“YAP-a icazə verib, digər partiyalara yasaq qoymaq siyasi rəqabətə uyğun gəlmir”

Siyasilər hakim partiyanın qurultayına münasibət bildirib

Source: Meydan Tv


Siyasilər hakim partiyanın qurultayına münasibət bildirib

“Pandemiyadan irəli gələn məhdudiyyətlər təkcə digər siyasi partiyalara və ya əhaliyə aid edilməməlidir. Yeni Azərbaycan Partiyası aydınlıq gətirməli, durumu izah etməlidir ki, necə ola bilər, qurultaya ondan yuxarı adam toplaşıb?”

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının onlayn keçirilməməsini şərh edərkən belə deyib.

Natiq Cəfərli
Natiq Cəfərli



Natiq Cəfərli: “Görünür, karantin tədbirləri ancaq bizə aiddir”

ReAL yetkilisi hesab edir ki, COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin qaydalarına zidd olaraq toplantının partiyanın qərargahında keçirilməsi yolverilməzdir:

“Bu, təkcə siyasi baxımdan deyil, həm də vətəndaşlar arasında qoyulan ayrı-seçkiliyə dəlalət edir. Hesab edirəm ki, kifayət qədər ciddi bir məsələdir. Tədbirə qatılanların sayı dəqiq bəlli deyil, amma bəzi mənbələr 200, digəri isə 250 nəfər iştirakçı olduğunu deyir. Hər halda, toplaşanlar on nəfərdən çoxdur. Onlarla insanın qapalı bir məkanda, toplanmasına YAP-a icazə verib, digər siyasi partiyalara yasaqlamaq, kifayət qədər ayrı-seçkilikdir və siyasi rəqabətə uyğun gəlmir”.

Natiq Cəfərlinin fikrincə, Operativ Qərargah ümumi qaydalar tətbiq etməli, ayrı-seçkiliyə yol verilməməlidir:

“Görünür, karantin tədbirləri ancaq bizə aiddir. Yaxud da küçədə maska taxmayan vətəndaşa şamil olunur. Polis, hüquq-mühafizə orqanları hansısa şəxsin maska taxmadığını görəndə o dəqiqə cərimələyir, amma qurultada açıq-aşkar maskasız iştirak edən insanları görmək istəmir.

Bizim regional məclislərin təşkili və genişləndirilməsi ilə bağlı ciddi planlarımız var. Tədbirləri, planları karantinə, məhdudiyyətlərə uyğun saymayıb ertələyirik. Hesab edirəm ki, Qərargah bu məsələ ilə bağlı mövqe nümayiş etdirməldir”.

Screenshot 2021-03-05 at 15.40.48.png
Samir Əsədli



Samir Əsədli: “Düşünürəm ki, belə ayrı-seçkilik olmamalıdır”

Bu il fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti – VIII Qurultayı keçirilib. Tədbir ölkədəki pandemiya şərtlərinə uyğun olaraq onlayn qaydada təşkil edilib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Meydan TV-yə bildirib ki, siyasi şura pandemiyanı əsas gətirərək, qurultayı onlayn keçirmək barədə qərar qəbul etmişdi:

“İnsanların toplaşmağına virus əsas gətirilirsə, bu məsələdə də hakim partiya ilə ayrı-seçkilik olmamalıdır. Yəni kütləvi toplaşma mümkün olmursa, bu, hamıya şamil edilməldir. İnsanlar maskasını azacıq aşağı çəkəndə, burnu bayırda qalanda polis onu şiddət tətbiq edərək, bölməyə aparır, cərimə yazır. Amma bu qayda vəzifəli şəxsə, deputata, partiya üzvünə aid edilmir. Düşünürəm ki, belə ayrı-seçkilik olmamalıdır. Qınanılmalı vəziyyətdir. Yeni növ koronavirus testini əsas gətirə bilərlər ki, qurultayda iştirak edənlər analiz vermişdi. Amma kimsə qurultaya maskasız gəlirsə, cəzalandırılmırsa, cərimə yazılmırsa, buna əsas gətirilməlidir”.

Seymur Həzi, foto: sosial şəbəkə
Seymur Həzi



Seymur Həzi: “İcazə verilməsə, hüquqi addımlar atılacaq”

“Qurultayın keçirilməsi üçün müraciət etsək, icazə verilməsə, diskriminasiya kimi qiymətləndiriləcək, müvafiq siyasi və hüquqi addımlar atılacaq”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Meydan TV-yə belə deyib.

Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayını keçirib. COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin qaydalarına zidd olaraq qurultay partiyanın qərargahında baş tutub və cəmi 2 saat yarımadək davam edib. Yalnız YAP sədri, ölkə prezidenti İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub. Qurultaya gələn Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun və mühafizəçisinin maskadan istifadə etməməsi də diqqətdən yayınmayıb.

1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Ana səhifəXəbərlər“YAP-a icazə verib, digər partiyalara yasaq qoymaq siyasi rəqabətə uyğun gəlmir”