“Yeni klinika” və Modul Tipli Xəstəxananın rəhbərləri həbs edildi

İttihama görə, xəstələrin yaxınlarından bu şəxslərin vasitəsilə alınıb

Source: Specify Source


Onlar koronavirus xəstələrindən rüşvət almaqda ittiham olunurlar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs olunub.

Onların hər ikisi koronavirusa yoluxmuş şəxslərin yaxınlarından rüşvət almaqda ittiham olunur.

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, onların hər ikisi haqqında istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır, lakin ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilirlər.

Pərviz Abbasovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, onun rəhbərlik etdiyi klinikada hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb.

“Yeni Klinika”da baş verənlərə görə Pərviz Abbasovla yanaşı, Əvəz Hüseynov, Samir Mirzəyev, Vüsalə Əliyeva da cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, xəstələrin yaxınlarından bu şəxslərin vasitəsilə alınıb. Sonradan məbləğlər onların arasında bölüşdürülüb.

Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Digərlərinə isə 32.5, 311 (rüşvət almaqda kömək etmə) maddəsilə ittiham verilib. Direktordan fərqli olaraq, onların barəsində ilkin istintaq dövrü üçün həbslə bağlı olmayan növdə qətimkan tədbiri seçilib.

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə gəlincə, o da koronavirus xəstələrinin rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi, daha yaxşı şərait və müalicə ilə təmin olunması müqabilində rüşvət almaqda təqsirləndirilir.

İttihama bidirilir ki, baş həkimə bu işdə hospitalın qeydiyyatçıları Qulu Orucov və Taleh İmanlı yardım edib. Onlar baş həkimin qeyri-rəmi köməkçiləri olub.

“Razılaşmaya uyğun olaraq, xəstələrin hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusuna yerləşdirilməsi və başqa üstünlüklər əldə etmələri müqabilində hər xəstədən müxtəlif məbləğlərdə rüşvət alıb, aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Baş həkim İmran Ağayev, Taleh İmanlı və Qulu Orucova qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.

Azərbaycan cinayət qanunvericiliyində bir qrup şəxs tərəfindən rüşvət almağa görə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Ana səhifəSosial“Yeni klinika” və Modul Tipli Xəstəxananın rəhbərləri həbs edildi