Yollar yorğunu

Səhərin qaranlığında, yuxunun ən şirin yerində anaları Samirlə Əsməri məktəb üçün oyandırır. Bütün uşaqlar mışıl-mışıl yatanda onlar yarıyuxulu ayılıb, məktəb üçün tələsirlər. Axı gediləcək 2 saatlıq yolları var.

“Uşaqlarım heç səhər yeməyi nədir bilmirlər. Neçə gündür elə günorta, axşam mürəbbə ilə çörək yeyirlər. Elə olub ki, neçə gün biz çörəksiz yatmışıq”, – Arzu Abbasova deyir.

Arzu Abbasova uşalarını təkbaşına böyüdür. O, 4 ildir həyat yoldaşından boşanıb. Hər gün səhər 6 radələrində yaşadığı Masazır qəsəbəsindən yola düşərək uşaqlarını şəhərə – məktəbə aparır.

Qonşuların, bəzən də müəllimlərin gətirdikləri paltarlarla uşaqlarını geyindirir. 10 yaşlı qızının gödəkçəsini bağlaya-bağlaya başına taxılacaq bir bantının belə olmamasından giley edir.

Boş, kimsəsiz küçənin səssizliyini ayaq tıqqıltıları ilə pozurlar. Qaranlıq yolda siluetləri görünür. Onlarsa bir-birinin əllərini bərk-bərk sıxaraq dayanacağa çatırlar. Axı bu həyatda özlərindən başqa kimsələri yoxdur.

“28 Mayda yerləşən məktəbdən də çıxarmıram ki, orada müəllimlər uşalarımı hazırlaşdırır”, – Arzu Abbasova deyir.

Yaşadıqları ev də özlərinə məxsus deyil. İllərdir kirayələrdə yaşayan ailə bu evin 4 aydır pulunu ödəyə bilmir. Ev sahiblərinin mərhəmətinə sığınaraq birtəhər yaşayırlar.

“Heç kəsin bir köməkliyi dəymir. Çox zülm çəkirəm. Yenə hava yaxşıydı, gedib birinin xalçasını yuyurdum, birinin evini yığışdırırdım. Bununla uşaqlarımı saxlaya bilirdim. İndi heç yanda iş yoxdur ki, gedib işləyib evə pul gətirim”, – uşaqlarını təkbaşına saxlayan ana deyir.

Samirlə Əsmər məktəbə çantasız gedir. Hər gün aparıb – gətirmək əziyyətli olur deyə, çantalarını məktəbdə saxlayırlar. Anası deyir ki, övladlarına dəftər-qələmi də elə müəllimləri alır.

“Deyir, ana, o qızın filan şeyi var, ya o oğlanın filan şeyi var. Onlar da istəyir. Deyirəm, alaram, amma ala bilmirəm. İki uşağım var da, istəmirəm onlar da mənim kimi savadsız olsun. İstəyirəm, yaxşı oxusunlar, balalarım mənim kimi zülm çəkməsin”, – Arzu Abdullayeva deyir.

Elə bu səbəbdən ana uşaqlarını günorta 2 – yə kimi bayırda gözləyir. Soyuq, qış, çovğun fərq etməz. Uşaqları yaxşı təhsil alsın deyə, o, bütün əziyyətlərə qatlaşmağa razıdır. Deyir, bəzən canını soyuq alanda məscidə də gedir. Səssiz-səmirsiz bir kənarda oturub saatları sayır. Hər dəfə eyni yerə getməyə utandığı üçün müxtəlif məscidlərə gedir…

“Dövlətimdən, imkanlı şəxslərdən xahiş edirəm, kimin nəyə gücü çatırsa, mənə yardım etsin. Kirayənin pulunu ödəyim, məni oradan çıxarmasınlar. Çıxsam, qalacaq bir yerim yoxdur. Mənə nəsə olandan sonra uşaqlarıma kim baxacaq? Heç kəs baxmayacaq. Öz uşaqlarımı yaxşı saxlamaq, bir qarın doyduracaq yemək bişirib onların qabağına qoymaq istəyirəm. Heç birini edə bilmirəm”, – titrək səsi ilə arzularından danışır.

Həyatın acı üzü ilə çox tez tanış olsa da, 28 yaşı var Arzu xanımın. 2 ildir onkoloji xəstə olduğunu öyrənib. Həkimlər hələ iki il öncə “dərhal əməliyyat olunmalısan” deyiblər. Ancaq onun müayinəyə belə gücü çatmadığından ağrılarla yaşayır. Erkən evliliyindən, həyatından söz açanda böyük bir səhvə yol verdiyini deyir.

“Düz etməmişəm ki, nəticə də bu olub. Küçələrdə qalmışam. Nə uşağımı doydura bilirəm, nə də ….”

Ana səhifəVideoYollar yorğunu