''Yenigündə su qurğuları gözə kül üfürmək üçün quraşdırılıb''

Sakinlər deyir, 3 gündür su qurğuları xarab olub, ancaq başqa vaxtlarda da normal su gəlmir

“Onsuz da bu qurğular gözə kül üfürmək üçün quraşdırılıb. Heç çalışan vaxtları da düz-əməlli su görmürük. Yay aylarında bura cəhənnəmə dönür”.

Ağstafanın Yenigün kəndinin sakinləri Meydan TV-yə danışır ki, aylardır kənd susuz qalıb.

Rəsmi qurum: “Su qurğuları xarab olub”

Ağstafa Rayon İcra Hakimiyyəti Yenigündəki susuzluğu kənddəki artezian qurğularının sıradan çıxması ilə əlaqələndirir. Qurumdan Meydan TV-yə bildirilib ki, əsasən yay fəslində suya tələbat artdığı üçün qurğular fasiləsiz çalışır və nəticədə xarab olur. O da qeyd edilib ki, aidiyyəti qurumlar tezliklə qurğuları təmir edəcəklər.

Kənd sakinləri isə deyir, qurğular çalışdı- çalışmadı, kənddə su problemi tez-tez yaranır. Sakin Səfər Rüstəmov deyir, su qurğuları çalışanda da palçıqlı su vurur:

“Kənddə iki su qurğusu var. Bu artezianların vurduğu su özü də insan orqanizminə zərərlidir. Suyu yığırıq qablara, xüsusi qaydada süzürük, sonra istifadə edirik ki, böyrəklərimiz daş karxanasına dönməsin”.

İmkanlıları bu su qurğularının çalışıb-çalışmaması narahat etmir. Çünki onlar onsuz da bu sudan istifadə etmirlər və ekoloji təmiz su gətizdirirlər. Kənddə isə hamı ekoloji təmiz su içmək istəyir.

“Nağıl danışıb getdilər, su kəsildi”


O ki qaldı icra hakimiyyətinin dediyi kimi, qurğuların xüsusilə yay aylarında daha çox yüklənməsinə, sakinlər deyir, bu qurğular yükləndi-yüklənmədi, ilin çox vaxtı su olmur.

“Nə yay, nə qış... Gərək mənbədən su gəlib çıxsın ki, qurğu o suyu vursun. Mənbədən su gəlib çatmır qurğulara... Bu qurğuları görüntü üçün qurublar. Yalnız quraşdırılan vaxt icra hakimiyyətindən, su idarəsindən gəldilər, suyu vurdular, kəndliləri sevindirdilər, getdilər. Ondan sonra tez-tez su kəsildi, olanda da lilli-gilli su axdı...”

Bir sözlə, kəndlilər deyir, bu iki atrezian qurğusu su layihəsinin görünməyən tərəfi – pul yeyintisidir.

“Bu iki qurğuya nə qədər pul silib ciblərinə qoyublar, bir özləri bilir, bir də Allahları... Qurğuları işə salanda ağızdolu su layihələrindən nağıllar danışdılar. Guya susuzluğa son qoyulur, filan... Bununla da hesabat hazırlayırlar ki, guya filan kəndin su problemi həll olundu. Quraşdırıb getdikləri gündən normal çalışdığını görmədim bu qurğuların...”

Su qabları ilə qonşu kəndlərə üz tuturlar

Beləcə, kənddə iki su qurğusu quraşdırılmasına baxmayaraq, kəndlilər hələ də ya su qabları ilə yüklənib qonşu kəndlərdən su daşıyır, ya da kəndə gələn su maşınından içməli suyu pulla alırlar.

Regionların su təminatının yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bu yaxınlarda bildirib ki, prezidentin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam uğurla icra olunur. Bütün rayonlarda tikinti-quraşdırma işləri görülür. Ötən il Ağstafa rayonunun bir neçə kəndində sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə subartezian quyular qazılıb, bulaqlar quraşdırılıb.

 

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/o736xg

Most Viewed