Zərdüşt Əlizadə

Source: Meydan TV

Caption: Zərdüşt Əlizadə

Xalqı avam saymayın

Gəlsənə onların yerinə qoyaq indiki Azərbaycan rəhbərliyini?

XX əsrdə Azərbaycan xalqı ilə yalansız, səmimi danışan cəmi iki dəstə siyasətçi olub. Biri başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan Cumhuriyyətini (AC) qurmuş kiçik ziyalı dəstəsi, ikincisi başda Nəriman Nərimanov olmaqla Azərbaycanda dünya zəhmətkeşlərinin qardaşlığının yerli şöbəsini qurmağı arzulayan qarışıq dəstə.

Tarixin amansız gedişi hər iki dəstəni siyasi səhnədən siləndən sonra səhnə keçib peşəkar riyakarların və dəllalların ixtiyarına. Onlar da başlayıblar məzlum və avam xalqa özlərinə xeyir olan nağılları danışmağa. O cümlədən dünənki tarix və sabahkı məqsədlər barəsində. 70 il danışıblar, danışıblar, ta ki, ayaq tutmuş yalan dövləti yeriyə bilməyib süquta uğrayıb.

Bu süqut və onun səbəbləri barəsində növbəti nağıllar uydurulub. O cümlədən “imperiyanı dağıtmış qəhrəman millətçilər” barəsində. Guya Cənubi Qafqazda imperiyanı Levon Ter-Petrosyan, Zviad Qamsaxurdiya və Əbülfəz Əliyev dağıdıblar.

Əslində isə SSRİ-ni elə sovet rəhbərliyi dağıtmışdı. Milli hərəkatlar və onların liderləri isə sovet rəhbərlərinin əlində külüng rolunu oynamışdı.

İndi nə deyirsiniz? Eşq olsun külüngə?

Bu, mənim keçən əsr barəsində bildiyim məlumatdır. Demirəm həqiqətdir, zira hər kəsin öz həqiqəti var. Mənim məlumatıma görə, xalqımızın öz tarixi barədə bildikləri çox yayğın və çoxmənalıdır.

Müxtəsər desək, onu belə də yozmaq olar, elə də.

Lakin bu yozumların gərək bir əndazəsi olsun. Xalqı tam avam saymaq düzgün deyil.

Məsələn, millətçilər deyəndə ki, AC baniləri Cümhuriyyəti istiqlala qovuşdurdular, mən acı-acı gülüb deyirəm ki, “yalançının dədəsinə lənət”.

AC baniləri nəkarə idilər ki, Rus İmperiyasını dağıdıb öz cümhuriyyətlərinə istiqlal təmin edəydilər?

Çar Nikolay Romanovu 1917-ci ilin fevralında rus ordusunun Baş Qərargahı, Müvəqqəti Hökuməti həmin ilin oktyabrında bolşeviklər və sol eserlər devirdilər. Hadisələr vaqe olurdu şəhri-Fitilbörkdə, və heç kəs imperiyanın ucqar vilayəti olan Zaqafqaziyanın paytaxtı Tiflisə zəng vurub gürcü menşeviklərdən, erməni daşnaklardan və tatar musavatçılardan izn və məsləhət istəmirdi.

Nəhəng imperiya gurultu ilə mərkəzdən sökülüb-dağılırdı, zavallı əyalət siyasilərinə şəraitə uyğunlaşıb öz xalqlarına imkan daxilində gün ağlamaq qalırdı.

Çar devriləndən və Rusiyada burjua respublikası elan ediləndən sonra Cənubi Qafqazın üç əsas əhali qrupunu təmsil edən üç siyasi partiyanın ümdə arzusu o idi ki, bu burjua respublikasının tərkibində Cənubi Qafqaz federal qurum kimi muxtariyyət qazansın. İstiqlaldan söhbət getmirdi, zira hamı gözəl anlayırdı ki, ayı yaralı olsa da, ayı olaraq qalır, pəncəsini tərpətsə, vay qurbanın halına!

Lakin hadisələr gözlənilməz səmtə yönəldi, iki sol partiya Müvəqqəti Hökuməti devirib bütün hakimiyyəti Sovetlərə verdi. Dərəbəylik zirvəyə çatdı. Belə olan halda Cənubi Qafqazın (CQ) istiqlal söhbəti gündəliyə gəldi.

Birinci Cahan müharibəsində məğlub olub xırıldayan Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasında danışıqlar başladı. Osmanlıya bütöv CQ əl vermirdi, “ayır-buyur” siyasəti buyururdu ki, CQ kiçik və zəif hissələrə parçalansın. Osmanlının tələbi ilə menşeviklər daşnaklardan və musavatçılardan icazə almadan 1918-ci ilin may ayının 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Daşnaklar və musavatçılar naçar bir-birinə baxdılar və məcbur olub iki gün sonra Azərbaycanın və Ermənistanın müstəqilliyini elan etdilər.

Burada boyat millətçilərin danışdıqları istiqlalçı əfsanələrin pərdəsini yırtan tarixi məlumatın təhkiyəsi qurtarır və başlayır tarixin kinayəsi ilə zavallı xalqımızı minmiş bivec hakim zümrəmizin cəmiyyətə sırımaq istədiyi yeni səfeh nağılın ifşası.

Bu səfeh nağıl nədən ibarətdir? Hakimiyyətimizin elmi və ictimai naib-nökərləri iddia edirlər ki, AC-nin baniləri İrəvanı ermənilərə veriblər. Məndə həmin an sual doğur ki: “İrəvan məgər onların idimi ki, onu ermənilərə versinlər?”

İmperiya sökülüb-dağılır, Rusiyada qanlı vətəndaş müharibəsi başlayır, Zaqafqaziyanın paytaxtı Tiflisdə bir ovuc müsəlman ziyalısı əyləşib bir ovuc erməni ziyalısı ilə öz mübhəm gələcəklərini müzakirə edirlər. Cəmi iki gün bundan öncə evin sahibi sayılan gürcü tərəfdaşları öz müstəqilliklərini elan ediblər. Heç kəsdə heç bir şübhə yoxdur ki, müstəqil Gürcüstanın paytaxtı şəhri-Tiflis olacaq.

Qaldı onun ərazisinə və sərhədlərinə, bu, gələcəyin işidir. Ermənilər batinlərində artıq hansı ərazini gələcək Ermənistana qatmaq niyyətlərini bəsləməyə başlasalar da, bunu açıq bildirmirlər, danışıq və razılaşmalara üstünlük verirlər. Hələliksə təkid edirlər ki, İrəvan onların gələcək dövlətinin paytaxtı olsun.

Niyə İrəvan? Vaqeə ondan ibarətdir ki, müdrik, şərəfli və mərd şah və xan babalarımızın sayeyi-mərhəmətindən bu müsəlman torpaqları xaçpərəst rus imperiyasının çənginə keçəndən sonra çar fərman verib böyük bir ərazini “Armyanskoye Naqorye”, yəni Erməni Yüksəkliyi adlandırıb. Bu İrəvan da həmin bu əraziyə daxildir.

İndi bu bir ovuc müsəlman ziyalısı nə edə bilərdi? Cümhuriyyətin istiqlal elanı var, lakin bu bir parça kağızdan başqa heç nə yoxdur. Ziyalı dəstəsi qonaq qismində əyləşib Tiflisdə, Azərbaycan Cümhuriyyəti adlı dövlətdən əsər-əlamət belə yoxdur: ərazi yox, paytaxt yox, idarə yox, məmur yox, qoşun yox, büdcə yox, beynəlxalq tanınma və təmsilçilik yox...

Hətta müsəlman əhalisinin 99%-i hələ bilmir ki, onlar artıq müstəqil Cümhuriyyətin vətəndaşlarıdır.

Bu zavallılar nə edə bilərdi? Onların heç ağıllarına gələ bilərdimi ki, yüz il sonra Azərbaycanı dünyanın bütün hərrac bazarlarında keçi qiymətinə satmış xələfləri onları dövlətə və xalqa xəyanətdə suçlayacaqlar?

Buradan da danışıqlarda münsif rolunu seçmiş Osmanlı gerçəkliyi anlayaraq buyurur ki, İrəvan gələcək erməni dövlətinin paytaxtı olsun.

Gəlsənə onların yerinə qoyaq indiki Azərbaycan rəhbərliyini? Məhəmməd Əmin Rəsulzadənin yerinə qoyaq indiki prezidenti. Görəsən, zati-aliləri İlham Əliyev cənabları bu imkansızlıq şəraitində nə edə bilərdi?

Baxardı ətrafına, nə Vilayət Eyvazovu, nə Zakir Həsənovu, nə də Mika Cabbarovu görərdi. Nə əli zopalı polis, nə də analoqu olmayan ordu var. Görərdi ki, qarşısında sırtıq daşnaklar durub deyirlər ki, İrəvan bizim paytaxtımız olmalıdır. Daşnaklar deyir ki, xub, Bakı olsun sizin, lakin İrəvan bizim olmalıdır.

İlham müəllim gözəl bilir ki, Bakıda neft var, özü də həmişə, İrəvanda isə analoqu olmayan böyük və dadlı ərik olur, lakin ildə cəmi yarım ay.

Bir tərəfdən dəli şeytan deyir ki, cismani üstünlüyündən istifadə edib bu erməniləri basıb döy! Lakin o biri tərəfdən onlar neft Bakısının Azərbaycana məxsusluğuna şübhə etmirlər.

Nə isə, xəyali təcrübəni qoyub belə bir acı nəticəyə gəldim ki, Məhəmməd Əminin yerində hətta şəxsən İlham müəllim olsaydı belə, hətta yanında yenə tarixin kinayəsi ilə Ramiz Mehdiyev və Əli Həsənov cənabları da peyda olsaydılar, İrəvan yenə Ermənistanın paytaxtı olacaqdı.

Əgər acı tarixi həqiqət bundan ibarətdirsə, ə bə onda niyə rəsmi dövlət təbliğatını yönəldən, onun qəliblərini icad edib zavallı xalqımıza sırıyan bəndələr bu əbləh, məntiqsiz və əsassız uydurmanı ortaya atıb xalqın diqqətini ciddi gerçək müşküllərdən yayındırır, xalqı bölüb çaşdırır, dövlətimizi bədnam edir?

Bu barədə çox düşünmüşəm, inanın, lap çox! Cox təhlil etmişəm, ağla gələn və gəlməyən səbəbləri aramışam. Ağlıma heç bir məntiqi səbəb gəlməyib. Bu barədə o qədər düşünmüşəm ki, bir dəfə yatanda erməni dilində yuxu görmüşəm. Özü də yuxuda erməni dilini anlamışam.

Görmüşəm ki, Ermənistan parlamentinə seçkilərdə Daşnaksutyun Partiyasının sədri Rustamyanla Çiçəklənən Ermənistan Partiyasının sədri Tsarukyan televiziyada debata çıxıblar və bir-birlərinə ittihamlar yağdırırlar. Tsarukyan deyir:

“Siz o partiyasınız ki, 1918-ci ildə Tiflisdə bir ovuc zavallı musavatçılarla müstəqillik məsələsi müzakirə olunanda əzəli-əbədi erməni şəhəri Bakurakerti, xalqımızın beşiyi olan Qandzakı mənfur turkeslərə vermisiniz. Əgər siz həmin vaxt xalqımıza xəyanət edib Bakurakerti gəlmə köçərilərə verməsəydiniz, indi bizim xalqımızın yanacaq problemi olmayacaqdı! Əgər siz Qandzakı turkeslərə verməsəydiniz, xalqımız indi hər gün dünyada misli-bərabəri olmayan Qandzak göyərtisindən və Qandzak qatığından bişirilən Qandzak dovğası yeyəcəkdi!”

Rustamyan cavabında deyir ki: “Cənab Tsarukyanın xalq arasında adı Doddur, yəni “Küt”, yəni “Tupoy”, prezident Sarkisyan bütün siyasilərdən, o cümlədən məndən xahiş edib ki, Tsarukyanı xalqın içində adı ilə çağırıb biabır etməyək, lakin bizim əsl milli partiyamız Daşnaksutyuna qarşı bu axmaq ittihamı səsləndirəndən sonra mənim cənab Tsarukyanı adı ilə çağırmaqdan başqa heç bir çarəm qalmır. Ay Dod, məgər Bakı və Gəncə bizim idi ki, biz onu türklərə verməyəydik? Ay Dod, ay Tupoy, biz daşnaklar bir ovuc adam idik, quru canımızdan savayı heç nəyimiz yox idi, Tiflisdə mehmanxanada yaşayan qonaqlar idik, o yandan da Osmanlı qoşunu hazırlaşırdı Qafqaza girsin... Bizə yox yerdən bir dövlət yaratmaq lazım idi, fikirləşirdik ki, dövləti yaradaq, tanınaq, sonra elə sənin kimi Dod olan turkes siyasilərindən torpaqları almaq asandır, necə ki, aldıq”.

Debatı izləyən erməni seçiciləri Rustamyanın bu sözlərini elə gur alqışladılar ki, mən yuxudan dik ayıldım və... heyfsiləndim.

Əvvəla ona görə ki, Dodun cavabını eşitmədim, ikincisi, oyanandan sonra dəxi erməni dilini bilmədim.

Amma yuxunun bir xeyri oldu. Bildim ki, bizim hakimiyyətin təbliğat strategiyasını hazırlayanlar öz təbliğat qəliblərini Çiçəklənən Ermənistan Partiyasının sədri Tsarukyandan oğurlayırlar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/niz89n

Most Viewed