Vüqar Səfərlinin ev dustaqlığına çıxmaq istəyinə “yox” deyildi

Nadir Məmmədov Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş “Portos” MMC-nin direktorudur.

Source: Foto: sosial şəbəkə


Onun oğlunun da bank hesabına həbs qoyulub

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədov ev dustaqlığına buraxılmaq istəyir. Onların vəkili avqustun 5-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Nadir Məmmədov Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş "Portos" MMC-nin direktorudur.

Onlar daha 9 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Təqsirləndirilən şəxslərdən yalnız onlar ikisi həbsdədir. Digər 9 təqsirləndirilən arasında “Jurnalist evi” MMC-nin direktoru, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, Fondun keçmiş mühasibi Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı olmuş Bəxtiyar Fətullayev və Valeh Orucov da var.

Restoranların icarədarları və vəzifəli şəxsləri Fond rəhbərliyi ilə əlbir olub, orada keçirilən tədbirlər zamanı qiymətlərin şişirdilməsi yoluyla mənimsəmələrdə ittiham olunur.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. Avqustun 5-də məhkəmənin hazırlıq iclasında Vüqar Səfərlinin vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatətini əsaslandırarkən deyib ki, istintaq zamanı dəyimiş ziyan ödənilib: “Maddi ziyan ödənilib. İqtisadi xarakterli cinayətdir”.

Vəkil Vüqar Səfərlinin əmlaklarıyla yanaşı, onun oğlunun da bank hesabı üzərinə həbs qoyulduğunu bildirib. Müdafiəçinin sözlərinə görə, bununla bağlı müvafiq orqanlara ünvanlanmış ərizə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Xahiş edirik, məhkəmə bu məsələ ilə bağlı mövqeyini bildirsin”.

Lakin Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası bu məsələyə bank hesabıyla bağlı məsələyə toxunmayıb.

Təqsirləndirilən Nadir Məmmədovun vəkili də onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Birinci Qarabağ Müharibəsi əlilidir: “Onun cinayət törətdiyi sübuta yetirilməyib. İki dəfə ürəyindən açıq əməliyyat keçirib. Dövlət qarşısında xidmətləri var. “Tərəqqi” medalı ilə təltif olunub”.

Vəkil istintaqda pozuntulara yol verildiyini də vurğulayıb.

Azər Paşayev, Əhməd Quliyev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyası Vüqar Səfərli və Nadir Məmmədovu ev dustaqlığına buraxmaqdan imtina edib. Ümumiyyətlə, müdafiə tərəfinin heç bir vəsatəti təmin edilməyib. Bu iş məhkəmə baxışına verilib. Avqustun 20-dən məhkəmə istintaqı başlayacaq.

Vüqar Səfərli dövlət satınalmalarıyla bağlı qanunvericiliyin tələblərinin pozulması, özünə yaxın şirkətlərin tenderlərdə qalib elan edilməsi, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, media işçiləri üçün binaların tikintisi və təmiri zamanı 18 milyon 500 min manatlıq yeyinti, həmçinin cinayət yoluyla əldə əldə edilmiş 5 milyon 700 min manat vəsaitinin leqallaşdırması kimi əməllərdə təqsirləndirilir.

Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham irəli sürülüb.

62 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. 2021-ci ildə – həbsindən sonra bu vəzifədən azad edilib.

Vüqar Səfərli həbsindən öncə verdiyi açıqlamalarda Fondda mənimsəmə hallarıyla bağlı iddiaları rədd edib.

Ana səhifəSiyasətVüqar Səfərlinin ev dustaqlığına çıxmaq istəyinə “yox” deyildi