Yeni orfoqrafiya qaydaları təsdiqlənib

Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Yalnız Press (mətbuat) sözü istisnadır

Source:


Bəzi sözlərdə cüt samitlər təklənib

Nazirlər Kabineti (NK) aprelin 20-də “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

Məlumatı

ONA

yayıb.

Yeni dəyişikliklərdə Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılması qeyd olunub.

Eyni zamanda, yüksək dövlət vəzifələri bu qaydada yazılmalıdır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılması təsdiqlənib: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında da hər üç söz böyük hərflə yazılacaq.

Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılacaq: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.

Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Yalnız Press (mətbuat) sözü istisnadır.

Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılmalıdır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.

Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılacaq: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Əsli "w" samitli alınma sözlərin də yazılma qaydası müəyyənləşib. Əsli "w" samitli alınma sözlər v hərfi ilə yazılacaq: veb-sayt, Vilyam, vörd və s.

Bildirilib ki, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar NK-nin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.

Ana səhifəXəbərlərYeni orfoqrafiya qaydaları təsdiqlənib