”Xudu Məmmədov sağ qalsaydı, o, AXC-yə sədr seçiləcəkdi”


Xudu Xuduyev: ''Bəli, Əbülfəz bəyin qalib gəlməsində Naxçıvan qrupunun fəallığı, mənimlə münasibəti rol oynadı''


İyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaranmasının 30 illiyidir. 1989-cu ildə təsis edilən Azərbaycan Xalq Cəbhəsi ilk günlərdə Ermənistanın ərazi iddialarına qarşı mübarizə aparacağını elan etdi. Qlobal miqyasda proseslər sürətləndikcə Azərbaycanın suverenliyi, ardınca müstəqilliyi ideyaları gündəmə gəldi və gerçəkləşdi. Nəhayət, 1995-ci ildə AXC partiyaya çevrildi.


Ötən 30 ildə AXC haqda müxtəlif məqalələr, kitablar yazılıb, müsahibələr dərc olunub, fərqli yanaşmalar müəyyən qədər mübahisələrə də yol açıb.


Müsahibimiz Xudu Xuduyev 1988-ci ilin mitinqlərinin və xalq hərəkatının yaradılmasının təşəbbüskarlarındandır.



Xudu bəy, Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 30 illiyi yaxınlaşır. Siz 1988-ci il mitinqlərinin təşkilatçılarından və sonradan hərəkatın təsis edilməsinin ilk təəssübkeşlərindən idiniz. Bu mənada sizi başlanan prosesə hansı səbəblər gətirdi sualından başlayaq…

– Bir az uzaqdan başlamalı olacam. Birinci səbəb ailəmizin repressiyaya məruz qalmasıyla bağlıdır, dissident nəsil olmuşuq. Ana babam əhli-beytdəndir, Bimari Zenalabdinin nəvələrindəndir və Yardımlı Pirembel kəndində məskunlaşıblar. Bolşevik Rusiyası Azərbaycanı işğal edəndə həmin bölgənin əhalisi şura hökumətini qəbul etməyib və uzun mübarizə başlayıb. Nəticədə seyidlər bölgəsində “Göyqurşaqlılar” adı altında repressiya aparılıb. Babamı güllələyiblər, anamı və dayımı Qarabağa sürgün ediblər, bu artıq 1938-1940-cı illərə təsadüf edir. Gözümüzü açanda dindar ailə gördüm, evdə İmam Hüseyn mübarizəsindən danışılıb, namaz, qılınıb, oruc tutulub. Bütün bunlar qan yaddaşına keçib.

Anam Qarabağda atamla rastlaşır, atam şuşalıdır, ana tərəfdən Laçının Böyük Seyidlər kəndindən idi, mülkədar ailəsi olub, Kəbleyi Xəliloğlu uşağları deyərdilər və şura hökuməti onları da repressiyaya məruz qoyub. Atamgil Şuşanın Barslar kəndindən olub, Çar Rusiyası Qarabağı işğal edəndən sonra ruslar kəndi Zarıslı adlandırdı, səbəb yerli camaatın təslim olmaması idi. Ata babalarım Ağdam rayonunda da mülk sahibi idi, məsələn, rayonun mərkəzi küçəsində bir neçə bina tikiblər, amma sovet işğalından sonra müsadirə edildi.


Fin müharibəsi, cərimə batalyonu və sürgün…

– Atam Barxudar Muxtar oğlu II Dünya savaşından əvvəl Fin müharibəsinə aparılıb, faşist Almaniyası ilə müharibədə də iştirak edib, qayıdandan sonra 15 il Kalıma sürgünə göndərilib, səbəb 1,2 il alman əsirliyində olmasıydı. Amma əsirlikdən də qaçıb, sonra “cərimə batalyonu”nda” olub. Buna baxmayaraq Stalinin əmri vardı ki, əsir düşənlər repressiya olunsunlar. Əslində, repressiya edilməsində əsirlikdə döydüyü bir nəfərin qardaşının hansısa rayonun NKVD rəisi olması idi. Sonradan Voroşilovun əmri ilə bəraət alıb və bütün hüquqları bərpa edilib, ordenləri qaytarılıb, hətta işlədiyi müddətdəki əmək haqqı da verilib. Bədənində qəlpə gəzdirdiyi üçün SSRİ hərbi rəhbərliyi arayış vermişdi ki, əsəbi vəziyyətdə özünü idarə bilmədyi nəzərə alınsın, yəni həmin vaxt kiməsə zədə yetirərsə, məsuliyyətə cəlb olunmasın. Atam daim DTK-nın nəzarətində olub, 1990-cı ildə vəfat edəndə, nömrəylə qeyd olunub, bunu mənə sonradan general Tofiq Babayev dedi. İkinci, ermənilərə münasibət, bir əmimi daşnaklar öldürüb, I Dünya savaşı öncəsi, Sultan bəyin dəstəsində bir əmim Androniklə döyüşdə öldürülüb. İki yaşlı əmim Xankəndində Hüsü Hacıyev küçəsində yaşayıb, bazarın arxasında evləri olub. Hadisələr başlanan zaman, 1987-ci ilin sonunda Elyaz əmimi Bakıda, 8-ci kilometrdə öldürdülər, cinayət işi açılsa da, sona çatdırılmadı. Vəli Axundovun zamanı 1960-cı illərdə Martunidə bir erməni uşağı öldürülmüşdü, onunla bağlı azərbaycanlılar tutulmuşdu. Mərkəzdən adamlar gəlib, Cəlil əmim də Xankəndində yaşayırdı, hər şeyi əhatəli danışdıqdan sonra məsələnin mahiyyəti aşkarlanıb. Bunu ona bağışlamadılar, 1988-ci ilin sonunda Xankəndi hamamında boğub öldürdülər. Böyük əmim Ədil əmim Leninlə yaşıd idi, 1870-ci il təvəllüdlüydü, təsəvvür edin ki, o, mənə bütün tarixi danışdıqca, yaddaşımda iz buraxıb. Özüm də yaxşı oxumuşam, Ağdamın 2 saylı beynəlmiləl orta məktəbindəydim, 1975-76-cı illər idi, qızıl medal almalıydım, amma vermədilər, etiraz etdim, yerli “Lenin yolu” qəzetinə məqalələr yazdığım üçün mərkəzə yazacağımdan narahat oldular. Direktor, müharibə iştirakçısı Əli Eyvazov atamı çağırdı, açıq şəkildə dedi ki, mərkəz medalın pulunu istəyir, 2 min manatdır, onluq deyil. Uşaq yaxşı oxuyur, layiqdir, ancaq pulsuz vermirlər, kasıbçılıq olduğundan alınmadı, atam direktoru sakitləşdirdi və mənə də dedi ki, dinməz otur. Beləliklə, 1 dörd yazıb yola verdilər. Məktəbi bitirib İnşaat İnstituna (indiki Memarlıq Universiteti) daxil oldum, 1 il sonra hərbiyə aparıldım, Əfqanıstana düşdüm. Dağda böyüdüyümdən ordakı şəraitə tez uyğunlaşdım və batalyon komandiri belarus Noveçki məni qabağa çəkirdi.


– O zaman əfqan xalqının sovet işğalçılarına qarşı döyüşdüyünü bilirdinizmi?

– Bəli, əfqan xalqının Əmir Teymur dövründən hansı mübaruzə apardığına bələd idim. Ona görə də gücüm çatdığım qədər əsir götürülən əfqanların güllələnməməsinə çalışırdım. Buna görə siyasi işlərə baxan zabit iki dəfə məni dindirməyə çağırdı, cavab verdim ki, 70 yaşlı insanlar qorxudan dağa çıxıblar, günah sahibi deyillər. Belə münasibət məni ordenlərdən məhrum etdi.


Bakını tərk edən erməni dedi ki, yaxşı heç nə gözlənilmir



Xidmətdən qayıdandan sonra təhsili davam etdirdinizmi?

– Hərbi xidmətdən qayıtdıqdan sonra axşam oxuyur, gündüz də Tikinti Quraşdırma Nazirliyində (sonradan AZQUR adlandı) çilingər kimi çalışırdım. Elə oldu ki, o dövrdə, səhv etmirəmsə, 80-ci illərin əvvəli idi, Qazaxda Tahir Rasizadənin işirakı ilə Ermənistana torpaq verilməsi çox ciddi narazılıq yaratdı, səsi Bakıya da çatdı. Artıq ictimai-siyasi oyanış gedirdi, mən həm də Müstəqil Beynəlmiləlçi Döyüşçülər Cəmiyyəti yaratmışdım, yataqxanalarda şuralar vardı, onlarla əlaqələr qurulurdu. İkinci həyacanlı xəbər 1983-cü ildə Ermənistanın Əzizbəyov rayonunda azərbaycanlı toyunda gəlinlə bəyin öldürülməsi oldu. Üçüncü hadisə səhv etmirəmsə 1986-cı il idi, 26-lar zavodunda ərzaq qıtlığı ilə bağlı mitinq idi, həbslər aparıldı, bizdən də tutulanlar var idi. Mən tarixi bildiyimdən fəallıq göstərirdim, ermənilərin Qarabağa köçürülməsi, çar və sovet Rusiyasının repressiyaları haqda danışırdım. Artıq bizim kollektivdə işləyən ermənilərin Azərbaycanı tərk etdiyi xəbərlərini eşidirdik, biri ilə söhbətdə gizlətmədən dedi ki, yaxşı heç nə gözlənilmir. Həmin erməni iş yoldaşımız 1987-ci ildə Bakıdan getdi. 1 il sonra Sumqayıt hadisələri oldu, mənim bacım da orda yaşadığından bir neçə ay əvvəl gəlib danışmışdı ki, şəhərdə təlaş var və ermənilər evlərini satıb gedirlər. Elə oldu ki, Xocavənddə olan bacım ikinci katib olan erməninin İrəvanla danışığın tutdu və mərkəzə məktub yazdı ki, burda nələrsə hazırlanır, tədbir görün. Amma reaksiya olmadı, məcbur olub Xudu Məmmədov və Ziya Bünyadovla görüşüb vəziyyəti danışdıq. Müstəqil Beynəlmiləlçi Döyüşçülər Cəmiyyətini fəallaşdırmağım Mərkəzi Komitəyə çağrılmağımla yekunlaşdı. İstəmirdilər ki, fəallıq göstərək, nəhayət, həmkarların nəzdində yer ayırmağa razılaşdılar. Cəmiyyət ədəbi gecələr keçirib şairlərdən Bəxtiyar Vahabzadəni, Sabir Rüstəmxanlını, Xudu Məmmədov və başqa şəxsləri dəvət edirdik, siyasi söhbətlər də orda aparılırdı.



Bəs insanları meydanlara neçə çıxartınız?

– O dövrdə “Çənlibel”, “Vətən” cəmiyyətləri, akademiyada “Gənc alimlər” klubu vardı, onlarla təmas qurmağa çalışırdıq. Müxtəlif mənbələrdən də informasiya alırdıq. Sumqayıt hadisələrinə qədər və ondan sonra Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovulurdu. Qarabağdakı qohumlardan da hər gün həyəcanlı xəbərlər eşidirdik. Elə oldu ki, birinci katib Kamran Bağırovu Moskvaya çağırdılar, o, hələ geri qayıtmamışdı, Bakıda ADU-nun tələbləri Qarabağ şüarları ilə küçə yürüşü keçirdi. Sonradan məlum oldu ki, Bağırovu Moskvada sıxışdırıblar, o da mövqeyini gücləndirmək üçün universitetin rektoru Bağırzadəylə əlaqə saxlayıb ki, hərəkətə geçin, vəziyyət yaxşı deyil. 1988-ci ilin mayında Vəzirovu birinci katib təyin etdilər, o, Bakıdakı mitinqə qatılıb “torpaqdan pay olmaz” dedi, bir müddət sakitlik yaransa da, proses dayanmadı. Çünki ermənilər hər gün İrəvanda və Xankəndində aksiya keçirirdilər. Nəhayət, iyulda Keşlə Maşınqayırma Zavodunun fəhlələri ilə əlaqə yaradıb üz tutduq Azadlıq Meydanına. Mərkəzi Komitədən nümayəndələr gəldi, Həsən Həsənov, Fuad Musayev, Telman Orucov və digərləri, tələblərimizi istədilər. O zaman dedim ki, 3-4 nəfər getsin, qalanımız burda olsun, çünki bunlar bizi aldadıb mitinqi dağıdacaqlar, siyasi baxımdan naşılığımız vardı, ilk dəfəydi belə izdimahlı mitinq təşkil edirdik. Nəhayət, 6 nəfər hökumət evinin zalına çıxdıq, əsas tələbimiz Qarabağla bağlı idi. Söhbət zamanı onlar bizi parçalamağı bacarsalar da, Moskvaya teleqram vurmağa razılaşdılar.


– Necə yəni parçaladılar?

– Məsələn, biri futbolla bağlı problemi qaldırdı, Fuad Musayev dedi ki, həll edərik. Yaxud şəhərdə sosial problem və s. Biz artıq aşağı düşəndə aksiyanı dağıtdıqlarını gördük. Təxribat edib əhalinin bir hissəsini Nəsimi rayonundakı Ermənikəndə aparmışdılar, insanlar da emosional vəziyyətdə idi.


– Sizin heyətdə tanınmışlardan kimlər vardı?

– Açıq deyim, kütləvi mitinqi hazırlayanlar arasında Zərdüşt Əlizadədən başqa kimsə yadıma gəlmir.


Nemətə tonqal ətrafında dedim ki, bu danışdıqlarını yuxarıda deyə bilərsənmi?


– Bəs Ənvər Əliyev və Nemət Pənahlı orda yox idimi?

– Yox, bu, birinci mitinq idi, onlar o vaxt hələ yox idi, mən orda görmədim. Bax, bu mitinq haqda danışırlar, gizlədirlər. Elə oldu ki, biz sonradan Xudu Məmmədovla görüşdük, o, “Saudis”in məramnaməsini verdi ki, oxuyaq, ikinci görüşdə artıq Xalq Hərəkatının yaradılmasını gündəmə gətirdik. Və sədrliyə də Xudu müəllimin namizədliyini irəli sürdük. 1988-ci ilin hərəkat ərəfəsində Politexnik İnstitutunun yataqxanalarında görüş təşkil edilməliydi, mən işdən gec gəldim, gördüm ki, xarici tələbələr zalda diskoteka keçirir, o zaman da kommunikasiya imkanları indiki kimi deyildi ki, operativ məlumat alasan. Üz tutdum həmişə görüşdüyümüz çayxanalara, elə orda xəbər aldım ki, Xudu müəllim vəfat edib. Deməli, milis institutun zalında toplantını keçirməyə icazə vermədiyindən Üzeyr Hacıbəylinin ev muzeyinə gediblər, orda basırıq olub, nəticədə havasızlıqdan Xudu müəllim ölüb, söylənilirdi ki, kimsə onu əsəbləşdirmişdi. Bir müddət keçdi, yataqxanada toplantı zamanı eşitdik ki, Ənvər Əliyevin rəhbərliyi ilə meydana yürüş başlayıb, noyabrın 17-i idi. Mən o zaman Müstəqil Beynəlmiləlçi Döyüşçülər Cəmiyyəti və yataqxana şuralarını təmsil edirdim. Tribunada Ənvər Əliyev, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Anar, Dəmir Gədəbəyli, Nüsrət Kəsəmənli və… əksəri hökumət adamları idi. Bir az sonra meydanda əhalinin sayı artdı, hökumət artıq müdaxilə edə bilmirdi. Biz “İnşaatçılar” Klubuna toplaşıb qərar qəbul etdik ki, oturaq mitinqə keçək, həmin uşaqların bir çoxu sağdır. Meydana qoşulandan sonra müxtəlif kollektivlərdən kütləvi axın gücləndi, və izdiham yarandı. Hökumət nümayəndələri o vaxtdan parçalanma aparmağa çalışırdılar, meydanın özündə də qruplaşmalar vardı. Bir neçə gün sonra daxili qoşunları gətirib tribunanı nəzarətə götürməyə çalışdılar. Əbülfəz Elçibəylə orda tanış oldum, Nemət də tonqal başında çıxışlar edirdi, daha çox Məhəmməd Hatəmi, Mənsur Əliyev fəallıq edirdi, sonuncular mitinqdən əvvəl də iş aparırdılar. Tribunada isə şairlər və hökumət adamlar idi. Aşağıda qərara gəldik ki, tribunanı götürək.


– Kimlər qərara gəldi?

– Təşəbbüs özümüzdən idi. Mən axşam düşəndə Nemətə tonqal ətrafında dedim ki, bu danışdıqlarını yuxarıda deyə bilərsənmi? Cavab verdi ki, imkan olsa, əlbəttə deyərəm. Beləliklə, biz, əfqan döyüşçüləri və yataqxana şuralarının fəalları çıxıb tribunanı götürdük, bugünə qədər onu gizlədirlər, halbuki, həmin uşaqlar sağdır. O zaman tribunanı Rostovdan gətirilən daxili qoşunlar qoruyurdular, onların içində Abbasağa adlı azərbaycanlı vardı. Qarşıdurma yaranada o dedi ki, burda azərbaycanlı da var, bizimlə işiniz olmasın, nəticədə o da kömək etdi və tribunanı götürdük.

IMG-20190603-WA0001.jpg
Xudu Xudiyev


– Tribunada kimlər idi ki, siz oranı almaqda israrlıydınız?

– Konkret olaraq, şairlər, yazıçılar, sovetin ordenli zəhmetkeşləri, məsələn, Ömərov və Mərkəzi Komitənin katiblərinin çoxu ordaydı, Həsən Həsənov, Telman Orucov, arxa otaqları vardı, gələn göstərişlər ordan idarə olunurdu. Beləliklə, tribunanı götürdükdən sonra mühafizəsini təşkil etdim, bir neçə gün sonra Məhəmməd Hatəmini, Nemət Pənahlını, Aydın Məmmədovu, Sabir Rüstəmxanlını qabağa verdik. O vaxt Lenin 5-də meydanla bağlı qərargah yaratmışdıq. Nemət meydanı ələ ala bildi, mən bir dəfə çıxış etdim, meydanı onu dinləməyə çağırdım, yenə də çıxış edə bilərdim, ancaq mənimki təşkilatçılıqdı, məqsəd prosesi genişləndirmək idi. Təəssüf ki, meydan dağılmamışdan bir neçə gün əvvəl onun müəyyən qruplarla əlaqəsi olduğunu gördüm, o zaman yenə də şübhəm qalırdı. Bilirsiniz, hamıya söz vermirdim, rəhmətlik Xəlil Rza buna görə məndən küsdü, o meydanı coşdururdu deyə narahat idik, çünki yay mitinqində təxribat edib dağıtmışdılar, istəmirdik ki, eyni vəziyyət təkrarlansın. Allah rəhmət etsin, oğlu Təbriz əsgərim olub, böyük şair idi.


Rus əsgərlərinə müraciət etdim


– Nemət Pənahlı haqda dediniz ki, onun müəyyən qruplarla əlaqəsini gördüm, hansı qruplar idi?

– O, “Abşeron”da Rafael Allahevrdiyevlə görüşürdü, çox sonra bildim, özünə desəm də, cavab verdi ki, narahat olma, meydandan dönməyəcəm. Yadından çıxmayıbsa, açıqlayar, bu söhbətimizin şahidləri var. Mənim Əbülfəz bəyə hörmətim o zaman yarandı, söhbət edirdik, Tağı Xalisbəyli, Zərdüşt Əlizadə, Tofiq Qasımov və digərləri. Elə Xalq Cəbhəsi yaratmaq ideyası orda yarandı, müxtəlif qruplar vardı, axşamlar hər birindən təkliflər olurdu. Sovet ordusu dekabrın ilk günlərində artıq meydanı mühasirəyə aldı, onda biz, Müstəqil Beynəlmiləlçi Döyüşçülər Cəmiyyətinin uşaqları və hökumətin yanında olan əfqan döyüşçüləri birləşib hərbi formada ordunun qarşısına çıxdıq. O vaxt çoxlu təxribatçı saxlayıb milisə verirdik, onlar da sərbəst buraxırdılar. Tədricən meydanın mühasirəsini sərtləşdirdilər, insanları buraxmırdılar, kollektivlərdə güclü əsk-təbliğat gedirdi, hətta tribunada dağılması haqda çıxışlar da oldu. İkiləşmə yaranmışdı, Hatəmi qalmağı, Nemət getməyimizi istəyirdi, çaşqın durum idi. Elə o zaman elektriki kəsdilər, adamların bir hissəsi 28 maya üz tutanda Hatəmi ilə geri qaytardıq. Ərzaq da azalırdı, hökumətin təxribatçıları güclü iş aparırdı, özümüz təhlükəsizlik qrupu yaradırdıq, təşkilatlanma gedirdi, elə meydanda “Birlik” cəmiyyəti yarandı, İsfəndiyar Coşqun sədr idi. Bütün bunları AXC-nin rüşeymi də saymaq olar. Nəhayət, sonuncu gün, 4-5 dekabr idi, meydan dağılanda 2-3 min adam qalmışdı. O zaman hökumət mərkəzdən xüsusi hərbçilər gətirmişdi, valideynsiz ordu deyirdilər, fiziki baxımdan güclüydülər, bunları Əfqanıstanda görüşmüşdüm. Onlara rus dilində müraciət etdim, çox emosional çıxış idi, İkinci dünya müharibəsini xatırlatdım, çünki həmin əsgərlər çox qəzəbli görünürdü. Çıxışım onlara təsir etdi, əl qaldırmağı dayandırdılar, hətta ağlayanlar da oldu. O vaxt bir neçə nəfər vəsiqə göstərib meydanı tərk etmişdi, sonradan onların DTK-nin agenti olduğunu bildik. Gecəylə bizi avtobuslara yığıb çıxartdılar, Nemət Pənahlını və bir neçə tələbəni ordan qaçırdanlardan biri mən oldum, biz bir avtobusdaydıq. Əfqanıstan müharibəsi məndə qorxu hissini zəiflətmişdi, soyuqqanlıydım. Bizi Qaqarin körpüsünün altında “Yol fondu”na gətirdilər, ordan da hansısa təcridxanaya apardılar, Hatəmi, Əbülfəz bəy, Xaliq Bahadır, Mənsur Əliyev, mən və digərləri var idi, sonradan Bayılın 101-ci kamerasına saldılar.


– Cinayət işi açıldımı?

– Bəli, sovet qanunvericiliyinə əsasən iki maddə ilə cinayət işi açıldı, mənə və Hatəmiyə millətçilik və antisovet ittihamı irəli sürüldü. SSRİ Prokurorluğundan müstəntiq İlyuxin gəldi, məni iki dəfə dindirdi. Bilirsiniz, Hatəmi İrandakı hadisələri yaşadığından, Əbülfəz bəy həbsdə yatdığı üçün, mən də repressiya olunmuş ailədən olduğumdan gözlənilməz hər hansı hadisəyə də hazır idik. “Nadzor”lar Elçibəyi tanıyırdılar, bütün hallarda deyirdik ki, son nəticədə Sibir sürgünü ola bilər, amma qorxu yox idi. 20-25 gün saxladılar, gəzintiyə çıxaranda dedim ki, aksiya keçirək, döysələr də, kameraya qayıtmayaq, Xaliq Bahadır şahiddir. Söhbət mitinq keçirməkdən getmirdi, etiraz etmək istəyirdik, rus əsgərləri əllərində dəyənək üstümüzə gəldilər, təbii ki, qorxutmaq istəyirdilər. O zaman ruh birliyi vardı, məsələn, Bayıl həbsxanasının rəhbərliyi rus əsgərlərinə bizi döyməyə imkan vermədi. Bir neçə saat çöldə qaldıq, söhbət bütün həbsxanaya yayıldı, məhbuslar qab-qacağı sındırmağa, qazan döyməyə başladılar. Nəticədə Respublika Prokurorluğunun rəsmiləri gəldilər, səhv etmirəmsə, Daxili İşlər Nazirliyinin Həbsxanalar Baş İdarəsinin rəisi Əzim Piriyev də gəlmişdi, söhbətlər başladı, şikayətlərimizi dinlədilər. Yadıma gəlir, Bayıl həbsxanasının rəisi Ömərov məni çağırıb ağlayaraq dedi ki, elə bilirsən, biz vəziyyəti bilmirik?! Həmin vaxt hakimiyyətin aşağı strukturlarında olanların çoxu bizi müdafiə edirdi. Bu hadisə başqa kolonlara çatanda onlar da etiraz etdilər və bizi Bayıldan çıxardıb bir neçə saat şəhərdə gəzdirəndən sonra Xətai rayon ərazisinə, qadın məhbusların saxlanıldığı kolonun arxasındakı xüsusi təcridxanaya gətirdilər.


– Hamınızı gətirdilər?

– Bəli, Mənsur Əlisoy, Hatəmi, Elçibəy, Xaliq Bahadır və daha 3-4 nəfər. Açıq demək lazımdır, ruslar gedəndən sonra oranın polis işçiləri bizə çox hörmətlə yanaşdılar, evə telefonla zəng etməyə şərait yaratdılar, ailədən yemək gətizdirməyə mane olmadılar. Əslində, bu, onlar üçün riskli hərəkət idi. Həbsxanada eşitdim ki, Xalq Hərəkatı yaradılır və 25 nəfər Mərkəzi Komitəyə müraciət edib. Həmin siyahıya baxıb dedim ki, bunlardan 10-15 nəfərinin meydanda satqınlıqlarını görmüşəm.


Yalnız akademik Ziya Bünyadov özünü alicənab apardı


– Məsələn, kimlər idi?

– Xalq şairləri və başqa bir qrup adam vardı. Bilirsiniz, onlar öldüyü üçün ad çəkmək istəmirəm. Mən Sabir Rüstəmxanlını meydan dağılanda rus tankında görmüşdüm, onunla münasibətim var, gözəl şairdir, sonradan bildik ki, xalqı qırğından qurtarmaq üçün buna gedib. Deməli, bildirdim ki, həmin siyahını qəbul etməyəcəm. Bir neçə gündən sonra, yanvarın səhv etmirəmsə, 2-də bizi Bakıdan çıxmamaq şərti ilə sərbəst buraxdılar, amma ittiham qalırdı. Buraxılandan 3-4 gün sonra qayınanamı ermənilər Qarabağda qətlə yetirdilər. Sonra elə oldu ki, “Nərimanov” metrosunda Xaliq Bahadır və Nəcəf bəylə görüşdüm. Onda Nəcəf bəyə bildirdim ki, 25 nəfərlik siyahı nə məsələdir, axı onların içində birbaşa hökumətlə işləyəni var. Nəcəf bəy cavab verdi ki, mən də ordayam, sən də gəl qoşul. Etiraz etdim, boykot çağırışı edəcəyimi söylədim. Onlar da mənim gücümü, ətrafımdakı kollektivin nəyə qadir olduğunu bilirdilər, çünki meydanda qeyri-formal təşkilatı-Əfqan Cəmiyyətini görmüşdülər. Axşam Xaliq Bahadır zəng etdi ki, Əbülfəz bəylə Nəcəf Nəcəfov səninlə “Sahil” metrosu yaxınlığında çayxanada görüşmək istəyirlər. Səhv etmirəmsə, yanvarın 9-dan sonraydı, səhər saat 10-da adı da “Sahil” çayxanası olan yerdə Əbülfəz Əliyev, İsa Qəmbərov, Nəcəf Nəcəfov və Xaliq Bahadırla görüşdük. İsa bəylə münasibət meydanda yaranmışdı, akademiyanın fəallarıyla o vaxtdan təmas vardı. Əbülfəz bəy təşəbbüs qrupunun yarandığını söyləyəndə, mən bizim uşaqların qəbul etmədiyini bildirdim. Çünki meydanda olanları gördülər, o adamların 180 dərəcə necə dəyişdiklərinin şahididirlər. Yalnız akademik Ziya Bünyadov özünü alicənab apardı, Saxarova sərt cavab vermişdi. Ziya müəllim müharibə veteranı olduğundan əfqan döyüşçülərinin toplantılarına qatılıb məsləhətlərini verirdi. Təxminən 3-4 saat müzakirə getdi, onlar mənə deyirdilər ki, daşı ətəyindən tök, sən də gəl dəstək ver, qoyma dediyin hökumət adamları fəallıq etsin. Onda dedim ki, əgər xalq hərəkatını hökumət yaradırsa, bizim olmayacaq. Əbülfəz bəy dedi ki, düz deyirsən, amma sən də gəlsən, o birilərini sıradan çıxardarıq. Allah var, onda Əbülfəz Əliyevlə bərk dostlaşmışdıq. Açıq dedi ki, biz ölüm-itim dostuyuq, sən gəl ora, nə desən o da olacaq.


– Siz də razılaşdınız?

– Bilirsiniz, elə vəziyyətə düşdüm ki, razılaşmalıydım. Onlar söylədi ki, çox olsaq hökumətin adamlarını təcrid edə biləcəyik, hökumət də özü yaratdığından bizə sərt təzyiq edə bilməyəcək. Mən onlara dedim ki, bir şərtim var: hərəkat yalnız maarifçiliklə məşğul olacaq, insanlara hüququnu anladacağıq, yəni hakimiyyət iddiasında olmayacağıq, razılaşdılar. Hətta əhdi-peymanımız oldu, dedim ki, kim əhdinə xilaf çıxacasa, Allah cəzasını versin. Allah da cəzalarını verib. Xaliq Bahadır bu söhbətin şahidir. 5 saylı xəstəxananın yanında Leyla xanımın (Leyla Yunus nəzərdə tutulur – red) evində toplaşdıq, o zaman Nemət Pənahlı həbsdəydi. Təəssüf ki, həmin toplantılarda sistemli bir iş yox idi, hamı çıxış edirdi, ortada bir iş görünmürdü. Onda iş bölgüsü aparılmasını, Təşəbbüs Qrupuna cəlb olunmuş adamların tanınmış olmalı, kimliyi ilə maraqlanmalı, ondan sonra qəbul etməli olmağını təklif etdim. İş bölgüsünə düşən adamlar da hesabat verməlidir, bacarmasa, kənarlaşdırılmalıdır, qəbul edildi. Bir neçə iclasdan sonra Leyla xanım onu incitdiklərini söylədi və biz “Təzə Bazar”ının arxasında bir həyət evinə üz tutduq. Sonra Yusif Səmədoğlunun baş redaktoru olduğu “Azərbaycan” jurnalının redaksiyasında, “İçərişəhər” metrosuyla üzbəüz binaydı, toplaşdıq.


“Əbülfəz bəy görüb iclas pozulacaq, Mirbaba Babayevin adını çıxarıb mənim adımı yazıb”


– Həmin vaxtı kimlər daha çox üzdəydi, məsələn, Etibar Məmmədov və…?

– Etibar Məmmədov, Rəhim Qazıyev, Becan Fərzəliyev mayda gəldilər. Biz apreldə “Spartak” stadionunda mitinqə cəhd etdik, müəyyən qədər alındı. İclasların pozulduğu seziləndə Koordinasiya Şurasının yaradılması təklif olundu, çünki Təşəbbüs Qrupunda çox adam vardı, hər adam bir nəfər gətirəndə səsimiz daha da azalırdı. Onda mən Əbülfəz Əliyevə bir neçə ay əvvəl verdiyim proqnozu xatırlatdım ki, gördün, nə baş verdi, maarifçilik qaldı kənarda. Koordinasiya Şurasını Hikmət Hacızadənin evində müzakirə etdilər, Mərkəzi Komitənin (İndiki Prezident Administrasiyası) yanındaydı, 10-15 nəfər adam vardı. Elə Etibar Məmmədov o vaxt gəldi. Mən bu məsələlərə o dərəcədə maraq göstərmirdim, daha çox əfqan uşaqları ilə Qarabağın kəndlərinin təhlükəsizliyini təşkil edirdik. Eyni zamanda, bölgələrdə hərəkatın yerli təşkilatlarını qururduq. Bu iki işlə insanların xalq hərəkatına marağını gücləndirirdik. Yəni xalq hərəkatı milləti qorumaq üçün yaradılır. Qarabağdan qayıdanda artıq Koordinasiya Şurası yaranmışdı, mən isə yerli təşkilatların təşkiliylə məşğul idim. Bölgələrdən Qarabağda, cənub rayonlarında yerli təşkilatları özüm yaratmışam, paytaxtın bir sıra rayonlarında yerli təşkilatların qurulmasına özüm rəhbərlik etmişəm. Konkret olaraq, Bakının Nizami, Nərimanov, Xətai, Binəqədi rayonlarında, Səbailin 60 faiz, Qaradağın isə 50 faiz təşkilati işlərinə qatılmışam. Ümumilikdə 28 rayonda bu işlərdə şəxsən iştirakım olub. Beləliklə, 60-70 rayonda yerli təşkilatlar qurulandan sonra Xalq Hərəkatının elan olunması qərarına gəlindi. Yusif Səmədoğlunun kabinetində ad məsələsi müzakirəyə çıxarıldı, müxtəlif təkliflər vardı – Milli Cəbhə, Xalq Cəbhəsi və s. 4 saata yaxın davam edən diskussiyadan sonra Xalq Cəbhəsi adında dayandıq.


– Kimlər daha çox Xalq Cəbhəsi adının üstündə dayandı? Təklifi kim irəli sürmüşdü?

– Yadımda qalmayıb, əvvəlcədən meydanda bu ad səslənmişdi deyə belə oldu. Yusif müəllim, Hikmət Hacızadə xalq cəbhəsi adının üstündə dayandı. Bir məsələni deyim ki, o zaman “Birlik” Cəmiyyəti, Dirçəliş Partiyası Xalq Cəbhəsinin yaranmasına bilavasitə kömək edirdilər.


– Təşəbbüs Qrupunun iclası harda keçirildi?

– Təşəbbüs Qrupunun iclasının harda keçirilməsi üzərində müzakirədə hökuməti aldatmaq üçün belə xəbər yayıldı ki, Zərdüşt Əlizadənin Bilgəhdəki bağına toplaşacağıq. Amma Ağamalı Sadiqin yaşadığı məhlənin həyətində toyxanada yığışıldı. Razılaşdıq ki, “Əzizbəyov” metrosunun qarşısından adamları toplayıb gətirəcəyik, məni İnşaat Universitetinin müəllimi Hüseyn Xəlilov öz maşınıyla aparacaqdı. “Şuşa” kinoteatrını keçəndə ağ “Jiquli” ilə izləndiyimizi gördük. Dedim ki, yolumuzu dəyişək, çünki ora getsək, iclası dağıdacaqlar. Hətta maşında oturanlar da iclasın harda keçirildiyini bilmirdilər, biz bağlara üz tutanda, şübhələnməməyimiz üçün yenə maşınları dəyişə-dəyişə izlənirdik. Axşam iclas yerinə gələndə artıq bitmişdi. İştirak edən nümayəndələrin çoxu məni tanıyırdı, onların çoxu da İdarə Heyətinin, yaxud Mərkəzi Nəzarət-Təftiş Komitəsinin (MNTK) nə olduğunu bilmirdi, nə etsinlər, SSRİ zamanı təşkilat görməmişdilər axı. Mərkəzi Nəzarət-Təftiş Komitəsinə namizədlərin adları oxunanda adımı eşitməyən uşaqlar etiraz ediblər ki, bəs Xudu bəyin adı niyə yoxdur? İclas pozulub, onda Əbülfəz bəy görüb iclas pozulacaq, Mirbaba Babayevin adını çıxarıb mənim adımı yazıb. Sonradan Əbülfəz bəydən bunu soruşanda dedi ki, biz sənə tabeyik, nəzarətçisən. Sədr seçkisində isə 3 nəfərin namizədliyi olub, Zərdüşt Əlizadə, Yusif Səmədoğlu və Əbülfəz Əliyevin. Əbülfəz bəyin seçilməsinə gəldikdə, bizim uşaqlar onunla münasibətlərimin yaxşı olduğunu gördüklərindən ona üstünlük veriblər.


– Ümumiyyətlə, Elçibəyin sədr seçilməsi ilə bağlı iki yanaşma var. Zərdüşt Əlizadə bildirib ki, Yusif Səmədoğlunun şansı yüksək idi, amma saxtakarlıq olub. Ancaq Pənah Hüseyn onun dediklərini təkzib edir. Siz bu barədə nə deyə bilərsiniz?

– Mən özüm orda olmasam da, adamlarım iştirak etdiyindən hər biriylə sonradan söhbət etdim. Onlar yalnız Əfqanıstan müharibəsinin veteranları deyildi, qurduğumuz rayon təşkilatlarından konfransa gələn nümayəndələr idi. Elə Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvlərinin seçilməsində adımı görməyəndə etiraz edən də onlar idi. Bunlar elə biliblər ki, MNTK İdarə Heyətindən daha yüksək səlahiyyətə malik qurumdur, yoxsa namizədliyimi ikinciyə irəli sürəcəkdilər. Sədr məsələsində iki qrup olub: Naxçıvan və Zərdüşt Əlizadənin qrupları. Ortada qalanlar mənimlə bağlı olanlar idi. Onlar da mənimlə Elçibəyin münasibətini bildiklərindən ona meylləniblər, onda münasibətim yaxşı idi. Sonradan yaydılar ki, Əbülfəz bəyi sədr Xudu seçdirib, elə deyil, mən konfransda olmamışam. Bunu hətta Zərdüşt Əlizadə də yazmışdı, bəlkə də düzdür, mənim uşaqlarımın dəstəyi həlledici olub. Əgər konfransda olsaydım, fərqli İdarə Heyəti olacaqdı, çünki nümayəndələrin 50 faizi mənim tərəfdarım idi. Bəli, Əbülfəz bəyin qalib gəlməsində Naxçıvan qrupunun fəallığı, mənimlə münasibəti rol oynadı. Elçibəy də həmin uşaqlarla münasibət qurmuşdu.


– Bəs hansının şansı güclüydü, Elçibəyin, yoxsa Səmədoğlunun?

– Bərəbar ola bilərdi, intəhası, tarixdir də, Naxçıvan qrupu fəallıq göstərdi. “Alimlər qrupu” intelektual, savadlı olsa da, fəal deyildi. Bəlkə Xudu Məmmədov sağ qalsaydı, o AXC-yə sədr seçiləcəkdi, təəssüf ki, onun ölümü sonrakı mənzərəni yaratdı.

Ana səhifəVideo”Xudu Məmmədov sağ qalsaydı, o, AXC-yə sədr seçiləcəkdi”