Üryanoba sakinləri: Dörd işbaz və bir məmur əjdaha kimi suyun üstündə oturub

“Torpaq əkilmədikcə, suvarılmadıqca şoranlaşma gedir, gələcəkdə bu kənddə bir ot da bitməyəndə gec olacaq”.

Source: Specify Source


“İki il ərzində quyunun da faydasını görməmişik, yalnız məmurun 6 hektarlıq əkin sahəsini təmin edir”

“45 il əvvəl özümüz kəndin yuxarı hissəsində – bizdən 1,5 kilometr aralıda su hövzəsi yaratmışıq, bulaqlardan ora su yığılırdı, o su da əkin sahələrimizə gəlirdi, heç vaxt su problemi yaşamırdıq. 4 il əvvələdək əkin, bağ sahələrimizi o hövzənin suyuyla təmin edirdik. 4 ildir ki, dörd nəfər çöküb o hövzəyə, hərəsi bir qurğu qoşub, suyu sümürürlər, kəndlilərin əkin yerlərinə su gəlib çatmır”.

Bunu Meydan TV-yə Xaçmazın Üryanoba kənd sakini Xalid Misirxanov deyir. Onun sözlərinə görə, əvvəllər bu kənddə suvarma suyu üçün məəttəl qalmayıblar. Ancaq kənardan gəlib burada hektarlarla əkin yerləri icarələyən bir neçə işbaz bütün kəndin əkin sahələrini susuz qoyub.


“Hövzənin suyunu qurğularla sovururlar, əkin sahələrimizə su gəlib çatmır”

“Bilmirik kimdilər, kənardan gəliblər. Ümumilikdə 20 hektar yerləri var. Hər gün hərəsi 3 saat qurğu işlədir. Həmin qurğular saatda 90 ton su vurur. İndi özünüz hesablayın, hər qurğu gün ərzində 3 saat işləyəndə bu, hər qurğu üçün 270 ton su deməkdir. Bu 270 ton suyu da 4 qurğuya vuranda 1080 ton edir. Gün ərzində 1080 ton su bu dörd işbazın 20 hektarlıq əkin sahəsinə axır, nəticədə kəndlilərə məxsus ümumilikdə 60 hektar əkin sahələrinə su gəlib çatmır”, – şikayətçi deyir.


“Artezian quyusunun üstündə də bir məmur oturub”

Xalid Misirxanov deyir, 2 il əvvəl kənddə artezian quyusu qazılıb. Ancaq kəndlilər o quyunun da xeyrini görə bilmirlər:

“O quyunu da gətirib bizdən aşağıda – 2 kilometr aralıda – bir məmurun əkin sahəsinin yanında qazdılar, xeyrini elə o görür. O da həmin quyunu sümürür öz əkin sahəsinə. Deyirik, pulun, varın, dövlətin başından aşır, bu quyunu qazdırmaq qurğusuyla birlikdə qoy eləsin 30-40 min manat. Sənin imkanın, gücün azı on belə quyu qazdırmağa çatar. Gərək elə kasıb kəndliyə çatası quyunu özününküləşdirəydin? Beləcə, 2 il ərzində o quyunun da faydasını görməmişik, yalnız məmurun 6 hektarlıq əkin sahəsini təmin edir”.


“Kəndlilər rayon mərkəzinə köç edirlər”

Kənd sakininin deməsinə görə, susuzluq insanları kənddən uzaqlaşdırır:

“Bizim əsas məşğuliyyətimiz bağçılıq, bostançılıq, əkin və heyvandarlıqdır. Ruzimiz də bu məşğuliyyətdən çıxır. Su olmayan yerdə əkindən, heyvandarlıqdan danışmağa dəymir. Ona görə də insanlar bezib rayon mərkəzinə köç edirlər. Burda ev-eşiklərinin qapısını qıfıllayıb, gedib mərkəzdə kirayə ev tutub, fəhləlik, taksi fəaliyyətləriylə məşğul olmağa üstünlük verirlər. Torpaq əkilmədikcə, suvarılmadıqca şoranlaşma gedir, gələcəkdə bu kənddə bir ot da bitməyəndə gec olacaq”.

Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd sakinləri su hövzəsindən istifadə edirlər, sadəcə, havaların quraqlıq keçməsi hövzədəki suyun səviyyəsinə də təsir göstərir. Kənddəki artezian quyusunun yalnız bir nəfərin istismarında olmasıyla bağlı deyilənlərə gəlincə, qurum bunu da yalanlayıb. Bildirilib ki, regionlarda suvarma sisteminin inkişafı proqramına uyğun olaraq Xaçmazın kəndlərində ümumilikdə 18 artezian quyusu qazılıb, bununla da həmin kəndlərdə suvarma problemi həll olunub. Bu kəndlərdən biri də Üryanobadır. Artezian quyusu qazılarkən kəndlilərin fikri də öyrənilib və onların razılığı ilə hazırda yerləşdiyi nöqtədə qazılıb, quyudan vurulan su kəndlilərin də əkin sahələrində istifadə olunur. Ancaq kənd sakini Xalid Misirxanov qurumun sözləriylə razılaşmır, o, bildirir ki, onlar artezian quyusunun varlığından qazılandan bir müddət sonra xəbər tutublar və quyu qazılarkən kəndlilərin fikri öyrənilməyib.

Üryanoba kəndi 1954-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti icarə müddətini 2004-cü ilədək uzadıb. 2010-cu ildə Azərbaycanla Rusiya arasındakı razılığa görə, bu kənd Azərbaycanın ərazisi kimi qəbul edilib.

Ana səhifəBölgəÜryanoba sakinləri: Dörd işbaz və bir məmur əjdaha kimi suyun üstündə oturub