Vəkili: Mehman Hüseynov mənə hər hansı müraciət barədə danışmayıb

İqtidar mediası blogerə məxsus olduğu deyilən müraciət yayıb

Source:
Mehman Hüseynov
Mehman Hüseynov


İqtidar mediası blogerə məxsus olduğu deyilən müraciət yayıb

Azərbaycanda

hakimiyyətyönümlü media

hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynova məxsusluğu iddia edilən müraciət yayıb.

Müraciətdə deyilir:

“Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.

Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə öz minnətdarlığımı bildirirəm”.

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova isə Meydan TV-yə deyib ki, Mehman Hüseynovla yanvarın 10-da saat 3-də görüşüb. Bloger ona hər hansı müraciət haqda danışmayıb və belə bir niyyətinin olduğunu hiss etdirməyib.

“Mən də bu müraciəti mediadan oxumuşam. Bundan öncə də Mehman Hüseynovun aclıq aksiyasını dayandırması ilə bağlı akta imza atdığı barədə

məlumat

yayılmışdı. Mehman mənə dedi ki, o, belə bir akt imzalamayıb”, – vəkil deyib.

Şəhla Hümbətova onu da vurğulayıb ki, Mehman Hüseynov yalnız süd məhsullarından istifadə edir, qatıq, yoqurt yeyir: “Bunu da mədə ağrılarına görə edir. Özü dedi ki, martın 2-nə qədər süd məhsulları istisna olmaqla heç nə yeməyəcək”.


Mehman Hüseynov

aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Ana səhifəXəbərlərVəkili: Mehman Hüseynov mənə hər hansı müraciət barədə danışmayıb