Yayda ilanla, qışda siçovullarla yaşayan ailə…

“Gecələr keşik çəkirəm ki, uşaqların burun-qulağını yeməsin”

Source: Specify Source


Babaşovlar ailəsində uşaqlar imkansızlıqdan məktəbə davamlı getmir

Sabirabadın Xəlfəli kəndində Şamil Babaşovla Dilbər Xələfovanın iki övlad böyütdüyü yeri ev adlandırmaq da olmur. Palçıqdan yapılan komada normal yaşayış üçün heç bir şərait yoxdur.


“Hər gün yavan çörəyi güclə alırıq”

Dilbər Xələfova söhbətə həyat yoldaşının xəstəliyi barədə danışmaqla başlayır. Deyir ki, illərdir onu müalicə etdirməyə çalışırlar. Sonra söz ağır şərtlər altında yaşamaqdan düşür: “Mərkəzi xəstəxanada tibb bacısı işləyirdim, sonra kəndə keçirdilər. Ailə mənim maaşıma baxır. 300 manatdan bir az çox alıram, 170-i kreditə gedir. Qohum-əqrəba kömək eləyir. Yaxşı qonşularımız var. Yoxsa lap pis gündə oluruq, sözün əsl mənasında acından ölərik".

Otaqdakı əşyalardan heç biri “canısulu” görünmür. Televizorun çox köhnə olduğu hiss edilir. Qadın deyir ki, bunu da onlara qonşu verib: “Bir televizor almağa gücü çatmayan ailə təsəvvür edin. Hər gün yavan çörəyi güclə alırıq”.

Ailənin böyük oğlu imkansızlıqdan dərsə getmir. Evin kiçiyi hərdən məktəbdə görünür.

image_from_ios (1).jpg
Şamil Babaşov və Dilbər Xələfova


“Bunu yaşayış adlandırmaq olmur”

Şamil Babaşov da danışır. Deyir ki, siçanlara, ilanlara görə gecə gözünə yuxu getmir. Dilbər xanım təsdiq edir:

“Uşaqlar zarafat eləyir ki, "ana ilantutandı". Yay vaxtı ilan daha çox çıxır. Görünəndə də çox vaxt uşaqlardan gizlədirəm. Qışda da siçovullar… Gecələr keşik çəkirəm ki, uşaqların burun-qulağını yeməsin".

Ər-arvad evin dammasından gileylənir. Şamil deyir ki, bura ev deməyin özü haqsızlıqdır:

“Yorğan-döşək su içində olur. Ev uçur. Bunu yaşayış adlandırmaq olmur. 10-15 ildir torpağın üstündə yaşayırıq. Neyləyə bilərik? Hara gediriksə, biganəlik görürük. Əsəblərim yerində deyil. İş qabiliyyətim yoxdu. Baxın, cibimdə dərman gəzdirirəm. Bununla yaşayıram. Psixotrop dərmandı. İndiyə qədər üç evin pulunu xərcləmişik. Deyirlər ki, get, bizlik deyil. Mən işləyərəm, amma olmur. Bu dərmanları atan adam necə işləsin? Dövlət idarələrinə getməkdən də bezmişik”.

Dilbər xanım həyat yoldaşının sözünə qüvvət verir. Deyir ki, dövlət idarələrində o qədər süründürürlər, insan özünə nifrət edir:

“Axırda deyirsən ki, cəhənnəm, acından ölüm, daha bu yolu getməyim”.

image_from_ios (7).jpg
Ər-arvad evin dammasından gileylənir


“Adamları saymırlar”

Ailənin o qədər problemi var ki, danışdıqca bitmir. Dilbər xanım xatırlayır ki, 10-11 ay ardıcıl işıqsız yaşayan vaxtları olub. Elə indi də elektrik enerjisinə görə 2070 manat borcları qalıb.

“İcra Hakimiyyətinə müraciət eləmişdik. Ötür-ötür oldu. İndi işıq idarəsinin əməkdaşları güzəşt eləyir, kəsmirlər. Hər ay 10 manat borcdan verməyə çalışırıq. Hamısını ödəməyə imkan yoxdu. Aldığım maaş göz qabağındadı. Bir az kreditə verirəm, bir az dərmanlara. Ortada heç nə qalmır”, – qadın belə deyir.

Şamil üçün pensiya düzəltməyə çalışıblar, alınmayıb. Sosial yardım üçün müraciət zamanı da “yox” cavabını eşidiblər.

image_from_ios_10_eok6ka9
Sosial yardım üçün müraciət zamanı da “yox” cavabını eşidiblər.

“Ortada adamın nə qədər pulu gedir. Gücümüz çatmır. Gəlirlər, deyirlər ki, eləyərik, birdəfəlik gedirlər. Bələdiyyədən tutmuş icra hakimiyyətinə qədər hamı vəziyyətimizi bilir. Dövlət bizə kömək eləsin”, – Dilbər xanım çarəsiz görünür.

Şamil İcra Hakimiyyətindən gələn nümayəndənin sözünü qəzəblə xatırlayır: “Deyirdi ki, həyat yoldaşın gedib kol yığsın. Heç kimdən qorxmurlar. Adamları saymırlar. Burda kim yaşayar? Bunun adı yaşayışdı? Dövlət mənə baxmayıb, uşaqlarıma yardım eləməyib. Sabah deyəcəklər ki, gəlsin hərbi xidmətə. Dövlət bu uşağa nə verdi ki, bir il sonra da gəlib ondan Vətənə borcu qaytarmağı tələb edəcəklər?!"

Uşaqların birinin 11, o birinin isə 17 yaşı var. Dilbər Xələfova göz yaşı içində deyir ki, övladları nə qarındolusu yemək yeyə bilir, nə də əyinləri təzə paltar görür:

"İndi üst-başlarında gördükləriniz də onun-bunun verdiyi paltarlardır…"

image_from_ios (5).jpg
Dilbər Xələfova göz yaşı içində deyir ki, övladları nə qarındolusu yemək yeyə bilir, nə də əyinləri təzə paltar görür

Biz daxmada başqa kədərli mənzərəni qoyub gedirik. Gözlərindən qüssə yağan uşaqlar divarın dibinə çöküb qalıblar…

Sabirabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, vətəndaşlara maddi yardım göstərmək və iş tapmaq onların vəzifəsi deyil:

“Yenə də vətəndaş rəsmi şəkildə müraciət etsin, problemlərini araşdıraq, lazımi orqanlara yönəldək”.

image_from_ios.jpg
Gözlərindən qüssə yağan uşaqlar divarın dibinə çöküb qalıblar…
image_from_ios (9).jpg
Şamil deyir ki, bura ev deməyin özü haqsızlıqdır
Ana səhifəBölgəYayda ilanla, qışda siçovullarla yaşayan ailə…