazan oğlu Fətəliyev mənə “təzyiq belə olmur, təzyiq şapalaq dəyəndə olur”,- dedi. İzahat yazmaq üçün növbəti dəfə şöbəyə gedəndə eyni polis mənə ” Səninlə gələn dəfə başqa cür danışacağıq”söylədi”.

Şikayətçini bu məsələ çox narahat etdiyindən özü soraqlaşaraq öyrənib ki, itləri güllələyən adamın mindiyi maşın məişət tullantılarına baxan idarənin müdiri İlkin Rzayevə məxsusdur. İlkin Rzayev aprelin 9-da koronavirusdan vəfat edəndə Nizami Ramazanov sosial mediada hadisəyə öz münasibətini paylaşıb. Bundan sonra polis yenidən onu bölməyə çağırıb:

192564141_340584641015583_7726648615478938127_n.jpg
“Yaralı itləri evimə gətirib ilkin tibbi yardım göstərdim, çox ağır olanları da Bakıya müalicə üçün göndərdim@

“Mən öz sosial media hesabımda itləri öldürən adamın dünyasını dəyişməsinə öz münasibətimi bildirib, bir post paylaşıb bunun “ilahi ədalət” olduğunu yazdım. Səhəri gün polis gəlib məni rəis müavinin yanına apardı. Rəis müavini mənə sosial şəbəkədə paylaşdığım dünənki statusun “kişiliyə yaraşmadığını” dedi. Məni ittiham elədi ki, bu statusla İlkinin goruna söyməyə şərait yaratmışam. Daha sonra mənə boş yerə 102 xidmətinə tez-tez zəng edib bezdirməməyimi tapşırdı. Rəis müavini Daşqın Quliyev sonra bilirdi ki, rəhmətə gedən nüfuzlu şəxsə sosial şəbəkədə başqa şəxslər tərəfindən nalayiq sözlər deyilməsinə səbəb mənəm və buna görə cavab verəcəm. Sanki mən qanun pozuntusu eləmişəm, buna görə də cavab verməliyəm. İtlərin güllələnməsi qaldı bir kənarda, indi itləri güllələyənin oğlu məndən polisə statusuma görə şikayət edib”.


“Polisin və ya prokurorluğun bu məsələyə qarışmaq səlahiyyəti yoxdur!”

Hüquqşünas Səməd Rəhimli Nizami Ramazanovun paylaşımı ilə bağlı polisə çağırılmasını qanunsuz hesab edib:

“Əgər ortada təhqir və ya böhtan iddiası varsa, polis bu məsələyə qarışa bilməz. Çünki təhqir və ya böhtan məhkəmə yolu ilə həll olunmalı məsələdir. İki yolla məhkəməyə müraciət etmək olar. Birincisi, mülki qaydada müraciət edərək kompensasiya və ya üzr tələb oluna bilər. Ya da Cinayət Məcəlləsinin 147, 148-ci maddələrinə uyğun olaraq məhkəməyə verib həmin şəxsin cəzalandırılmasını istəyə bilər. Polisin və ya prokurorluğun bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Polisin Nizami Ramazanova “statusu sil” deməsi qanunsuzluqdur”.


“Əgər itlərin sayının azalmasını istəyirlərsə, bunun tək və ən mədəni yolu onları qısırlaşdırmaqdır”

Heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev təklif edib ki, itləri güllələmək yerinə onları qısırlaşdırmaq lazımdır:

193977636_489479815590953_333260810567453569_n.jpg
DİN Baş Cinayət Axtarışı İdarəsinin rəisinin cavab məktubu

“ Xüsusilə bölgələrdə küçədə yaşayan sahibsiz itlər vaxtaşırı güllələnir. Onlar hesab edirlər ki, bu üsul ilə itlərin sayını azalda biləcəklər. Lakin bu, iki səbəbdən mümkün deyil. Birinci səbəb budur ki, 1 dişi və 1 erkək it qalsa belə, onlar yenidən çoxalacaqlar. İkinci səbəb də odur ki, insanlar evdə saxladıqları itlər balalayanda o balaları azdırırlar, nəticədə itlərin küçədəki sayı çoxalır. Əgər itlərin sayının azalmasını istəyirlərsə, bunun tək və ən mədəni yolu onları qısırlaşdırmaqdır. Beləcə, itlərin sayı kontrol edilə biləcək rəqəmlərə enə bilər. Küçə itlərini öldürmək həm də cinayətdir. Qanunvericiliyimizə əsasən, küçə itini öldürən şəxs 500 manat cərimə edilməlidir. Lakin, təəssüf ki, itləri öldürənlər sıravi şəxslər yox, dövlət işçiləridir. Mən bütün dövlət işçilərini heyvanlara qarşı mərhəmətli olmağa çağırıram”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə məsələnin araşdırılacağını deyib. Bundan sonra DİN-in Baş Cinayət Axtarış İdarəsindən Nizami Ramazanova cavab məktubu göndərilib. Həmin məktubda bildirilir ki, araşdırılıb, polisin rəftarında qanunazidd hərəkətlərə yol verilməsi halı aşkarlanmayıb.

Ana səhifəBölgəZaqatala sakini: İtlərin öldürülməsini ictimailəşdirdiyim üçün təzyiqə məruz qalmışam