Uşaq bağçaları – qiymətlər, qeyri-rəsmi ödənişlər

Qeyri-rəsmi ödənişlər uşaq bağçasının durumunun yaxşı və təmirli olduğundan asılı olaraq böyüyür

Source: İfact.ge


Qeyri-rəsmi ödənişlər uşaq bağçasının durumunun yaxşı və təmirli olduğundan asılı olaraq böyüyür

Təhsilin inkişafı üzrə dövlət strategiyasında Azərbaycan yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsilərinin olmadığı qeyd edilir (https://president.az/articles/9779). Sənəddə erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faizə çatdırılması əsas hədəflərdən biri kimi qoyulsa da, manatın devalvasiyasından sonra ölkə iqtisadiyyatının zəifləməsi nəticəsində nəzərdə tutulan layihələri həyata keçirmək mümkün olmadı.

2013-cü ildə qəbul olunan bu strategiyadan sonra 2015-18-ci illər ərzində 30-u dövlət, 50-si özəl olmaqla 80 məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilsə də, bu, tələbatın çox cüzi hissəsini ödəyə bilib.

Ötən ilin göstəricilərinə görə, Azərbaycanda 1-5 yaşarası 700 000 uşaq var. Hazırda yalnız 124 221 uşaq 1785 uşaq bağçasında məktəbəqədər təhsildən yararlana bilir.

Bu müəssisələr respublika üzrə 1-5 yaşlı uşaqların 26,7 faizini əhatə edir. Bu göstərici kənd yerlərində, ümumiyyətlə, acınacaqlıdır. Kəndlərdə cəmi 720 uşaq bağçası fəaliyyət göstərir. Həmin bağçalara gedən 1-5 yaşlı uşaqların ümumi sayda çəkisi isə 16.6 faiz təşkil edir. Şəhər yerində bu göstərici 37,4 faizdir.

Bu gün Azərbaycanda normal bağça tapıb uşağı qoymaq valideynlər üçün ən böyük problemlərdən biridir. Bu vəziyyət isə sözügedən təhsil müəssisələrinin müdirlərinə və yerli icra hakimiyyəti orqanlarına sərf edir. Çünki tələbat artdıqca, qeyri-rəsmi ödənişlər də yüksəlir. Qeyri-rəsmi ödəniş Bakı ərazisində 150-400 manat arasında dəyişir. Ölkədəki orta aylıq əmək haqqı isə 542 manat təşkil edir.

Bütün sadalananlara daha aydın tablo yaratmaq üçün iFact.ge-nin müxbiri və eyni zamanda valideyn, ötən il Bakıda iyul və avqust aylarında bir neçə uşaq bağçasına baş çəkib. Müxbir yaşadığı ərazilərə yaxın təhsil müəssisələrini seçib ki, rəhbərliklər daha az bəhanələr gətirə bilsinlər.

Bakının Xətai rayonunda “Uşaq qəbulu dayandırılmışdır” sözləri yazılsa da, müxbir direktorla görüşməyə cəhd edib.

İlk olaraq, “bağçamızda yer yoxdur” deyib müxbiri qəbul etmək istəməsələr də, daha sonra onun adını qeydiyyata salmağın mümkün olduğu bildirilib:

“Növbəniz çatanda sizinlə əlaqə saxlayarıq. Tələb olunan sənədləri də gətirərsiniz”.

“Növbəmiz çatarsa, o zaman necə hazırlıqlı gələk? “Hörmət” nə qədər olacaq?” deyə sual edən müxbirə onun problemli adama oxşamadığı və ona görə uşağın qəbul ediləcəyi bildirilib: “Bizim bağçada 3-dür (yəni 300 manat-red.), yəqin buna imkanınız çatar…”

Qeyri-rəsmi ödənişlər uşaq bağçasının durumunun yaxşı və təmirli olduğundan asılı olaraq böyüyür.

Mingəçevir şəhərində yaşayan valideyn isə deyir ki, təmirsiz bağçalara uşaq qəbulu üçün qeyri-rəsmi ödəniş 20-30 manat, təmirli bağçalarda 50-100 manat arasında dəyişir.

Təhsilin bu pilləsi pulsuz olduğu halda hər ay fond pulu adı ilə 20 manatdan başlayaraq pul yığılır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov iFact.ge-yə bildirib ki, heç bir dövlət bağçasında fond pulu və ya uşaq qəbulunda pul tələb oluna bilməz; “Əgər valideyn belə bir halla rastlaşarsa, yerli icra qurumlarına, hüquq-mühafizə orqanlarına müraciət edə bilər”.

Azərbaycan Dövlət Statistikası Komitəsinin 2018-ci ilin yanvar ayına olan hesabatlarında hazırda ölkədə 1785 məktəbəqədər təhsil müəssisəsi var.

Ölkədəki məktəbəqədər müəssisələrində yerlərin sayı isə 140 575 göstərilsə də, həmin yerlərin cəmi 124 221-nə uşaq qəbul olunub.


https://create.piktochart.com/output/34161965-untitled-infographic

– müəllifin hazırladığı infoqrafika

Əgər bağçalarda boş yerlər varsa, o zaman uşaq niyə qəbul edilmir? O zaman sıxlıq haradan yaranır? Bağçaların bir çoxunun fiziki durumu da pis vəziyyətdə olur. Valideynlər yaşadıqları ünvana yaxın bağça axtarmaqdan əlavə, onların böyük hissəsi övladını uşaq bağçasına qoymaq üçün mütləq vasitəçi də axtarmağa çalışır.

Bakının 88 saylı bağçasının müdirəsi Ülviyyə Məmmədova deyir ki, bağçalarında Dağlıq Qarabağdan məcburi köçkünlər yaşadığına görə, cəmi 4 qrup fəaliyyət göstərir. Əgər məcburi köçkünlər çıxarılarsa, o zaman həmin otaqlarda yeni qruplar açmaq olar.

Qanuna görə, bağçada 1-3 yaşarası uşaqların sayı bir qrupda 15-i, 4-6 yarası uşaqlarıns ayı isə bir qrupda 20-ni keçməməlidir. Bağça müdirləri isə qeyri-rəsmi şəkildə qruplara tez-tez əlavə uşaqlar da götürürlər: “Ümumiyyətlə, bu gün bağçalarda yer tapmaq çətindir. Harada bağça tapa bilsəniz, sevinin ki, uşağı qoya bilmisiniz”, – deyə bağça müdiri bildirib.

Azərbaycan Təhsil İnstitutunun İnformasiya Şöbəsinin müdiri Kənan Kərimli deyir ki, uşaqların məktəbəqədər təhsil əhatəliyini artırmaq üçün UNICEF və Avropa İttifaqı ilə birgə layihə həyata keçirirlər. UNICEF-lə birgə həyata keçirilən layihə çərçivəsində 2018-ci ildə 3-4 yaşlı uşaqlar üçün il 50-yə yaxın icma əsaslı məktəbəqədər təhsil qrupları açılıb.

Məqsəd 800-1000 uşağın məktəbəqədər təhsil almasına yardım etməkdir. Dərslər icmaların razılığı əsasında həftədə 2-5 gün arası ola bilər. Tədris saat 2-4 saat arası davam edir.

Digər bir layihə isə Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihəyə artıq bu ilin yanvar ayından start verilib və 800 uşağın layihəyə cəlb edilməsi planlaşdırılıb. Bu proqramda 50 icma qrupunun yaradılması və dərslərin həftədə 4 dəfə, 2-2.5 arası keçirilməsi nəzərdə tutulub.

Həftəiçi beş gün və saat 8-18.00 arası fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin aylıq ödənişi ən azı 200 manat təşkil edir. iFact.ge-nin müxbiri Sumqayıt şəhəri, Bakıxanov və Əhmədli qəsəbələrində fəaliyyət göstərən bir neçə özəl bağçanın aylıq ödənişləri ilə maraqlanıb. Burada qiymətlər 300-400 manat, SABIS SUN Beynəlxalq İngilis dilli məktəbdə isə illik ödəniş 12 768 manat təşkil edir.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, özəl məktəbəqədər təhsil müəssisələrinə 3838 uşaq cəlb edilib.

Təəssüf ki, ölkədə nə qədər bağçanın təmirli olmasına dair statistika açıq deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun mediaya verdiyi açıqlamalardan məlum olur ki, paytaxtda 464 bağçanın 174-ü əsaslı təmir

olunub

. Bağçaların böyük bir hissəsi təmirsiz olduğundan valideynlər övladlarını bura qoymaqdan imtina edir.

Məsələn, Bakının Sabunçu qəsəbəsi paytaxtın ən böyük qəsəbələrindən biridir. Amma ərazidə cəmi 1 bağça var, orada da vəziyyət çox açınacaqlıdır. 7 saylı bağçaya təqribən 120-dən çox uşaq gəlir, bir hissəsində isə məcburi köçkünlər yerləşir.

Fotodan da göründüyü kimi, bina qəzalı vəziyytədədir, hər an uçulma təhlükəsi var.

Məcburi köçkünlərin müvafiq dövlət qurumlarına etdiyi şikayətdən sonra “Azəriqaz” binaya verilən qazı kəsməli olub. Hazırda paytaxtda yerləşən bu bağçada uşaqlara yemək bişirmək üçün şəkildə görünən çır-çırpıdan istifadə edilir və istilik sistemi dayandırılıb.

Mingəçevir şəhərində hazırda cəmi 22 bağça var. Söbhət etdiyimiz valideyn deyir ki, onun çox az hissəsi əsaslı təmir olunub. Şəhərdəki bağçalardan bir neçəsi tamamilə təmirsizdir: “Kosmetik təmirlə döşəmənin, tavanın deşiklərini örtməyə çalışılır, qapı pəncərələr köhnə, istilik sistemi yoxdur. Belə bağçalarda uşaqlar çox azdır. Yalnız əlacsız valideynlər uşaqlarının ora qoyurlar”.

2015-ci ildə Sumqayıt şəhərində 57 uşağ bağçasının olduğu

bildirilir

. Hazırda onlardan 40-nın hələ də təmirə ehtiyacı var.

1991-2018-ci illər ərzində Azərbaycandakı məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1785-ə enib.




– müəllifin hazırladığı infoqrafika

Səbəblər:

– işğal edilmiş Qarabağ ərazisində yerləşən bağçaların bağlanılması;

– 2006-cı ildə prezidentin sərəncamı ilə 240 bağçanın özəlləşdirilməyə

çıxarıldı

. Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2006-2010-cu illər ərzində özəlləşdirilməyə çıxarılan 240 bağçaların yalnız 86-sı özəlləşdirilib. Bir çox müəssisə özəlləşdirildikdən sonra biznes məqsədlərində istifadə edilib;

– təmirsiz qaldığından əksər binaların istifadəyə yararsız hala düşməsi və fəaliyyətin dayandırılması və s.

“XXI əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev deyir ki, hökumət məktəbəqədər təhsil problemini həll etmək üçün 2011-ci ildə özəlləşdirilmədən istifadə etmək istədi, lakin bu siyasət tam bir fiaskoya uğradı: “Özəlləşdirilmə proqramında bağçaların profilini dəyişdirilməməsi xüsusi qeyd edilirdi. Amma onların böyük əksəriyyəti profilini dəyişdi və biznes obyektlərinə çevrildi”.

Ana səhifəAraşdırmaUşaq bağçaları – qiymətlər, qeyri-rəsmi ödənişlər