Xədicə İsmayıl

Source: Xədicə İsmayılın şəxsi arxivindən

Caption: Xədicə İsmayıl

Xədicə İsmayıl: Hazırda fəallara təzyiqlər “intim ifşalarla” həyata keçirilir

"Siyasi motivli repressiyaların sayı azalmayıb"

"Hazırda fəallara təzyiqlər şəxsi həyatlarına müdaxilə, “intim ifşalarla” həyata keçirilir"

Son vaxtlar həbs edilmiş fəalların və jurnalistlərin qohumları və bəzi müşahidəçilər Azərbaycanda siyasi məhbus probleminə ictimai marağın və beynəlxalq təşkilatların diqqətinin azaldığını qeyd edirlər.

Araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl isə bu iddialarla razılaşmır.

O, "Turan"a deyib ki, Azərbaycanda siyasi məhbus problemi aktuallığını itirməyib: "Sadəcə, Qarabağ müharibəsi onu bir qədər arxa plana keçirib. Amma siyasi məhbus və siyasi motivli repressiyaların sayı azalmayıb. Doğrudur, indi 2013-14-cü illərdəki kimi məşhur vətəndaş cəmiyyəti fəalları həbs edilmir, amma qanunvericilik səviyyəsində fəaliyyəti məhdudlaşdırılan müstəqil QHT-lərin və ictimai birliklərin fəallığı da azalıb".

"Hazırda fəallara təzyiq və repressiyalar onların gözdən salınması yolu ilə - şəxsi həyatlarına müdaxilə ilə, “intim ifşalarla” həyata keçirilir", - deyə Xədicə İsmayıl qeyd edib.

“Pegasus” qalmaqalı hakimiyyətin tənqidçiləri ilə bağlı “kompromat” yığılması üzrə geniş miqyaslı və sistemli işin göstəricisi olub. Bunun nəticəsində yüzlərlə jurnalist və fəalın izlənməsi və şəxsi həyatlarına müdaxilə faktları ictimailəşib.

Onun sözlərinə görə, ənənəvi siyasi motivli həbslər də, daha az miqyasda olsa da, davam edir.

İsmayıl 14-15 iyul 2020-ci il “Qarabağ” aksiyasının iştirakçıları barəsində olduğu kimi, hakimiyyət tənqidçilərinə şərti cəzalar verilməsi haqqında məhkəmə qərarlarını da “yumşalma” hesab etmir: "Sadəcə, hökumət beynəlxalq ictimaiyyətdə “siyasətin yumşaldılması” haqqında təsəvvür yaratmaq üçün öz opponentlərinə qarşı “alternativ tədbirlərdən” istifadə etmək qərarına gəlib. Amma şərti cəzalar da cəzadır və vətəndaşların siyasi fəallığını məhdudlaşdırır".

Hakimiyyətdaxili çəkişmələrin “qurbanı olduqları” haqqında rəyləri nəzərə alsaq, Eldar Həsənov (keçmiş səfir və sabiq baş prokuror), Cahangir Hacıyev (“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri) kimi yüksək vəzifəli məmurlar barəsində cinayət işlərinin altında siyasi motivlər varmı?

Vaxtilə Fərhad Əliyev və Əli İnsanov məsələsində olduğu kimi onlar da siyasi məhbus kimi tanına bilər?

Xədicə İsmayıl bu suallara cavabında qeyd edib ki, Əliyev və İnsanov mühakimə olunduqları iqtisadi motivlərlə həbs edilsəydilər, onlar siyasi məhbus kimi tanınmazdı: "Onlar ilkin olaraq dövlət çevrilişinə cəhd ittihamı ilə həbs ediliblər, bu, siyasi cinayətdir, amma onların təqsiri sübuta yetirilməyib".

İnsanovun siyasi məhbus hesab edilməsi ilə bağlı vahid rəy olmayıb. Cəza müddətinin bitməsinə bir neçə ay qalmış ona qarşı yeni uydurma ittihamlar irəli sürüldükdə o, siyasi məhbus kimi tanınıb.

“Cahangir Hacıyev məsələsində biz hələ 2010-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nda böyük korrupsiya faktlarını araşdırırdıq. Hacıyevin həyat yoldaşının Londonda böyük xərcləri və böyük daşınmaz əmlak əldə etməsi faktları korrupsiyanı təsdiq edib. Hacıyevin işinin siyasi konteksti həbs edilməsi ilə bağlı deyil, Maliyyə Nazirliyinin işçiləri də daxil olmaqla, bankın vəsaitinin mənimsənilməsinə görə məsuliyyət daşıyan digər məmurların həbs edilməməsi ilə bağlıdır”, - deyə Xədicə İsmayıl bildirib.

Eldar Həsənova gəlincə, Həsənovun özünün bəyanatlarından göründüyü qədər, o, özü korrupsiya faktlarını təsdiq edir, bu əməllərin “dövlət məqsədilə” törədildiyini deyir. Bu zaman Həsənov təfərrüatları açıqlamaq istəmir, bunun “beynəlxalq münasibətləri” korlayacağını bəyan edir.

“Düşünürəm ki, bu, onun siyasi məhbus kimi tanınması üçün çox da yaxşı arqument deyil”, - deyə İsmayıl qeyd edib.

Ümumilikdə, onun sözlərinə görə, bu məmurların işlərində siyasi kontekst onların hələ indi həbs edilməsində və korrupsiya törətdiyi ifşa olunan digər vəzifəli şəxslərin həbs edilməməsindədir.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov da hesab edir ki, Azərbaycanda siyasi motivli həbslər davam edir: “Uzun illərdir Azərbaycanda siyasi məhbusların sayı 100 nəfərdən çoxdur. Bu gün onların sayı 122-dir, onlar arasında jurnalistlər, blogerlər, siyasi fəallar, vətəndaş fəalları, dini fəallar, habelə “Tərtər işi” və Gəncə hadisələri ilə əlaqədar həbs edilmiş hərbiçilər var. Bəziləri azadlığa çıxır, dərhal digərlərini həbs edirlər”.

“Məmurlara qarşı cinayət işlərinə gəlincə, onların bəzilərinin işlərində “gizli siyasi motiv” var. “Doğrudur, onlar “siyasi məhbus” meyarlarına cavab vermirlər, amma bəziləri kobud hüquq pozuntuları ilə qarşılaşırlar. Belə ki, Eldar Həsənov, AİHM-nin qərarına baxmayaraq, lazımi müalicə ilə təmin edilmir. Cahangir Hacıyevin vəkilinin yanına buraxılması ilə bağlı problemləri var idi", - o qeyd edib.

Xarakteristikasından, şəxsiyyətindən və cəmiyyətdə necə qəbul olunmalarından asılı olmayaraq, onlar Konstitusiyada, Avropa Konvensiyasında zəmanət verilmiş hüquqlara malikdirlər və bu hüquqlara riayət olunmalıdır”, - deyə Həsənov qeyd edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/g3dt8g

Most Viewed