Xəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq

“Cənab prezident, pulsuz səhiyyə budur?”

Source: Specify Source


Tariyel Əliyevin təcili əməliyyata ehtiyacı var, səhiyyə idarəsi isə ona sığorta məsələlərinin bitməsini gözləməyi məsləhət görüb

“Əzab verən ağrılara artıq dözümüm qalmayıb. Rayonun səhiyyə idarəsi isə deyir, get, birtəhər canını dişinə tut, ölmə, sığorta məsələləri bitəndən sonra hər şey yaxşı olacaq”.

Şəmkirin Təzəkənd kəndinin sakini, 73 yaşlı Tariyel Əliyev prostat adenomasından (prostatın böyüməsi) əziyyət çəkir. Deyir, təcili cərrahiyyə əməliyyatı olunmalıdır, ancaq maddi imkansızlıqdan günbəgün artan ağrılarıyla baş-başa qalıb.


“Lazer əməliyyata maddi imkanım yoxdur”

“Şəmkirdəki həkimlər deyir, yaşın çoxdur, açıq əməliyyatdan sağ çıxmazsan, lazer əməliyyatı təklif edirlər. Mənim də bu əməliyyata maddi imkanım yetmir. Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm. Ötən ilin sonundan nazirliyə bir neçə dəfə məktub yazıb, kömək istəmişəm. Heç bir müraciətimə cavab almamışam”, – şikayətçi deyir.

Tariyel Əliyevin sözlərinə görə, rayon səhiyyə idarəsinə etdiyi müraciətinə cavab verilib ki, birtəhər dözsün, icbari tibbi sığorta məsələləri bitəndən sonra sığortayla əməliyyat oluna biləcək.


“Ağrıdan qovrula-qovrula ölməliyəm?”

“Belə çıxır ki, bu məsələlər başa çatınca mən bu ahıl yaşda ağrıdan qovrula-qovrula ölüb getməliyəm. Ona görə də bu başdan deyirəm, bunların icbari sığorta məsələləri başa çatanadək ağrılara dözməyib ölsəm, bu səhiyyə sisteminin əli mənim qanıma batmış olacaq. Mənim qanım bu yarıtmaz səhiyyənin üzərində, şəxsən səhiyyə nazirinin üzərində qalacaq”, – Tariyel Əliyev bildirir.

copy_of_copy_of_untitled_design.png
“Heç bir müraciətimə cavab almamışam”


“Cənab prezident, pulsuz səhiyyə budur?”

O, artıq dövlətin səhiyyəsindən əlini üzüb və xeyirxah insanlara üz tutub:

“Sözüm ölkənin başçısınadır. Cənab prezident, adını pulsuz səhiyyə qoymusuz, ancaq mənim kimi imkansız insanlar səhiyyənin qapısına gedəndə, pulu yoxdur deyə, “əməliyyata alarıq, sağ çıxmazsan” deyib, insanları qorxudurlar. Verdiyiniz təqaüd hər dəfə qanın müayinəsinə, başqa müayinələrə xərclənir və pul çatmadığı üçün müayinələrim yarımçıq qalır. Budurmu dediyiniz pulsuz səhiyyə? Dövlətin sığortasını gözləməyə səhhətim yol vermir. Kəskin ağrılarım olur, bu yaşda o ağrılara dözmək zülmdür. Dövlətin büdcəsindən səhiyyəyə milyonlar ayrılır, nəyə görə vətəndaşın pulu olmadığı üçün onu xəstəxanadan geri çevirməlidilər? Ancaq bilirəm ki, sizdən də cavab gəlməyəcək. Ona görə də üzümü imkanlı və içində hələ də insanlıq, xeyirxahlıq hissləri ölməyən şəxslərə tutub kömək istəyirəm. Əməliyyatıma yardımçı olsunlar, məni ağrılardan qurtarsınlar”.

Meydan TV müxbiri Səhiyyə Nazirliyindən və Şəmkir Rayon Səhiyyə İdarəsindən məsələyə münasibət öyrənməyə çalışıb. Səhiyyə idarəsindən bildirilib ki, suallarımızı yalnız TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) cavablandıra bilər. Bu ilin əvvəlindən Azərbaycan İcbari Tibbi Sığorta sisteminə keçdiyindən artıq xəstəxanalar bu qurumun tabeliyinə verilib. Bu qurumdan isə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəXəstə: Ölsəm, qanım bu səhiyyə sisteminin üzərində qalacaq